Ermənistan Zəngəzur dəhlizinin çəkilişinə başladı - Paşinyan işlərə start verib

7 Dekabr 2021 00:10

"Nikol Paşinyan 26 noyabr Soçi anlaşmasını sabotaja çəkə bilməz".

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

O bildirib ki, Paşinyanın dəhlizin çəkilişi ilə bağlı fikrində hər hansı bir dəyişiklik yoxdur:

"Paşinyan hələ keçən ildən Zəngəzur dəhlizinin çəkilişində razılığa gəlib. Əgər dəhliz məsələsində problem görsəydi, keçən ildən bu mövzunu gündəmə gətirərdi ki, "dəhliz yox, yoldu". Geridə qalan bu 1 il müddətində istər müxalifət tərəfindən, istər diaspora tərəfindən, istərsə də xarici qüvvələr tərəfindən Paşinyana çox böyük təzyiqlər oldu ki, o, dəhliz məsələsini gündəmə gətirməsin, söhbət yollardan getsin. Sual yaranır: Əgər, bu dəhliz məsələsi mövcud deyildisə, bəs o zaman nə üçün Naxçıvandan Biçənəyə qədər yüksək səviyyəli asfalt yol çəkilibdir, Biçənəkdə çox böyük bir Gömrük Nəzarət Buraxılış Məntəqəsi qurulubdur?

Sisyan (Qarakilsə) və İrəvan yolundan keçməklə gəlirsən Angilakod kəndinə, Angilakoddan da sola dönüb girirsən Biçənək (Naxçıvan) kəndinə. Angilakod Zəngəzurun ən ucqar kəndidir. Naxçıvanla bitişik olan bir kənddir, əhalisinın sayı da elə çox deyil. Hazırda orada çox yüksək səviyyədə yol tikinti işləri aparılır. Naxçıvanla sərhəd olan həmin o kənddə yüksək səviyyədə yol infrastruktur tikintisi işləri gedir. Halbu ki, Angilakodda o yola ehtiyac yox idi. Oranın əhalisinin sayını nəzərə alsan, həmin kəndə elə bir yüksək səviyyəli yolun çəkilməsi üçün milyonlarla büdəcədən pul ayrılıb, işlərin aparılmasının əhəmiyyəti yox idi. Ermənistanda daha vacib yerlər var idi ki, onlar o büdcə ilə həmin yerləri bərpa edə bilərdilər. Bu onun göstəricisidir ki, hələ o zaman (10 noyabr, 11 yanvar bəyanatları ilə) Paşinyan Azərbaycan tərəfi ilə razılığa gəlmişdi və həmin ikinci dəhliz - Zəngəzur dəhlizi açılacaqdı. Ermənilər Laçına, oradan keçirlər Gorusa, Sisyana, oradan da Angilakoda, o Angilakod ki, Naxçıvana (Biçənək) keçmək mümkündür.

Azərbaycan tərəfi Biçənəkdə bütün o işlərin hamısını yüksək səviyyədə görüb, asfaltlanma işləri aparılıbdır, Gömrük məntəqəsi qurulubdur ki, yüka maşınları orada yoxlanılacaq, sonra buraxılacaq Zəngəzur ərazisinə. Bunu çoxları bilmir. Zəngəzur dəhlizi söhbəti gələndə hər kəs hammı Mehrini düşünür. Bizim ikinci ən vacib strateji yolumuz Gorus - Sisyan (Qarakilsə) - Angilakod - Biçənək yoludur. Türkiyə hazırda bunun üstündə çalışır ki, bu proses tez yekunlaşsın.

İkisi də (Zəngilan - Mehri - Ordubad, Culfa və Angilakod - Biçənək yolu) Zəngəzur dəhlizi adlanır. Azərbaycan indi düz Biçənək kəndinə qədər dağların içi ilə, gölün yanı ilə, hərbi hissənin yanı ilə qədər yüksək səviyyədə yol çəkibdir. Bu yol gəlib düz çıxır Biçənək kəndinə. Biçənək kəndindən də düz yolla baxanda sərhəddə haradasa 15-20 km məsafə yoxdur. Ora bombalamboşdur, heç kim yoxdur. Zamanı gözləyirlər ki, Ermənistan tərəfindən bu məsələ yekunlaşdırılsın. 

Paşinyan indi qalıb ortaqlıqda. Üstəlikdə ki, bu ayın 5-də Ermənistanda bölgələrdə yerli idarəetmə orqanlarına seçki keçirildi. Seçkiqabağı çox güman ki, bir tərəfdən də bu, vəziyyəti daha da gərginləşdirməsin deyə Paşinyan Soçi anlaşmasını ciddiyə almır. Çünki Paşinyanın partiyası burada səs çoxluğu qazanmalı idi. İndi Ermənistan müxalifətdən edilən açıqlamalara görə ən böyük rayonlarda, kəndlərdə Paşinyan cəmi 30% səs toplaya bilib. İqtidar isə bunu təkzib edərək 70% səs yığdıqlarını iddia edir. Bu məsələlər var idi deyə seçki qabağı dekabrın 1-də Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin Moskva görüşündə razılaşma ona görə əldə olunmadı. Çox güman ki, razılığa gəliblər ki, bunu müəyyən qədər təxirə salsınlar, seçkiqabağı vəziyyəti orada daha da gərginləşdirməsinlər. Bu məsələylə də bağlı ola bilər.

Ermənistanın ən dar hissəsi olan Gorus-Sisyan-İrəvan yolunun sağı, solu da Azərbaycandır ki, eni cəmi 25 km olan bu dəhlizlə gedərkən sola dönürsən Angilakoddur, oradan da Biçənək kəndinə keçirsən. Orada Ermənistan tərəfindən hazırda çox yüksək səviyyədə işlər gedir. Bu, elə-belə deyil. Demək razılaşma olub, əvvəldən danışıqlar olub ki, dövlət büdcədən ora pul ayırıb. 20, 30, 40 nəfərlik ailənin yaşadığı bir kəndə elə yüksək səviyyəli yolun çəkilməyi nə deməkdir?! Demək razılaşma var ki, ora o qədər pullar sərf edilir. Demək, Paşinyan dəhlizə razıdır ki, bu işlər gedir. Razı olmasaydı Ermənistanda kim gedib eə ucqar kənddə o yola milyonlar dəyərində olanda yol çəkərdi?! Ona görə də düşünmürəm ki, paşinyan bu məsələlərdə geri çəkilib və yaxud da mövqeyində dəyişiklik var. Sadəcə olaraq Paşinyana istər daxildən, istərsə də xaricdən çox böyük təzyiqlər var". 

Təhməz Əsədov
Milli.Az