Azərbaycanın xalq artisti: "Aktyorluq müğənninin canında olmalıdır"
3 Mart 2012 13:02
Dövlət Opera və Balet Teatrının solisti xalq artisti Şahlar Quliyevin "Ekspress" qəzetinə müsahibəsi.
Dövlət Opera və Balet Teatrının solisti xalq artisti Şahlar Quliyev 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. 1964-cü ildə M.Əliyev adına Azərbaycan Teatr İnstitutunun musiqili komediya aktyoru fakültəsinə daxil olub. 1969-cu ildə institutu bitirən və istedadı ilə seçilən gənc Şahlar birbaşa Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfinin 2-ci kursuna qəbul olunub. 1973-cü ildə konservatoriyanı bitirdikdən sonra 2 il Şövkət Məmmədova adına Opera Studiyasında solist kimi çalışan Şahlar Quliyev 1975-ci ilin fevral ayında Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunub. Həmin vaxtdan başlayaraq bu teatrın səhnəsində 30 yaxın operada oynayıb və onlardan 19-da baş rolu ifa edib.
- Şahlar müəllim, son zamanlar mətbuat səhifələrində adınıza rast gəlmirik. Media, deyəsən, sizi yaddan çıxarıb...
- Bu gün media işçilərinin əksəriyyəti gənclərdir, ola bilsin, bizim kimi sənətkarları o qədər də yaxşı tanımırlar. Mədəniyyət və incəsənət sahəsi ilə məşğul olan adamlar da bir az elə bil operaya laqeydlik göstərirlər. Ya da ola bilsin, bizim yaradıcılığımız onları maraqlandırmır. Son illər mətbuatda müasir musiqi, şou daha çox diqqət mərkəzindədir. Buna baxmayaraq, biz işimizi görürük. Məsələn, mənim oynadığım 9 opera Televiziyanın fondunda saxlanılır. Bunlar "Karmen", "Aida", "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah İsmayıl", "Aşıq Qərib", "Sevil", "Gəlin qayası" və "Arşın mal alan" operalarıdır. "Əsli və Kərəm" istisna olmaqla, hamısı müntəzəm olaraq televiziyada nümayiş olunub.
Digər tərəfdən, opera teatrının tamaşaçılarının sayı da məhduddur. Çünki gənclər operanı, klassik musiqini bir az çətin qavrayırlar. Bu da təbii haldır. Bütün dövrlərdə operaya ancaq öz tamaşaçıları gəliblər.
- Bəzən opera ifaçılarını günahlandırırlar ki, onlar ancaq oxumağa üstünlük verirlər, aktyorluq sənəti arxa planda qalır...
- Mən bu fikirlərlə razılaşmıram. Düzdür, bəzən görürsən ki, operaya gələn müğənnilərin aktyorluq qabiliyyəti bir az zəifdir. Bizim dövrümüzdə bu işə çox məsuliyyətlə yanaşırdılar. Mən Teatr İnstitutunda oxuyanda mərhum sənətkarımız Müxlis Cənizadə səhnə danışığından bizə dərs deyirdi. Biz Adil İsgəndərovu, Mehdi Məmmədovu görmüşük. Ola bilsin, indi gənclərimiz konservatoriyada oxuyanda aktyorluğa o qədər də fikir vermirlər. Aktyorluq müğənninin canında olmalıdır. Mən hələ rayonda olanda mədəniyyət evinin nəzdində fəaliyyət göstərən dram dərnəyinə gedirdim. Biz orada "O olmasın, bu olsun" əsərini səhnəyə qoymuşduq. Aktyorluq uşaqlıqdan bizim canımızda olub.
- Gənclərimiz niyə operaya maraq göstərmirlər?
- Opera, klassik musiqi, muğam çətin başa düşülən olsa da, həmişəyaşar sənətdir. Digər tərəfdən, burada təbliğatın da böyük rolu var. Bu gün televiziyalarda şoular, müasir musiqi çox təbliğ olunur. Mən bunun əleyhinə deyiləm. Amma hər halda mən özüm də estrada mahnıları, romanslar oxumuşam. Bəlkə də müasir musiqinin bir az yüngül olması gənclərimizi buna qulaq asmağa sövq edir. Çünki hər adam klassikadan baş çıxarmaz. Əvvəllər televiziyada operalar nümayiş olunurdu, romans axşamları təşkil edilirdi, ariyalar oxunurdu. İndi isə ancaq kliplər göstərirlər. Amma deyəsən, son vaxtlar operaya maraq artıb, çünki telekanallardan tez-tez gəlib tamaşaları lentə alırlar.
