Avropa müsəlmanlaşır: Qərb sürətlə dəyişir - ARAŞDIRMA

9 Dekabr 2021 12:22

ABŞ-ın nüfuzlu sosiaoloji tədqiqatlar mərkəzi olan "Pew Research Center"in Avropada demoqrafik situasiya və yaxın gələcəkdəki perspektivlərlə bağlı araşdırma hesabatı da maraqlıdır.

Amerikalı analitiklərin hesablamalarına görə, əgər Avropa Birliyi ölkələrinə miqrasiya 0 səviyyəsində olsa belə - yəni bu ölkələrə bir miqrant da yollanmazsa - 2050-ci ildə Avropa ölkələrinin sakinlərinin sayı artacaq.

0 miqrasiya səviyyəsində belə, Avropa Birliyi ölkələrində yerli əhali arasında müsəlmanların sayı indiki 4,9 faizdən 14 faizədək artacaq.

Yəni müsəlmanların sayı indikindən minium 3 dəfə çox olacaq.

Bunun əsas səbəblərindən biri AB ölkələrinin sakinləri arasında gənc və həddi-büluğa çatmamış müsəlmanların sayının sürətlə artımıdır.

"Pew Research Center" hesabatını hazırlayarkən Avropa Birliyinin üzvü olan 28 dövlətdə, habelə Norveçdə və İsveçrədəki vəziyyəti nəzərə alıb.

Hazırda sakinləri arasında müsəlmanların sayı daha çox olan ölkələr Bolqarıstan (11,1%), Fransa (8,8%), İsveç (8,1%), Britaniya (6,3%) və Almaniyadır (6,1%).

Lakin son məlumatlar və hesablamalar çox fərqlidir.

Fransanın ən effektiv kəşfiyyat və analitik təhlil xidmətlərindən biri sayılan Ərazi Müşahidəsi İdarəsinin (Direction de la Surveillance du Territoire, DST) hazırladığı hesabat bu baxımdan yetərincə maraqlıdır.

Fransız analitiklər demoqrafiyanın təməl qaydalarına istinadən bildirirlər ki, istənilən etnosun və millətin minimum 25 il ərzində məhv olmaması üçün həmin toplumda doğuş əmsalı hər ailəyə minimum 2,11 uşaq olmalıdır.

Əgər etnosda doğuşların ümumi sayı bu əmsaldan aşağıdırsa, etnos və ya millət məhvə, assimilyasiyaya məhkumdur.

Bəşər tarixi göstərir ki, tarixdə doğuş əmsalının 1,91-dan az olduğu halda heç bir etnos inkişaf etməyib - tam əksinə, məhv olub, tarixə qarışıb.

Doğuş əmsalının 1,3 və ya bu rəqəmdən aşağı olduğu şəraitində isə etnos sürətlə tənəzzül edir, yox olmağa doğru gedir. Sözügedən şəraitdə etnosun demoqrafik vəziyyətinin bərpası və normal vəziyyətə qayıtması üçün orta hesabla 85-110 il gərəkdir.

Tənəzzüldə olan etnosu və ya millətin zəruri tələbatlarını, yaşam səviyyəsini, rifahını və s. bəhs olunan illər ərzində təmin edə biləcək iqtisadi-sosial, habelə maliyyə modeli yoxdur. Belə modelin mövcudluğu əslində, faktiki olaraq mümkün deyil.

Adi statistik model var: iki ailədə (ər+arvad, ər+arvad) 4 valideyn, bu ailələrin hər birində cəmi bir övlad varsa, bir nəsil sonra etnosda 4 nəfərin əvəzinə 2 nəfər olur.

Bir nəsil sonra bir ailədə bir uşaq olarsa, etnos iki nəsil ərzində demoqrafik statistika baxımından 4 əmsal geriləyir: çünki 4 nənə-babanın cəmi 1 nəvəsi olur.

Populyasiya belə sürətlə azalırsa, etnos və millət də tənəzzül edir.

Avropa Birliyi (habelə AB-ni tərk etmiş Britaniyada) ölkələrindəki doğum əmsallarına nəzər salaq.

Fransada bu rəqəm 1,8, Britaniyada - 1,6, Yunanıstanda - 1,2, İtaliyada - 1,2, İspaniyada -1,1, Portuqaliyada - 1,05, Avstriyada - 1 və s.-dir.

Ümumilikdə isə Avropa Birliyi ölkələri üzrə doğum əmsalının toplam orta statistik göstəricisi 1,37-yə bərabərdir.

Fransalı ekspertlərin fikrincə, bu rəqəmi təbii, ənənəvi demoqrafik proseslər vasitəsilə artırmaq mümkün deyil: "Avropa çox ciddi tənəzzül yaşayır və illər sonra ənənəvi Avropa artıq olmayacaq".

