Soyuqdəymə zamanı inhalyasiya yalnız həkimin müayinəsindən sonra edilə bilər

1 Dekabr 2021 23:20

Payız və qış mövsümlərində tez-tez yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri baş verir. El arasında həmin xəstəliyi soyuqdəymə adlandırırlar. Həmin xəstəliyin səbəb olan 200-ə yaxın virus bir insandan digərinə keçərkən daim dəyişir. Xatırladıcı hüceyrələr buna görə onları tanıya bilmir və dərhal soyuqdəymə halları ilə üzləşirik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Nazilə Babayeva deyib: "Temperaturun aşağı düşməsi ilə əlaqədar insanlar çox qalın geyinməyə üstünlük verirlər. Bunun nəticəsində orqanizmdə istilikvermə prosesi pozulmuş olur, nəticədə bədəndə nəmlik qalır və onun təsiri altında da soyuğa daha çox meyillik əmələ gəlir. Ona görə də geyim seçən zaman sintetik materiala deyil, daha çox təbii materialdan hazırlanan qeyimlərə üstünlük verilməlidir".

Soyuqdəymə zamanı xəstəlik öskürək və zökəm əlamətləri orqanizmdə temperaturun artması ilə özünü büruzə verir və xəstəliyin inkişafı fonunda antibiotiklərə tələbat artır. Xatırladaq ki, hər bir antibiotik bağırsaq mikroflorasında həm sağlam, həm də xəstə bakteriyaları məhv edir. Ona görə də immun sistemi zəifləyir, bədən xəstəliyi çox ağır keçirir.

Bəlğəm və öskürəyin xarakterindən, xəstəliyin kliniki gedişatının xüsusiyyətindən asılı olaraq dərman preparatı, onunla müalicə müddətinin seçilməsi və gün ərzində təyin olunması yalnız həkim tərəfindən seçilməlidr. Xüsusilə qış aylarında yuxarı tənəffüs yollarının xəstəliklərində inhalyasiyadan tez-tez istifadə edirlər. Əksər vaxt onu həkim məsləhəti olmadan həyata keçirilər. Lakin belə hallar yolverilməzdir, çünki soyuqdəymə zamanı inhalyasiya yalnız həkimin müayinəsindən sonra edilə bilər.

"İnhalyasiya üçün olan suya xırda doğranmış soğan və sarımsaq qarışığı, bal, bir neçə damcı şam ağacı və ya evkalipt yağı əlavə edilir. Prosedur qida qəbulundan 1,5-2 saat sonra aparılır. İnhalyasiyadan sonra 30-40 dəqiqə uzanmaq lazımdır və prosedurdan sonra 1 saat qida qəbul etmək, su içmək, siqaret çəkmək, mahnı oxumaq və danışmaq olmaz. 3 yaşından yuxarı uşaqlarda prosedur gündə 1-2 dəfə 1-3 dəqiqə, böyüklərdə gündə 2-3 dəfə 5-10 dəqiqə aparılır. İnhalyasiya zamanı qaynar sudan istifadə edilməsi selikli qişalar üçün ziyanlıdır. Suyun temperaturu 45 dərəcə C-dən yuxarı olmamalıdır. Zökəm, traxeit və bronxitin müalicəsində inhalyasiya zamanı burundan nəfəs almaq və buraxmaq lazımdır. Qırtlaq və udlaq iltihabları zamanı nəfəs ağızdan alınır, 2 saniyə saxlanılır, sonra ağızdan buraxılır. Onu da qeyd edək ki, inhalyasiya zamanı nəfəsalma sərbəst olmalıdır. İnhalasiyon prosedurların üstünlükləri var, çünki onun tətbiqi zamanı tətbiq olunan dərman preparatları aerozol hissəciklərinə çevrilir. Həmin hissəciklər isə birbaşa tənəffüs yollarının selikli qişasına təsir göstərir və daha tez səmərə verir", - deyə həkim-terapevt bildirib.

Qeyd edək ki, C vitamini orqanizmin viruslara qarşı müqaviməti artırır. Ona görə də payız-qış mövsümündə soyuqdəyməyə qarşı itburnu, şirin bibər, qara qarağat, moruq, zoğal şirəsi və sitrus meyvələrinin qəbulu tövsiyə olunur.

Milli.Az