İç siyasət

Lord titullu məhəllə muxtarı azərbaycanlı milyarderin kosmik dövlətinə "köçmək" istəyir

21 Noyabr 2018 20:04
0 Şərh     Baxış: 1 349

Türkiyənin Kayseri vilayətinin Melikqazi qəsəbəsi, Alparslan məhəlləsinin muxtarı Fatih Çalışkan 2016-cı ildə qurulan tarixin ilk kosmik dövləti "Asgardiya"ya getmək niyyətində olduğunu elan edib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, artıq muxtar bunun üçün ərizə ilə də müraciət edib.

Mənbə yazır ki, o, 2013-cü ildə bir neçə nəfər əməkdaşla birlikdə getdiyi Şotlandiyada 20 kv metr simvolik torpaq sahəsi alıb. Şotlandiya qanunlarına görə, torpaq sahibi olduğu üçün ona Lord titulu verilib. Kosmosa getməyə həvəsli olan Çalışkan 2016-cı ildə qurulan "Asgardiya" dövlətinə getmək üçün internet üzərindən müraciət edib.

"Kosmos həmişə xəyalını qurduğum bir şeydir. Necə gedə bilərəm, nə edə bilərəm deyə düşünürdüm. Azərbaycan əsilli rusiyalı alim İqor Aşurbəyli kosmosda ölkə qurmaq planını açıqlayandan sonra vətəndaşlıq üçün müraciət etdim. Türk vətəndaşı, bir muxtar kimi kosmosda da olmağı arzu edirəm. Müraciətimi internet vasitəsilə etdim. 2020-ci ildə keçiriləcək seçim mərhələsinə hazıram. İntellektli insanları seçdikləri üçün mənim də seçiləcəyimə əminəm", - deyə muxtar bildirib.

Xatırladaq ki, kosmosda Yerdən asılı olmayan "Asgardiya" adlı dövlət qurduğunu elan edən azərbaycanlı alim və milyarder Rusiyanın S-300, S-400 raketlərini istehsal edən "Almaz-Antey" korporasiyasının rəhbəri olmuş İqor Aşurbəylidir. Aşurbəyli dünyada mövcud dövlətlərin heç birinə bənzəməyən, yeni və müstəqil dövlət qurmaq ideyasının onun beyninə təxminən 10 il əvvəl gəldiyini deyib. Lakin bunun üçün torpağa ehtiyac var idi. Yer üzərindəki torpaqlar isə çoxdan bölüşdürülüb. Ona görə də alim qərara gəlib ki, öz dövlətini kosmosda qursun. Beləlikə, Aşurbəyli öz dövlətini 2016-cı ildə Vyanada rəsmən elan edib. Bu yaxınlarda isə "Asgardiya"nın parlamentini, hakimiyyətini formalaşdırmağa başlayıb. Onun bildirdiyinə görə, hazırda hakimiyyətdə və parlamentdə 200-dən çox adam işləyir. "Asgardiya" ilk peykini 2017-ci ildə kosmosa buraxıb. 25 il ərzində isə ilk "asgardiyalı"nın kosmosda məskunlaşmasını gözlənilir.

İndiyə qədər 573 min nəfər bu ölkəyə getmək üçün müraciət edib. Onların içərisində 49 min Türkiyə vətəndaşı var.

Milli.Az 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.