Hərbi helikopter niyə qəzaya uğradı?

30 Noyabr 2021 18:58

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub.

1. Polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. Polkovnik Nəzirov Emil Nəzir oğlu; 

3. Mayor Həsənov Elmir Mircəlil oğlu;

4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. Mayor Mayılov Emil Şahid oğlu;

6. Mayor Məmmədov Murad Yaşar oğlu;

7. Mayor Əliyev Emil Elman oğlu;

8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. Kapitan Əliyev Xəyyam  Əlixan oğlu;

11. Kapitan Qaraisayev Teymur  Ənvər oğlu;

12. Leytenant  Süleymanov Abdulla Telman oğlu;

13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. İşçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.

Məşum qəza ilə bağlı ağlı bir çox fərziyyələr ortaya atılır və çoxlu suallar verilir. Ən çox verilən sual isə "bu qədər yüksək rütbəli hərbçi necə bir helikopterdə uçub?" sualıdır.

Ordu birləşmələrində ilk növbədə rütbə deyil, tutduğu vəzifəyə baxırlar. Yüksək rütbə həmişə heç də hər şey demək deyil.

Qəzanın səbəblərini hüquq-mühafizə orqanları araşdıracaq və ictimaiyyəti məlumatlandıracaq. Uçuşların təhlükəsizliyinə görə cavabdeh şəxslərin səhvləri aşkarlanarsa onlar layiqincə cəzalandırılacaqlar.

Lakin dünyanın bir çox ölkəsində bu kimi qəzalar baş verir. Son 20 ildə Azərbaycanda hərbi, eləcə də mülki aviasiya sahəsində qəzaların dünyanın orta statistik göstəricilərdən dəfələrlə aşağı olması ölkədə bu sahəyə, uçuşların təhlükəsizliyinə ayrılan diqqətdən xəbər verir.

Helikopter qəzası ilə bağlı internet kanallar və sosial şəbəkələrdə yayılan ağlasığmaz versiyalara gəldikdə isə, onların mahiyyəti və məzmunu sadəcə, heyrət doğurur.

Məsələn, "müstəqil" YouTube kanallarından biri "narkoticarətin üstünü açmış zabitlər idilər qəsdən öldürülüblər" deyir. Bir başqa kanal "helikopteri Rusiya qırıcısı göydə vurub, üçüncüsü digər fantastik versiya səsləndirir. Bu cür yalan xəbərlər həm həlak olanlara və yaxınlarına hörmətsizlikdi, həm də dezinformasiyanın ən primitiv, amma ən təhlükəli olan növlərindəndir.

Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə yollanıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

İstintaqın hazırki mərhələsində müəyyən olunub ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus  Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilov dindiriliblər, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilib.

Xızıda yaşanan qəza böyük faciədir, itkidir. Amma gerçəklərə dürüst baxmaq və reallıqları anlayışla qarşılamaq gərəkdir: dünyanın heç bir ölkəsi, heç bir ordusu və ya sərhəd xidməti belə məşum qəzalardan sığortalanmayıb.

Son 4 ildə ABŞ, Kanada, Britaniya, Fransa, Almaniya, İtaliya kimi inkişaf etmiş ölkələrlə yanaşı, Misir, Pakistan, Qazaxıstan, Rusiya, Meksika, Venesuela, Kolumbiya, Tayvan, Çin və s. ölkələrdə də helikopter qəzaları olub.

Bu ilin mart ayında Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 hərbçi həlak olmuşdu.

Rusiyada isə son iki ildə 14 helikopter qəzası baş verib.

Araşdırma və təhqiqat aparılır, "Hərbi helikopterin qəzasına nə səbəb oldu?" sualına cavab aranır.

Rəsmi qurumlar lakonik açıqlamalar verirsə, bu, bəzilərinin "iddia"larına görə, heç bir halda hansısa formada olayın yaşanmasına haqq qazandırmaq yox, insidenti soyuqqanlı, təfərrüatlı, ən xırda detallarına və nüanslarına qədər təşqiq etmək, nəticə əldə etmək istəyidir.

Orxan Hun
Milli.Az