Ötən il Azərbaycanın hava limanlarında 3 milyona yaxın sərnişinə xidmət göstərilib

11 Yanvar 2022 18:04

2021-ci ilin yanvar ayından dekabr ayınadək Azərbaycanın hava limanlarında 2,93 milyon sərnişinə xidmət göstərilib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, bu göstərici COVID-19 pandemiyasının başlanması, beynəlxalq hava əlaqəsinin ləğvi və sərhədlərin bağlanması ilə əlaqədar sərnişin aviadaşımalarının dayandırıldığı 2020-ci ilin statistikasından iki dəfədən də çoxdur.

Sərnişinlərin ümumi sayından 2,39 milyon sərnişin beynəlxalq reyslərin payına düşüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas aviadaşıyıcıları - AZAL və "Buta Airways" aviaşirkətləri tərəfindən müvafiq olaraq 874,5 min və 250 min sərnişin daşınıb.

Beynəlxalq reyslərin ümumi sayından AZAL-ın payına 38,2%, "Buta Airways"in payına isə 10,9% düşüb.

Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa reyslər həyata keçirir.

Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistana uçuşlar həyata keçirir.

Milli.Az