Azerbaijan Fashion Week 11-ci mövsüm: The return/Qayıdış - 1-ci GÜN - FOTOlar

3 Dekabr 2021 20:09

İki illik fasilədən sonra Hilton Baku otelində Azerbaijan Fashion Week- Azərbaycan Moda Həftəsi öz işinə başlayıb.

Mövsümi nümayişin ilk günündə Amelie Baku Couture, NuBi Couture, Fakhriya Khalafova, Alexey Chzhen (Kazakhstan), L'Ora Atelier, K.Fabuel Fashion House, LIBÀS Couture Atelier kimi Azərbaycan və Qazaxıstanın yeddi moda evi və atelyesi yeni kolleksiyalarını təqdim ediblər.

Şüarı "Qayıdış/The return", rəmzi isə Qarabağ ərazisində bitən endemik gül - Xarı Bülbül olan Azərbaycan Moda Həftəsi Amelie Baku Couture moda evinin nümayişi ilə başlayıb. Amelie moda evinin yeni kolleksiyasında yer alan istənilən mövsüm üçün aktual olan dəbdəbəli ziyafət geyimləri və gəlinliklər zəngin ənənələrimizə ərməğandır. Dizayner Aygül Əlizadənin təqdim etdiyi kolleksiya ipəkdən, orqanzadan, atlazdan hazırlanmış, əl tikmələri, lələklərlə bəzədilmiş, ağ və pastel rəngli geyimlər əsasında hazırlanıb.

Dəbli NuBi Couture şalvar-kostyumlardan, qısa məxmər donlardan və zərif ziyafət geyimlərindən ibarət eklektik kolleksiya təqdim edib. Nübar Paşazadənin kolleksiyasının rəng diapazonu da müxtəlifdir - açıq mavidən tünd göyə və hətta klassik qaraya qədər.

Əməkdar incəsənət xadimi, modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfovanın yeni kolleksiyanın əsas mövzusu Qarabağ olub. Xüsusilə bu şou üçün dizayner Xarı Bülbül gülünün unikal təzahürünü yaradıb. Qarabağın gül rəmzi qırmızı paltarın üzərində qədim ebru boyama texnikasından istifadə etməklə "çiçək açıb".

Məşhur qazaxıstanlı dizayner və stilist Alexey Chzhen  Azərbaycan Moda Həftəsində kişilər və qadınlar üçün ready-to-wear kolleksiyasını nümayiş etdirib, onu bu işə ruhlandıran başlıca səbəb qarderobun köynək elementi olub. Mürəkkəb biçim, minimalistik, amma orijinal dekor və təvəzökar rəng qamması - Alexey Chzhen kolleksiyasını fərqləndirən xüsusiyyətlərdir.

L'Ora Atelier bu Moda Həftəsində mürəkkəb dekor və nadir parçalardan, məsələn, parlaq atlazdan, həm klassik, həm də orijinal üsulla biçilmiş zərif və incə ziyafət paltarından ibarət  kolleksiyasını nümayiş etdirib.

Kubra Nuriyevanın Azərbaycan Moda Həftəsinə təqdim etdiyi kolleksiyanı əsas mövzuya - Qarabağa həsr edib. Təqdim olunan geyimlərin parçalarındakı parlaq rəsmlərdə Xudafərin körpüsü, Yuxarı Gövhər ağa məscidi kimi memarlıq abidələri, eləcə də bölgənin rəmzləri - Qarabağ atları və Xarı Bülbül çiçəyi öz əksini tapıb.

Zemfira Cəfərovanın və onun moda evi LIBÀS Couture Atelier-in yeni kolleksiyasına çiçək ornamentli zərif qadın donları, ciddi smokin-paltarlar və naxışlı ziyafət geyimləri daxildir.

Azərbaycan Moda həftəsinin rəsmi tərəfdaşları: Kronenborg 1664 Blank, Grante Wine, De'Longhi, Braun, Park Cinema, Patchi, Frey Wille, Lexus.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Azerbaijan Fashion Week haqqında:

2015-ci ilin mayında Azerbaijan Fashion Week ilk mövsüm nümayişini keçirdi və bununla ölkədə Dəb Həftələrinin əsasını qoydu. Bu genişmiqyaslı layihə ölkədə moda bazarının yaranmasının başlıca səbəbi  oldu, axı o dövrdə fəaliyyət göstərən modelyerlər pərakəndə çalışır, özlərini tanıtmaq, irəliləmək üçün xeyli səy göstərirdilər. Azerbaijan Fashion Week dəb sahəsində çalışan dizaynerlərin, bayerlərin, həm yerli, həm xarici  mətbuatın, həm də paytaxtın bütün moda pərəstişkarlarının  ayrı-ayrılıqda fəaliyyət cəhdlərini bir yerə cəmləyən platformaya çevrilib. Yarandığı gündən bəri, on mövsüm ərzində Azerbaijan Fashion Week ölkənin ən mühüm moda hadisəsi statusunu qoruyub saxlamaqdadır.