Babka həm görüntüsü, həm də ətri ilə hər kəsi heyran qoyur. Şərqi Avropa mətbəxinə aid olan bu keks-çörək qarışığı şirniyyat portağalın təravəti və şokoladın intensiv dadı ilə birləşərək mükəmməl bir ləzzət yaradır.
Milli.Az lazım olan məhsulları təqdim edir:
Xəmir üçün:
500 qram un
1 paket quru maya
100 qram toz şəkər
2 ədəd yumurta
150 ml ilıq süd
150 qram otaq temperaturunda yumşaldılmış kərə yağı
Bir çimdik duz
İçliyi üçün:
200 qram tünd şokolad (əridilmiş və ya sürtgəcdən keçirilmiş)
2 yemək qaşığı kakao
1 ədəd portağalın qabığı (rəndələnmiş)
50 qram kərə yağı
Şərbət üçün:
Yarım su stəkanı şəkər tozu
Yarım su stəkanı su
Bir neçə damcı portağal suyu
Hazırlanma qaydası:
Unu, mayanı və şəkəri böyük bir qabda qarışdırın. Üzərinə yumurta və ilıq südü əlavə edərək yoğurmağa başlayın. Yumşaq kərə yağını hissə-hissə əlavə edərək hamar və ələ yapışmayan bir xəmir əldə edənə qədər yoğurmağa davam edin.
Xəmirin üzərini örtün və isti bir yerdə həcmi iki qat artana qədər (təxminən 1-1.5 saat) mayalandırın.
Əridilmiş kərə yağı, kakao, portağal qabığı rəndəsi və şokoladı qarışdıraraq krem halına gətirin.
Mayalanan xəmiri düz bir səthdə dördbucaqlı şəklində açın. Hazırladığınız şokoladlı qarışığı xəmirin hər tərəfinə bərabər yayın. Xəmiri sıx bir şəkildə rulon kimi bükün.
Rulonu uzununa tam ortadan iki yerə bölün. Bu iki uzun parçanı bir-birinin üzərindən keçirərək hörük forması verin.
Hazırladığınız xəmiri keks qəlibinə yerləşdirin. Əvvəlcədən 180°C dərəcədə qızdırılmış sobada üzəri qızılı rəng alana qədər (təxminən 35-40 dəqiqə) bişirin.
Babka sobadan çıxan kimi üzərinə hazırladığınız ilıq şərbəti gəzdirin. Bu, şirniyyata həm parlaqlıq verəcək, həm də onu daha nəm saxlayacaq.
Bu reseptin siri portağal və şokoladın əbədi uyğunluğundadır. Portağal qabığı şokoladın ağırlığını balanslaşdırır və evinizə inanılmaz xoş bir ətir yayır.
Lalə Qüdrətova
Milli.Az





