Müstəntiqin kobud pozuntulara yol verdiyi dəhşətli cinayət işinin detalları - FOTO

11 Yanvar 2022 12:06

Şəmkirdə ötən ilin iyul ayında arvadına xəncərlə 10 dəfə zərbə vuran, qayınanasını öldürən İntizam Hüseynovun cinayət işi üzrə istintaqı kobud pozuntularla araşdıran prokurorluğun böyük müstəntiqi Nicat Məmmədli barəsində xüsusi qərardad çıxarılıb. İstintaq təkrar aparılıb və pozuntular aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə göndərilib. Bu gün saat 12-də Gəncə Ağır Cinayət Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə ilkin hazırlıq iclası keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərarı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim Xəqani Səmədov çıxarıb. İstintaq zamanı kobud qanun pozuntularına yol verildiyindən cinayət işinin baxılmasına xitam verilib və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

İttihama görə, 45 yaşlı İntizam Hüseynov iyulun 13-də saat 19 radələrində aralarındakı mübahisələrə görə ondan ayrılıb anası ilə yaşayan arvadı 21 yaşlı Mahizər Hüseynovanı və qayınanası 48 yaşlı Sədaqət İbadullayevanı babasından miras qalan xəncərlə vurub. Nəticədə S.İbadullayeva ölüb. Mahizər Hüseynov İntizamın əmisi qızı olub. Bu evlilik isə İ.Hüseynovun ikinci nikahı olub.

O, qayınanasının evinə gələrək tövlənin qarşısında xəncərlə sinəsindən vuraraq xəsarət yetirib, həmin vaxt Sədaqət İbadullayeva onun əlindən çıxaraq qaçıb. Bundan sonra İntizam Hüseynov "övladın Mahizərin başını kəsəcəyəm" deyərək arvadı Mahizərin olduğu otağa gedib. Qayınanası öz qızını qorumaq üçün yaralı halda onun arxasıyca qaçsa da, İntizama maneə ola bilməyib. İ.Hüseynov arvadına sinəsindən 2 dəfə, ayağından 1 dəfə, qolundan 1 dəfə və bədənin digər hissələrindən ümumi 8 dəfə xəncərlə xəsarət yetirib. Daha sonra qayınanası ona çataraq əlavə zərbələr vurmasına maneə olub. Bunun ardınca bacısı yerdən götürdüyü tut ağacının budağı ilə İntizamın kürəyindən vurub. Bu müqavimətə görə İntizam arvadını öldürə bilməyib.

Bundan sonra İ.Hüseynov yaralı olan qayınanasını sinəsindən və kürəyindən 3 dəfə xəncərlə vurub. Bu xəsarətlər nəticəsində S.İbadullayeva ölüb.

İntizam Hüseynov cinayət əməllərinə davam edərək qaynının 3 yaşlı oğlu Qəribi öldürəcəyi ilə hədələyib, onların soyunu kəsəcəyini deyərək uşağa və onu qucağında tutan anasına hücum edib. Onları xəncərlə vurmaq istəyəndə arvadı Mahizər yaralı halda onun qarşısını kəsərək özünü zərbənin önünə atıb, nəticədə xəncər onun əlini iki yerdən parçalayıb. Həmin anda anası 3 yaşlı Qəribi qucağına götürərək oradan qaçıb. Buna görə də İntizam Hüseynov 3 yaşlı uşağın və onun anasını öldürmək niyyətini həyata keçirə bilməyib.

Hadisədən sonra saxlanılan İntizam Hüseynovun evindən pulemyotlarda istifadə edilən patron aşkar edilib.

İşi araşdıran Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi Nicat Məmmədli cinayət işinin istintaqını yekunlaşdıraraq materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.

Məhkəmənin hazırlıq iclası zamanı Baş Prokurorluğun dövlət ittihamçısı Zaur Qasımov müraciət edərək bildirib ki, istintaq zamanı Cinayət Prosesual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verən Şəmkir rayon Prokurorluğunun böyük müstəntiqi Nicat Məmmədli barəsində xüsusi qərar çıxarılmasını istəyir.

Vəsatətdə qeyd edilib ki, iş üzrə İntizam Hüseynova qaynı arvadı və onun 3 yaşlı oğlu Qəribi öldürməyə cəhd etmək ittihamı verilsə də, həmin şəxslər zərərçəkmiş şəxs kimi tanınmayıblar. Həmçinin, 3 yaşlı Qərib üçün qanuni nümayəndə təyin edilməyib.

Məhkəmə tibbi ekspertizasının rəyi ilə Sədaqət İbadullayevanın ölümünün səbəbi müəyyən edilsə də, İ.Hüseynova verilən ittihamda ölümünün səbəbi göstərilməyib.

Ekspertin rəyində Mahizər Hüseynovanın bədəni üzərində 10 ədəd xəsarət olması qeyd edilsə də, İ.Hüseynova verilmiş ittihamda onun cəmi 8 ədəd xəsarət alması qeyd edilib. İttiham aktında İ.Hüseynova işin faktiki hallarına uyğun gəlməyən qeyri müəyyən ittiham verilib.

Hakim Xəqani Səmədovun qərarı ilə Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham edilən İntizam Hüseynov barəsindki cinayət işi kobud pozuntularla aparıldığından prokurorluğa geri qaytarılıb, müstəntiq barəsində xüsusi qərardad çıxarılıb.

Qərarda göstərilib ki, istintaqı aparan Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi Nicat Məmmədli Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərini kobud surətdə pozduğuna görə onun barəsində müvafiq tədbirlərin görülməsi üçün Baş Prokuror Kamran Əliyevə məlumat verilsin.

Milli.Az