Ağcabədini də su basdı

4 May 2010 18:47
Son günlər düşən intensiv yağışlar nəticəsində Ağcəbədi rayonu Taxta körpü ərazisində Kür çayının səviyyəsinin artması ilə çayın sahil boyu yaxınlıqdakı evləri su basıb. Əsasən Laçın rayonundan məcburi küçkün olan insanların müvəqqəti yaşadığı Mişni, Abışbəyli, Alxaslı, Qarıqışlaq və Çıraqlı obalarında yerləşən evləri də su basıb.
Laçın rayon Fövqəladə Hallar Komissiyasının sədri İlham Quliyevin verdiyi məlumata görə, Kür çayının səviyəsinin 7 metr yüksəkliyə qalxması nəticəsində 9 ev uçub, 165 evi su basıb, 25 ev isə qəza vəziyətindədir. Evləri uçan və qəza vəziyətində olan şəxslər Taxta körpü ovalığının ərazısındəki məktəb və xəstəxanada yerləşdiriliblər. Əhalinin ümumi sahəsi 700 hektar olan taxıl və yonca əkin sahəsi tamamilə su altında qalıb.
Hadisə yerinə Laçın, Ağcabədi və Sabirabad rayonunda olan FHN-nin texnika və beş yüz nəfərə yaxın canlı qüvvəsi cəlb edilib. Ərazidəki suların çəkilməsi üçün 15 nasos quraşdırılıb. Hadisə yerinə Ağcəbədi rayon Polis Şöbəsinin əməkdaşları da cəlb olunub. İlham Quliyev onu da qeyd etdi ki, ilkin hesablamalara görə, əhaliyə təxmini olaraq 12 min manat ziyan dəyib.

Qeyd edək ki, 1978-ci ildə bu əraziyə Kür çayı boyunca bənd çəkilib və hazırda su səthi həmin bənddən 3 metr yüksəklikdə axır.

Milli.Az