Bir kişi, arvadını şahidsiz boşaya bilərmi?

11 Yanvar 2022 22:50

Boşanma məsələsində Allah bütün qaydaları bizə göstərmiş və buna "hududullah" yəni "Allahın sərhədləri" adını vermişdir. Eyni zamanda "Talaq" yəni "boşanma" adında bir surə nazil etmişdir.

Uca Rəbbimiz, Talaq surəsi 1-ci ayəsində biz kişilərə, bir qadını boşamaq istədiyimiz vaxt, onu "iddətləri içərisində" yəni, təmizlik müddətləri içərisində boşayın və "iddətlərini də sayın" buyurmaqdadır. Bu iddə müddətlərini də Bəqərə surəsi 228-ci ayəsində bildirməkdədir:

"Boşanmış qadınlar üç təmizlik müddəti gözləməlidirlər..."

Bu ayəyə görə, kişi arvadını adətli halda boşamamalıdır. Aybaşı görmədiyi təmizlik halında boşamalıdır. Bu müddət ərzində kişi istərsə öz fikrindən daşına bilər. Əgər bu müddət bitərsə, Talaq surəsi 2-ci ayəsində göstərdiyi kimi:

"İddət vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Kim Allahdan çəkinərsə Allah ona çıxış yolu göstərər."

Ayədə açıq-aşkar gördüyümüz kimi, arvadını boşamaq istəyən bir kişi, iddə müddəti bitdikdən sonra, əgər təzədən arvadına sahib olmaq istəmirsə, aralarında iki güvənli şahid tutar və beləliklə arvadını boşamış olar.

Ər arvad, bir birindən boşandığı zaman artıq bir digərinə təzədən qayıtmaq istəyərsə, qayıdar. Qayıtmaq istəməyən bir başqası ilə evlənə bilər.

Milli.Az