Qonşu ölkədə 53 at güllələnib

12 Yanvar 2022 18:06

Altay diyarı polisi Petropavlovsk vilayətində naməlum şəxslər tərəfindən güllələnmiş 53 atın ölümü ilə bağlı cinayət işi açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Altay diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"At ilxısının güllələnməsilə bağlı ixtisaslaşdırılmış istintaq-əməliyyat qrupunun yaradılması barədə göstəriş verilib. Hazırda polis əməkdaşları hadisənin bütün təfərrüatlarının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Zəruri ekspertiza və araşdırmalar aparılır", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsi (başqalarının əmlakını qəsdən məhv etmək və ya zədələmək) üzrə aparılır.

Milli.Az