Turan şagirdi döyən müəllimlərə haqq qazandırdı

11 Yanvar 2022 20:24

Aparıcı Turan İbrahimov son günlər müəllimlərlə bağlı yayılan və tənqid edilən xəbərlərə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, müəllimin şagirdi vurmasına haqq qazandırıb:

"Bizim vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik valideynimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Haqqına... Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə, yerimizi bilmişik, başqasının da yerini dar etməmişik.

Bu nədir? Müəllimlər uşağa səsini qaldıran kimi sosial şəbəkələrdə hay-küy qopur. Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik inistitunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb daha da azğınlaşacaq.

Şəxsən mən oğluma demişəm ki, eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə. Müəllim haqsız olsa belə, bunu böyüklər çözməlidirlər. Uşaqlar üçün isə haqlı olan, həmişə müəllim olmalıdır".

Qeyd edək ki, bu günlərdə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb və nəticədə məktəbin direktoru Zinyət Əhmədovaya "Müəllimlərin etik davranış Qaydaları"nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Milli.Az