Ermənistan-Azərbaycan münaqişəsi

Hamı təngə gəlib: Bakı hücum etsə... - Mixaylov

13 Mart 2019 19:24
Baxış: 2 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Azərbaycanın işğal olunmuş ərazilərində münaqişənin tarixində ilk dəfə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda münaqişənin həmsədr ölkələrin başçıları tərəfindən 2009-2012-ci illərdə təklif olunan elementlərə əsasən həll olunma zərurəti barədə ATƏT-in Minsk Qrupunun son bəyanatı müzakirə edilib. Bu elementlər sırasında Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizlik zəmanəti və özünüidarəetməsini təmin edən müvəqqəti statusu da olub.

Sözügedən iclasda Nikol Paşinyan Ermənistan hökumətinin ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülən 3 prinsip və 6 elementi danışıqlar prosesində əsas kimi qəbul edib-etməməsini cavab tapılması lazım olan mühüm məsələlərdən biri kimi şərh edib. Baş nazirin sözlərinə görə, bu suala cavab vermək üçün həmin prinsiplərin praktikada nə demək olduğunu və kimin onları şərh etmək hüququna sahib olduğunu anlamaq lazımdır. Məsələn, Azərbaycan tərəfinin şərhi Ermənistan üçün qəbuledilməzdir. Müzakirə prosesinin əsasları uyğunsuzluğa səbəb olmayan məqamlar olmalıdır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, teleaparıcı Yevgeni Mixaylovun fikrincə, işğal edilmiş ərazilərdə (hansı ki, dünya ictimaiyyəti tərəfindən işğal faktı kimi tanınıb) iclasın keçirilməsi vəziyyətin destabilizasiyasına yönələn qeyri-adekvat addımdır.

"Buna görə də əgər İrəvan Ermənistan Təhlükəsizlik Şurasının iclasını işğal olunmuş ərazilərdə keçirirsə, bu, məhz destabilizasiyaya yönələn addımdır və Azərbaycan tərəfinin bundan sonrakı addımları da şəraitə uyğun şəkildə ola bilər. Bu isə işğal edilmiş ərazilərdə nəzarətin qaytarılması üçün tammiqyaslı müharibəyə hazırlıq anlamına gəlir", - ekspert bildirib.

Onun sözlərinə görə, Paşinyanın münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun irəli sürdüyü əsasları istənilən istiqamətə təhrif etmək və ya redaktə cəhdləri artıq uzun müddətdir dünyanın geosiyasi paytaxtlarında allergik reaksiya oyadır.

"Aydındır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvanın faktiki olaraq onların etimadı ilə oynamasından və demək olar ki, vaxtı qalmayan Ermənistanın vaxt udmağa çalışmasından yorulub. Mən Qarabağ probleminin sülh yolu ilə həlli üçün vaxtı nəzərdə tuturam. Bütün maraqlı tərəflərin artıq çoxdandır ki, ən azından bufer zonadakı işğal olunmuş rayonların qaytarılmasını gözləməsi sirr deyil, ancaq bu baş vermədi", - Mixaylov deyib.

Ekspert Nikol Paşinyanın liderliyindəki Ermənistanın siyasi rəhbərliyinin bilərəkdən qarşıdurmaya getməsi təəssüratının yarandığını qeyd edib.

"Onlar üçün nə qədər erməni əsgərinin ölməsi vacib deyil. Mənim fikrimcə, onlar üçün Paşinyanın komandasının hakimiyyətə gəlməsini maliyyələşdirən Qərbdən olan tərəfdaşlarının bəzi tapşırıqlarını yerinə yetirmək daha vacibdir", - Mixaylov vurğulayıb.

Mixaylovun fikrincə, məsələ ilə bağlı rəsmi Moskvanın mövqeyi tamamilə şəffafdır - bütün bu oyunlar regionda Azərbaycanı özü üçün stabil və etibarlı tərəfdaş hesab edən Rusiyaya gərək deyil. Başqa çıxış yolu qalmayacağı halda, Azərbaycanın başladacağı antiterror əməliyyatı kəskin diplomatik tədbirlər görülməsinə səbəb olmayacaq.

"Fikrimcə, Moskva qısamüddətli əməliyyata gözlərini yuma bilər. Bundan əlavə, təəccüblənən dünya ictimaiyyəti sülh yolu ilə torpaqların qaytarılması ilə bağlı razılığa gələ bilmədiyi üçün Paşinyan hakimiyyətini töhmət altında qoyacaq. Özünü nüfuzlu göstərməyə çalışan İrəvanın bir tərəfdən digərinə qaçmasına baxmaqdan, hər kəs təngə gəlib. Vaxt bitib, artıq yaxın həftələrdə razılaşmağın vaxtı çatıb, yoxsa Bakı nümayişkaranə hücum xarakterli təlimlərini boş yerə keçirmmir", - ekspert fikrini tamamlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.