Bakıda kasıbları təhqir edən "Gelandewagen" sürücüsü üzr istədi - YENİLƏNİB - VİDEO

11 Yanvar 2022 19:34

19:34

Bakıda kasıbları təhqir edən "Gelandewagen" sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılmışdır.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılmış və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib.

-------

17:44

Daxili İşlər Nazirliyi Bakıda aztəminatlı ailələri qəhqir edərək küçədə yüksək sürətlə hərəkət edən "Gelandewagen" sürücüsü ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək.

-------

17:06

Bakıda "Gelandewagen" idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: "Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!".

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.

Milli.Az