İç siyasət

Milli Şuranın mitinqi ilə bağlı 100-ə yaxın şəxs polis bölmələrinə çağırılıb

26 Oktyabr 2017 15:51
0 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aidiyyəti orqanlar Milli Şuranın oktyabrın 28-nə təyin etdiyi mitinqdə iştirak edə biləcək şəxslərin müəyyənləşdirilməsi və onlarla müvafiq iş aparılması istiqamətində səylərini davam etdirirlər.

Milli.Az report.az-a istinadən bildirir ki, bu məqsədlə dövlət orqanlarında, səhiyyə, təhsil, mədəniyyət müəssisələrində və digər sahələrdə çalışanlara xüsusi nəzarət həyata keçirilir.

Bu günə kimi daxili işlər orqanları tərəfindən mitinq iştirakçısı olan 100-ə yaxın şəxs polis bölmələrinə dəvət edilib. Müəyyən olunub ki, onların bir qismi 2017-ci ildə Rusiya, İran, Türkiyə və Gürcüstanda səfərlərdə olub. Hazırda həmin şəxslərin xarici ölkələrdəki əlaqələri, müəyyən maraqlı dairələrin nəzarəti altında fəaliyyət göstərib-göstərməmələri araşdırılır. DTX müxalifətin mitinqində terror törətmək istəyən qrupu zərərsizləşdirdikdən sonra bu məsələlər daha ciddi aktuallıq kəsb etməyə başlayıb. O da məlum olub ki, polisə dəvət olunan şəxslərin bir qismi kriminal keçmişə malikdir.

Qeyd edək ki, aksiyanın keçiriləcəyi "Məhsul" stadionunun bir neçə yerində videoçəkilişlər aparılır, mitinqdə iştirak edənlərin foto və videogörüntüləri əsasında cəza tədbirləri həyata keçirilir. Aksiyada iştirakı müəyyən edilənlərin əvvəl fotoları çıxarılır. Onlar rəhbərlik tərəfindən çağırılaraq faktlar sübut kimi qarşısına qoyulur və heç bir izahat tələb etmədən işdən kənarlaşdırılırlar. Mitinqdə iştirak edənlərin "maraq üçün getmişdik", "danışdıqları ilə razı deyilik" kimi bəhanələrinə diqqət yetirilmir. Tədbir işçilərinin özləri ilə yanaşı, həm də yaxınlarının təzyiqlərə məruz qaldığı barədə məlumatlar var.

Xatırladaq ki, Milli Şuranın bundan əvvəlki mitinqlərində iştirak edən orta məktəb müəllimləri, MİS işçiləri, hətta mədəniyyət sahəsində çalışan tanınmış şəxslər belə işlərindən kənarlaşdırılıblar. Həmçinin aksiyada iştirak edən tələbələr də bu və ya digər bəhanələrlə ciddi cəza tədbirlərinə məruz qalıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.