Baydenin dünyanı ağlara və qaralara bölmək planı

15 Dekabr 2021 10:12

Co Baydenin Demokratiya Sammitinin əsas məqsədi Rusiya və Çinə qarşı mübarizədir. Məhz ona görə də sammitə gələcəkdə Rusiya və Çinə qarşı əsas aktorlar ola biləcək ölkələr dəvət ediliblər. Ayrılan vəsaitin də onlara xərclənməsi bu məqsədi güdür. Təbii ki, Demokratiya Sammiti Azərbaycanı da mühüm təhdidlərlə üz-üzə qoyur. Ölkəmizin inkişafını gözü götürməyən müəyyən qruplar ara-sıra təzyiq vasitələrindən istifadə edirlər. Lakin onlar bu istəklərinə çatmayacaqlar.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, Demokratiya Sammitinin əsas səbəbi geosiyasi amillərlə bağlıdır:

"Okeanın o tayındakı qüvvələr dünyanın yeni nizamının qurulmasına çalışır. Son 5-10 il ərzində biz Çin və Rusiya kimi aktorların güclənməsinin şahidi olduq. Nəticə etibarilə dünyada regional lider ölkələr meydana gəlməyə başladı. Təbii ki, dünyanı ağlara və qaralara bölmək heç də yaxşı deyil. Bu bizə İkinci Dünya müharibəsindən sonra Soyuq müharibəni xatırladır. Həmin dövrdə də dünya kapitalist və sosialist düşərgəsinə bölünmüşdü. Ümumiyyətlə, demokratiya adı altında məkrli planlara son qoymaq lazımdır".

Milli.Az