Yenilənmiş 50 manatlıq beynəlxalq müsabiqədə finala çıxdı

11 Yanvar 2022 11:58

ABŞ-ın tanınmış "Beynəlxalq Pul Nişanları Assosiasiyası" (IACA-ABŞ) tərəfindən "2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı" nominasiyası üzrə beynəlxalq müsabiqə keçirilmiş və bu müsabiqəyə dünya ölkələrinin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi bankları tərəfindən 2021-ci ildə tədavülə buraxılmış pul nişanları cəlb edilmişdir.

Milli.Az Mərkəzi Banka istinadən xəbər verir ki, müsabiqə nəticəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən 2021-ci ilin əvvəlindən yenilənərək tədavülə buraxılmış 50 manatlıq pul nişanı 2022-ci ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilmişdir.

Qeyd edək ki, bundan əvvəl yeni 50 manatlıq pul nişanı 2021-ci ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda "ən təhlükəsiz mühafizə sisteminə malik banknot" nominasiyası üzrə qalib seçilmişdir.

Bildiririk ki, "Müstəqil Azərbaycan" mövzusuna həsr olunmuş milli pul nişanları konsepsiyası çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmiş yenilənmiş 50 manatlıq pul nişanı üzərində inkişaf rəmzi olan - "Pillələr", təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı", "Şagird", "Tələbə" təsvirləri, milli xalça naxışları və ornamentlər təsvir edilmiş, ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilmişdir.

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Milli.Az