Mobil telefon

Qrafen əsaslı ekranlar yaradılıb

15 Aprel 2017 07:52
0 Şərh     Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın elektronika və telekommunikasiya sahəsində tədqiqat institutunun mütəxəssisləri "OLED" ekranlar üçün qrafen materialından şəffaf elektrodlar yaradaraq displey istehsalçıları üçün ciddi irəliləyişə nail olublar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, dünyada yüzlərlə tədqiqat qrupu qrafenin tətbiqi üçün yeni sahələr kəşf edir. Cənubi Koreya mütəxəssisləri isə qrafen vasitəsilə mövcud "OLED" texnologiyasını təkmilləşdirmək qərarına gələrək indium oksid və qalay (ITO) elementli elektrodları qrafen əsasında yaradılmış analoqları ilə əvəz ediblər.  

Yeniliyin mahiyyəti "ITO"-nun incə olmasında, qrafenin isə güclə istənilən kimi əyilərək zədələnməməsindədir. Texnologiyanın 370 x 470 millimetr ölçüsündə (hazırda bu texnologiya ilə yaradılmış ən böyük displey) eksperimental displey üzərində sınağı keçirilib. Bu halda qrafen elektrodlarının qalınlığı 5 nanometr təşkil edib. Cənubi Koreya tədqiqatçıları, həmçinin "OLED" displeylərdə şəffaf qrafen elektrodların xüsusi quraşdırılma texnologiyasını hazırlayıblar.

Məlumata görə, alim Ço Nam Sunun rəhbərliyi ilə tədqiqat qrupu bu sahədə tədqiqatlara dörd il əvvəl başlayıb. 2015-ci ildə qəpik ölçüsündə ən kiçik qrafen "OLED" displey yaradılıb, 2016-cı ildə isə onun ölçüsü on dəfə artırılıb. O vaxtdan texnologiyanın çox inkişaf etməsinə baxmayaraq tədqiqatçılar nail olduqları ilə kifayətlənməyərək növbəti ildə şəffaf plastik "OLED" elektrodlar, eləcə də məişətdə istifadəyə uyğun ilk tam bükülən displeylər ərsəyə gətirmək niyyətindədirlər.   

Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.