Bakı metrosundan kimlər pulsuz istifadə edə bilərlər?
2 Mart 2012 14:45
Məsələn, Moskvada 1, 2 və 3-cü dərəcəli əlillər, Böyük Vətən Müharibəsi veteranları, yetim uşaqlar və digərləri metrodan pulsuz istifadə edirlər. Milli.Az-ın məlumatına görə, Day.Az saytına məktubla müraciət etmiş Bakı sakinlərindən biri Azərbaycanda da belə güzəştlərin nəzərdə tutulub-tutulmadığı ilə maraqlanır.
Bakı Metropoliteninin baş mühəndisi Etibar İsayev bu məsələnin metropolitenin səlahiyyətində olmadığını bildirib: "Güzəştləri yuxarı orqanlar müəyyənləşdirir. Biz bu məsələyə müdaxilə etmirik".
Day.Az saytı öz tərəfindən Azərbaycanda belə güzəştlərə malik olan sərnişinlərin olduğunu müəyyənləşdirib. 7 yaşadək uşaqlar, metropoliten işçiləri, vaxtilə metropolitendə çalışmış və "veteran" statusu almış şəxslər, polis əməkdaşları, Ədliyyə Nazirliyi yanında Penitensiar xidmət əməkdaşları, Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin həqiqi hərbi xidmətdə olan şəxslər Bakı metrosundan pulsuz istifadə hüququna malikdirlər.
Milli.Az