Xaçmazlı qazinin iş problemi - Məsələyə aydınlıq gətirildi - VİDEO

3 Dekabr 2021 18:42

Kadrda gördüyünüz bu gənc Vətən müharibəsi qazisi Araz İsayevdir. Xaçmazın Çinartala kənd sakini olan 20 yaşlı Araz 2019-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini kəşfiyyat bölüyündə keçən Azar İsayev Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb. Talışkənd və Suqovuşanın azad edilməsində xüsusi şücaət göstərib. Bu döyüşlər zamanı yaxınlığında artileriya mərmisinin partlaması nəticəsində travma alıb. Bir müddət Zərdab rayon Mərkəzi Xəstəxanasında müalicə olunduqdan sonra yenidən cəbhəyə yollanıb. Vətən Müharibəsində göstərdiyi şücaətinə görə, Cəsur döyüşçü, Suqovuşanın azad olunmasına görə və Döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilib. 5 ay öncə ordu sıralarında təxris olunan qazinin yeganə problemi işlə bağlıdı.

Onu bildirək ki, Arazın atası İbrahim İsayev də birinci Qarabağ mühabisinin iştirakçısıdır. O, bildirir ki, 5 nəfərdən ibarət ailədə heç kim rəsmi olaraq işləmir. Oğlunun işlə təmin olunması üçün müxtəlif dövlət qurumlarına müraciət edən ata hələ ki, müsbət cavab almadığnı deyir.

Məsələnin həlli istiqamətində Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirildi ki, 2020-ci ilin iyunun 23-də Araz İsayevin anası Aybəniz İsayeva özünüməşğulluq proqramına cəlb olunub. Bizim müraciətimizdən sonra isə Arazın özünün məşğulluğunun təmin edilməsi məqsədilə özü ilə əlaqə saxlanılıb.

Vətəndaşa "Məşğulluq" altsistemindəki vakansiya bankında mövcud olan vakansiyalar barədə ətraflı məlumat verilib.Lakin o, Azərbaycan Respublikasının Daxili İşlər və ya Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarında çalışmaq istədiyini bildirib.Vakansiya bankında vətəndaşın istəyinə uyğun vakansiya olmadığından göndərişin verilməsi mümkün olmayıb.

Milli.Az Real Tv-nin sujetini təqdim edir:

Milli.Az