Şəhidlərin dəfn günündə ŞOU GÖSTƏRƏNLƏR

2 Dekabr 2021 16:15

İki gün əvvəl (noyabrın 30-da) Səngəçaldan təlim uçuşları keçirmək məqsədilə Xızıda yerləşən "Qaraheybət" aviasiya poliqonuna gələn DSX-ya məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı barədə xəbər bütün ölkəni sarsıtdı. Uşaqdan böyüyə hər kəsin bu bədbəxt hadisənin təsirində olduğu bir vaxtda "oyunbazlar" iş başında idilər.

Öncə ondan başlayaq ki, noyabrın 30-da baş vermiş helikopter qəzası barədə rəsmi məlumatın gec açıqlanması sosial şəbəkədə bəzi qüvvələr üçün aranı qarışdırmaq, müəyyən dezinformasiyalar yaymaq üçün fürsətə çevrildi. Dərhal "5-ci kalon" helkopter qəzasınından istifadə edib, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədilə Azərbaycan ictimaiyyəti arasında şübhə toxumu yaymağa çalışdılar. Heç şübhəsiz ki, bu amil də düşmən dəyirmanına su tökməyə xidmət edən amildir.

Çünki Azərbaycan ilə Rusiya arasındakı istənilən gərginlik 26 noyabr Soçi görüşündə İrəvanın üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərdən yayınmağa, manevr imkanlarını artırmağa daha çox xidmət edə bilər ki, bu da Ermənistan üçün hazırki vəziyyətdə əsl lotereya ola bilərdi. Lakin rəsmi qurumlar bir qədər gec də olsa sözügedən helikopter qəzası ilə bağlı heç bir gizli məqam qoymadı, hadisə şahidlərinin ifadələrinə kimi mediada yayımlandı. Nəticədə məlum oldu ki, sosial şəbəkədə bəzi ağzıgöyçəklərin ortaya atdıqları "təxribat", "kənardan müdaxilə" məsələsi elə həm ölkə daxilində, həm də Azərbaycanın Ruisya ilə münasibətlərinə xələl gətirmək üçün hesablanmış oyunun tərkib hissəsidir.

Amma təxribat cəhdləri uğursuz alınan bir qrup "ictimai fəal"ın ölkəni yasa boğan hadisədən sui-istifadə cəhdləri bununla yekunlaşmadı. Belə bir həssas məqamı özlərinə əsl fürsət bilən, özlərini ictimai fəal adlandıran, əslində isə daha çox ictimaiyyət arasında AXCP sədri Əli Kərimlinin tərəfdarları kimi tanınan bir qrup şəxsin şəhərin mərkəzində, insanların sıx olduğu Fəvvarələr Meydanını "oyunlarının meydançası" etmək cəhdləri bir daha daxildəki oyunbazların çirkab əməllərinin növbəti təsdiqindən başqa bir şey deyildi.

Belə bir vaxtda - şəhidlərin dəfn olunduğu gün icazəsiz mitinqə cəhd etməyə başqa ad vermək olmur. Xalqın şəhidlərini dəfn etdiyi bir gündə belə bir aksiyaya cəhd həmin 14 qəhrəmanın nəşinə hörmətsizlikdən başqa bir şey deyildi. Hələ də bu məsələlərə maksimum həssas yanaşmağı öyrənməyən, belə bir zamanı özləri üçün ölkədə anarxiya, daxili küçə savaşları üçün bir imkan görən Əli Kərimli və onun ətrafının məqsədi isə hər kəsə bəllidir. Görünən isə odur ki, bu insanlar üçün müqəddəs bir hiss mövcud deyil. 

Nə qədər deyilsə də ki, bu icazəsiz aksiyanın səbəbi həbsdə olan AXCP fəalı Saleh Rüstəmovun azad olunması tələbi ilə bağlıdır, istənilən halda şəhərin mərkəzində belə bir aksiyanın belə bir zamana təyin edilməsinin başqa adı yoxdur, məqsədləri isə gün kimi bəllidir: qarşıdurma və gərginlik yaratmaqla ölkədə bir il bundan əvvəl daha güclü bir Azərbaycan nümunəsi (44 günlük Vətən müharibəsi nümunəsində Azərbaycan 200 illik tarixində olmadığı qədər ərazilərini işğaldan azad etdi - red.) formalaşdıran, bütün dünyaya bunu əməldə göstərən Xalq, Ordu, Ali Baş Komandan birliyini sarsıtmaq, onu parçalamaq məqsədi daşıyır. 

"Saleh Rüstəmovun azad olunması tələbi ilə bağlı keçirilən aksiya" adı verilən bu "tamaşanın" bir və əsas məqsədini daha aydın şəkildə göstərən şübhəli məqam isə ondan ibarətdir ki, həbsdə olan keçmiş icra başçısı ilə bağlı hələ məhkəmə qərarı yoxdur. Demək ki, məhkəmənin qərarını gözləmədən şəhidlər üzərindən öz planlarını reallaşdırmağa çalışan bir qrup vətən xaininin bu əməli heç də Saleh Rüstəmovun azadlığa qovuşması məqsədi daşımırdı. Bu məqamdan bir daha aydın olur ki, bu icazəsiz, qanunsuz aksiyanın hədəfi azadlığını tələb etdikləri insandan çox gündəmdə qalmaq və diqqəti özünə cəlb etmək məqsədi güdür.

Mustafa Ömər
Milli.Az