İlk baxışdan paradoksal vəziyyətdir: Avropa Birliyində "yerli, aborigen" sakinlər arasında doğuş statistikası fasiləsiz azalsa da, AB ölkələrində sakinlərin sayı azalmır.

Olayın səbəbi sadədir: azalmanın olmasının yeganə və önəmli səbəbi Avropa Birliyi ölkələrinə miqrasiyadır.

"1992-ci ildən bəri Fransada, habelə Avropa Birliyi ölkələrində əhali sayındakı artım yalnız və yalnız mühacirətlə bağlıdır. Mühacirətdə isə əsas yeri müsəlman miqrantlar tuturlar. Hazırda Fransada qeyri-müsəlman ailələrdən hər birində orta hesabla 1,8 uşaq doğulursa, müsəlman ailələrdə bu göstərici orta hesabla 4 dəfə çoxdur. Son statistik məlumatlara görə, Fransada yaşları 14-ə qədər olan sakinlərin 36,5 faizi müsəlmanlardır. Paytaxt Parisdə və iri şəhərlərdə isə sözügedən rəqəm 47,3 faiz təşkil edir. Demoqrafiyadakı proseslər belə davam edərsə, 2028-ci ildə Fransada müsəlmanlar əhalinin 22,74 faizini təşkil edəcəklər", - DST-nin hesabatında vurğulanır.

Britaniyada da analoji vəziyyətdir.

1981-ci ildə "Dumanlı Albion"da təqribən 84500 müsəlman yaşayırdısa, indi müsəlmanların sayı 3,1 milyon nəfərə çatıb. Yəni son 30 ildə Britaniyada müsəlmanların sayı 30 dəfədən çox artıb. Hazırda Britaniyada 1420 məscid var ki, onların 721-i əvvəllər kilsə olub.

Britaniya şəhərlərində müsəlman sakinlərin sayında sürətli artım davam edir.

Məsələn, Londonda müsəlmanların sayı 14,2 faiz, Bredfordda - 26,2 faiz, Birmingemdə - 22,4 faiz, Mançesterdə - 19 faiz, Şeffilddə - 8,4 faiz, Kardiffdə - 7,1 faiz, Lidsdə - 6,2 faiz, Bristolda 5,1 faizdir.

Niderlandda 2021-ci ilin əvvəlindən bəri yeni doğulan körpələrin 56,2 faizi müsəlmanlardır. Demoqrafik proseslər indiki vəziyyətdə və sürətdə davam edərsə, 11 il sonra ölkə sakinlərinin təqribən 51,2 faizini müsəlmanlar təşkil edəcək.

Belçikada əhalinin 27,5 faizi müsəlmandır. Yeni doğulan körpələrin 52 faizi müsəlman ailələrdə dünyaya gəlir. Paytaxt Brüssel sakinlərinin 28,6 faizi müsəlmanlardır.

Avropa Komissiyasının son hesabatlarında da bildirilir ki, 2025-ci ildə AB ölkələrində dünyaya gələcək körpələrin minimum 35 faizi müsəlman ailələrdə doğulacaq.

Almaniyanın Federal Statistika İdarəsinin (Statistisches Bundesamt, qısa olaraq "Destatis") son hesabatlarından birində bildirilib: "Almaniyada etnik mənsubiyyət baxımından alman olan vətəndaşların ailələrində doğuşların sayındakı azalmanı artıq dayandırmaq mümkün deyil. Ölkədə demoqrafik proseslər mövcud intensivliklə davam edərsə, Almaniyada müsəlmanların sayı sürətlə artmağa davam edəcək".

Müstəqil ekspertlər və analitiklər bəyan edirlər ki, 2050-ci ildə Fransada, Britaniyada, İsveçdə, Norveçdə, İtaliyada, İspaniyada, Almaniyada və Avropa Birliyinin daha 9 ölkəsində müsəlmanların sayı indiki rəqəmlərdən ən azı 3 dəfə artıq olacaq.

ABŞ və Kanadada da eyni vəziyyətdir. Belə ki, Kanadada demokqrafik tənəzzülü önləyəcək 2,11 əmsalının "əldə olunması"nda əsas rolu mühacirlər, yəni miqrantlar oynayırlar.

Birləşmiş Ştatlarda demoqrafik tarazlıq hələlik ispandilli miqrantlar hesabına təmin olunsa da, müsəlmanların sayı sürətlə artır. Belə ki, 1971-ci ildə ABŞ-da 101,4 min müsəlman vardısa, hazırda müsəlmanların sayı 19,6 milyondan artıqdır.

Dünya dəyişir. Özü də sürətlə dəyişir.

Dəyişikliklər arasında demoqrafik və etnik fərqlənmələr var ki, bu da kollektiv Qərbdə özünü yaxın illərdə bariz şəkildə göstərəcək.

Elçin Alıoğlu
Milli.Az