Təhlükə sərhədlərimizə ÇATDI - Azərbaycan hansı tədbirləri görə bilər?

3 Dekabr 2021 11:40

"Yeni bir ştamm hər hansı bir ölkədə aşkar olunduqdan sonra təxminən 10-14 gün sonra ölkədə yayılan yoluxma sayında həmin ştam üstünlük təşkil edir". 

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

Mütəxəssis bildirib ki, "Omicron" Azərbaycanda yayılsa, yeni dalğanın görünməsi qaçılmazdır:

"Hər yeni ştammın yoluxduruculuğunun artdığını nəzərə alsaq, təxminən 2 həftə ərzində ölkə üzrə yoluxanlar arasında həmin ştamm üstünlük təşkil edir. Bu da digər yaxın qonşu ölkələrə də siraət edir. Yəni digər yaxın qonşu ölkələrdə də qısa zaman sonra həmin ştammın üstünlük təşkil etdiyi nəzərə çarpır. Azərbaycanın da sərhədlərinin tam qapanmadığını nəzərə alsaq, bu ştammdan qorunmağımız mümkünsüzdür. 

"Omicron" COVİD-in görünən növləri arasında ən çox mutasiyaya uğramış növ hesab olunur ki, bu da onun yoluxduruculuq gücünün yüksək olmasından xəbər verir. Yaxın günlərdə "Omicron"un daha hansı təsirlərinin olduğunu müşahidələr aparmaqla müəyyənləşdirə biləcəyik. Nəzərə alsaq ki, bu mutasiyaların çoxu yeni mutasiyalardır, təbii ki, istər yoluxduruculuqda, istər xəstəliyin gedişatında cüzi də olsa fərqlərin görünməsi gözlənilir.

"Omicron" nəyinki Azərbaycanda, ümumiyyətlə dünyada bu ştamm yayılsa təbii ki, yeni dalğanın görünməsi qaçılmazdır. Ancaq, bu, insanları vahiməyə salmamalıdır. Çünki qorunma qaydaları hələ də dəyişilməz olaraq qalır. Tam təsdiqlənməsə belə, vurulan vaksinlərin də bu ştamma qarşı xəstəliyin ağır gedişatının qarşı qoruyuculuğu hələ də inkar olunmur. Yəni hələ də vaksinasiyanın bu ştamma qarşı effektiv olduğu qənaəti qalır. Hətta effektiv olduğu təsdiqlənməsə, o halda vaksinlərdə aparılan dəyişikliklərlə bu ştamma qarşı da müsbət nəticələrin əldə edilməsi planlaşdırılır. 

Sərt karantin rejiminə, qaydaların nisbətən sərtləşdirilməsinə, tətbiqinə hələ ki, ehtiyac olmasa da qarşıdan qış aylarını, soyuq hava şəraitini, insanların qapalı məkanlardan çox istifadəsini, ictimai nəqliyyatdan çox istifadəni nəzərə alsaq, insanlar müəyyən qədər özləri qaydalara sirayət etməklə yanaşı aidiyyatı qurumlar tərəfindən də lazım gəldiyi zaman karantin qaydaları tətbiq oluna bilər. Təbii ki, hazırki mərhələdə biz çox böyük təhlükə qarşısında qalmasaq da, bəzi ölkələrin təcrübəsinə baxsaq, onlar təhlükə qarşısında qalmasalar belə sərt karantin qaydalarına keçiblər ki, "Omicron" ştammının ağır gedişatının qarışısı indidən alınsın. Lakin bununla belə ölkəmizdə yaxın gələcəkdə sərt karantin rejiminin tətbiqinə ehtiyac olmadığını düşünürəm".

Təhməz Əsədov
Milli.Az