Qırğızıstan rəsmiləri Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı bu ölkəyə nota göndərib.
Bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.
"Biz Qazaxıstana nota vermişik və bu işlə bağlı bütün məlumatları göndərmişik", - deyə o bildirib.
Hazırda təxminən 20 nəfərə yaxın Bişkek sakini ölkədəki Qazaxıstan səfirliyinin önündə etiraz aksiyası keçirir. Onlar Qazaxıstanda saxlanılan qırğız musiqiçi Vikram Ruzaxunovun sərbəst buraxılmasını tələb edirlər.
"Qazaxıstanda saxlanılan qırğız musiqiçi Vikram Ruzaxunov terrorçu deyil", - Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Qamçıbek Taşiyev deyib.
"O, terrorçu deyil. Sadəcə olaraq, istintaq aparan adamlar ya səhvə yol veriblər, ya da o cür rəftar etmək istəyiblər. Bir daha ölkəmizin xüsusi xidmət orqanlarının rəhbəri kimi məsuliyyətlə bildirirəm ki, o, terrorçuluğa cəlb oluna bilməz. Ola bilsin ki, o, təsadüfən yanlış zamanda yanlış yerdə olub", - Taşiyev bildirib.
Qeyd edək ki, ötən gün Qazaxıstanda aksiyalarda tutulan Qırğızıstan vətəndaşının açıqlaması yayılmışdı. Açıqlamasında bildirmişdi ki, 200 dollar qarşılığında Qazaxlstanda iğtişaşlarda iştirak etmək üçün naməlum adamlar tərəfindən ona zəng olunub.
Bu gün isə məlum olub ki, işsiz və terrorçu kimi təqdim olunan həmin şəxs Qırğızıstanın məşhur musiqiçisi Vikram Ruzaxunovdur.
Milli.Az