“Omikron” ştamının əlamətləri bədənin hər yerində özünü büruzə verə bilər

10 Yanvar 2022 22:26

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə koronavirusun "omikron" variantı, ola bilər ki, ilkin SARS-CoV-2 virusu ilə müqayisədə daha yüngül yayılsın, "delta" ştamı ilə müqayisədə nə dərəcədə yüngül yayılması isə hələ ki, məlum deyil. Görünür müasir vaksinlər müəyyən dərəcədə müdafiəni təmin etməlidir, lakin, revaksinasiya ən yaxşı müdafiədir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hətta bundan əvvəl sizdə koronavirusun digər ştamı olubsa, "omikron" variantına yoluxa bilərsiniz.

Simptomların müəyyən edilməsi və özünü təcridetmə, variantın yayılmasını dayandırmağa kömək edə bilər. CDC bildirir ki, COVID-19-a yoluxan insanlar bütün bədəndə özünü büruzə verə bilən simptomlar da daxil olmaqla, "geniş simptomlar spektri"ndən bəhs edirlər.

Həqiqətən də, siz əzələlərdə və ya bədəndə ağrı, eləcə də koronavirusun bir sıra digər mümkün əlamətlərini hiss edə bilərsiniz. Onlara təngnəfəslik və ya nəfəs darlığı, yorğunluq, başağrısı və ya boğaz ağrısı, burun tutulması və ya zökəm, ürəkbulanma və ya qusma və ishal aiddir.

Əlamətlər yüngül simptomlardan ağır xəstəliyə qədər dəyişə bilər, bəziləri isə tibbi yardım tələb edə bilər. Ehtimal edilir ki, simptomlar virusla təmasdan 2-14 gün sonra əmələ gələ bilər və hər hansı bir insanda yüngül dərəcədən ağır dərəcəyədək hiss oluna bilər.

CDC əlavə edir ki, siz COVID-19 üçün "təcili xəbərdaredici işarələr"i axtarmalı və bir sıra əlamətlər üzrə "dərhal təcili tibbi yardıma müraciət etməlisiniz". Məsələn, solğun, boz və ya göy dəri, dodaqlar və ya dırnaqlar görsəniz həkimə müraciət etməlisiniz.

Bu təxirəsalınmaz əlamətlərə, həmçinin nəfəs darlığı, davamlı sinə ağrısı və ya təzyiq, yeni şüur qarışıqlığı daxildir.

Milli.Az