Opera tamaşaçılarının sayının məhdud olması da öz təsirini göstərir. Əgər gənclər bizim tamaşalara tez-tez gəlsələr, yəqin ki, maraqları da artar. Bir az tənbəlliyin daşını atsalar, yaxşı olar.
- Operamızın indiki durumu sizi qane edirmi?
- Əlbəttə, belə çətin zamanda operamızı yaşadırıq. Con illər yeni-yeni operalar səhnəyə qoyulur. Vasif Adıgözəlovun "Xurşudbanu Natəvan" operasında Qasım bəy Zakir obrazının üzərində işləyirəm. Teatrımızın kollektivi bütün imkanlardan maksimum istifadə edir.
- İndi bəstəkarlar opera yazmağa elə də maraq göstərmirlər...
- Maraq xatirinə opera yazmaq düzgün deyil. Onsuz da bizdə yazılan operaların sayı o qədər də çox deyil. Operanı saya görə yazmazlar. Opera yazanda gərək eləsini yazasan ki, tarixdə qalsın. Opera yazmaq çox çətin işdir. Operanın sanballı bir librettosu olmalıdır. Boş-boş əsərlərə opera yazmaq olmaz ki. Bir də, şübhəsiz, opera yazmaq hər bəstəkarın işi deyil. Bəlkə də bu səbəbdən bəstəkarlarımız operaya girişmirlər.
- Sizin teatrın səhnəsində tamaşaya qoyulan əsərlərdə tez-tez xarici sənətçilər iştirak edir. Sizin özünüz xarici səhnələrdə oynamısınızmı?
- 1989-cu ildə Dnepropetrovsk Opera Teatrında "Aida" operasında oynamışam. Türkiyədə Məhəmməd Füzulinin 500 illiyi münasibəti ilə "Leyli və Məcnun" operasını oynamışıq. Sonra İstanbulda "Aşıq Qərib" və "Leyli və Məcnun" operaları ilə çıxış eləmişik.
- Xaricdən ifaçı dəvət etmək vacibdirmi?
- Klassik Avropa operalarını səhnəyə qoyanda bunu eləməyə məcburuq. Düzdür, bizim özümüzdə də istedadlı vokalçılar az deyil, amma hər oxuyanı operaya götürmək olmaz. Gənclərimiz bunu sıxışdırmaq kimi qəbul eləməsinlər. Opera Teatrında heç vaxt belə iş olmayıb.
- Deyirlər, opera müğənninin səsini batırır, bu düzdürmü?
- Bunu kim deyirsə, yalan deyir. Ola bilsin ki, müğənni xəstə-xəstə oxuyub, səsini gücə salıb. Ondan sonra da 10-15 gün oxumağa ara versə, səs telləri dincəlsə, hər şey keçib gedər. Mən hələ eşitməmişəm ki, opera oxuyanların arasında kiminsə səsi batsın. Amma bu başqa məsələdir ki, 60-65 yaşdan sonra səs öz keyfiyyətini itirir.
- Övladlarınızdan sizin yolunuzu tutanı varmı?
- İki qızım, bir oğlum var. Böyük qızım BDU-nun biologiya fakültəsini bitirib, oğlum ixtisasca filoloqdur. Kiçik qızımsa orta məktəbi qurtarandan sonra nədənsə ali məktəbə getmədi. Mənim yolumla getməyə isə özlərinin maraqları olmadı. Mən övladlarıma sənət seçməkdə tam sərbəstlik vermişəm. Onlar özləri də mənim sənətimin necə çətin bir peşə olduğunu görmüşdülər. Opera sənətçisi gərək pəhriz saxlasın, özünü qorusun. Ona görə də bəzən fikirləşirəm ki, elə bu sənəti seçməməkdə düzgün iş görüblər.
Milli.Az