1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür

1 Mart 2012 17:12
Milli.Az Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Gəncə şəhər ümumtəhsil məktəblərində də maarifləndirmə xarakterli tədbirlər həyata keçirilib.

Mülki Müdafiə Günü ilə bağlı İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə öncə əlamətdar günün tarixinə nəzər salınıb. Xatırladılıb ki,
"Ümumdünya Mülki Müdafiə Günü" 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür.

Gəncə şəhər Mülki Müdafiə qərargahının, FHN Gəncə Regional Bölməsinin Mülki Müdafiə Şöbəsinin, Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyəti Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Təhsil İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şagirdlər öz bacarıqlarını da nümayiş etdirib.

Nizami rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi Zabit Xəlilovun sözlərinə görə, "Məktəblərdə eyni zamanda bizim qərargahın təşəbbüsü ilə tədris qruplarımız var. Onlarla dərslər aparılır və işləməyən əhali üçün MİS-də dərslər keçirilir.

Ümumiyyətlə, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə mülki müdafiə planları icra başçısı tərəfindən təsdiq edilir. Plan əsasında vaxtaşırı tədbirlər aparılır".

Milli.Az