Maraqlı

İslamın ilk dövrlərində idman yarışları

4 Dekabr 2021 20:20
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslamın ilk dövrlərində idman yarışlarıİdmanla bağlı bir məsələni mütləq diqqət mərkəzində saxlamaq lazımdır. İslam dinində idman və sağlamlıq nə qədər mühüm sayılsa da, insanın bütün vaxtını özünə sərf edəcək dərəcədə, onu dindən, ibadətdən, əxlaqdan yayındıracaq vəziyyətdə olmamalıdır. Dinimiz mənasız əyləncələrə qarşı sərt mənfi mövqe sərgiləyir. Ləhv və ləib adlandırılan mənasız əyləncələr həm Quranda, həm də hədislərdə tam ciddiyyətlə məzəmmət edilir. Allah-Təala Qurani-Kərimdə möminləri vəsf edərkən, onların "ləğv"dən, yəni mənasız əyləncədən, xalq dilində desək lağlağıdan uzaq olduqlarını xüsusi vurğulayır: "O kəslər ki, lağlağıdan üz döndərərlər" (Möminun, 3).

Hətta idman da əgər ləğv və ləhvü ləib sayılarsa, yəni vaxtın mənasız yerə sərf olunmasına, insanı faydalı işlərdən uzaqlaşdırmağa xidmət edərsə günah kateqoriyasına daxil olar. İdmanın məqsədləri bədəni sağlam saxlamaq, xəstəliklərin qarşısını almaq, tənbəllik və süstlüklə mübarizə aparmaq, artıq piylənməni, qocalmanı yubatmaq, zehni fəaliyyəti gücləndirmək, düşmənlə mübarizədə fayda gətirəcək vərdişlərə yiyələnmək, başqalarını buna təşviq etmək olmalıdır. Əgər idman bu məqsədlər üçün edilmirsə, o halda onu mənasız əyləncə adlandırmaq daha düzgün olar.

Bəzi hədislərdə idman növlərinin halal əyləncə adlandırılmasının səbəbi də bundan ibarətdir. Həmin idman növləri ilə məşğul olan şəxs hətta bunu əyləncə və dincəmək məqsədi ilə etsə belə, əslində bu hərəkətlər onun sağlamlığı üçün faydalıdır deyə, günah sayılmır. Məsələn, Peyğəmbərimiz (s) buyurmuşdur: "Mömin kişi üçün ən yaxşı əyləncə üzgüçülükdür, qadın üçün ən yaxşı əyləncə isə toxuculuqdur" (Mizan əl-hikmə, 4-cü cild, səh. 2804, hədis 18.369).

Yenə o həzrət bəzi idman növlərini halal əyləncə qisminə aid edərək buyurmuşdur: "Allahın zikri olmayan hər bir əməl əyləncə və hədərdir, yalnız bu dörd əməldən başqa: kişinin öz həyat yoldaşı ilə əylənməsi, kişinin öz atını əhliləşdirmək üçün çalışması, iki hədəf arasında gəzməsi (yəni ox atmaqla məşğul olması) və üzgüçülük öyrənməsi" (yux. mənbə, hədis 18.370).

1. At və dəvə cıdırları

İslam dininin bəyəndiyi idman növlərindən biri at və dəvə sürmək vasitəsilə yarışmaq, yəni cıdır oyunlarına qatılmaqdır. Əsas minik vasitələri olmaq etibarilə at və dəvə müsəlmanların həyatında həmişə mühüm rol ifa etmişdir. Qurani-Kərimdə at ilxıları bəsləmək və müharibə zamanı bu atları istifadəyə buraxmaq təşviq edilib: "...Kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin" (Ənfal, 60).

At sürmək müasir tibb elmi baxımından da çox faydalıdır. Onurğa sütununun əyilməsi, fəqərə zədələri, prostat vəzinin iltihabı kimi xəstəliklər zamanı at sürmək gözəl nəticə verir.

Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlar arasında atsürmə yarışları keçirir, hətta özü də bəzən bu yarışlara qatılırdı. Məşhur hədis mənbələrimizdən olan "əl-Kafi"də belə bir rəvayət vardır: Bir gün müşriklər Mədinə şəhərinin kənarındakı otlaqlara hücum etdilər ki, müsəlmanların minik heyvanlarını qarət edib aparsınlar. Bunu görən müsəlmanlardan biri haray saldı. Peyğəmbərimiz (s) haayı eşidib dərhal atına mindi və həmin istiqamətə çapdı. Digər msəlmanlar da tez miniklərinə süvar olub o həzrətin ardınca tələsdilər. Onlar çatana kimi müşriklər qaçıb uzaqlaşdılar. Bu zaman Əbu Qətədə adlı bir müsəlman Peyğəmbərimizdən (s) xahiş etdi: "Ey Allahın Rəsulu! Düşmən qaçdı. Əgər razısınızsa, atların belində yarışma keçirək". Yəni madam ki, düşmən qaçıb və təhlükə sovuşub, Mədinəyə qayıtmağı yarışma şəklində təşkil edək. Peyğəmbər: "Bəli" deyə, razılıq verəndən sonra yarışma başladı. Həzrət Rəsulüllah (s) həmin yarışmada qalib gəlib Mədinəyə birinci çatdı. Hətta Peyğəmbərimiz bu yarışmadan oz qədər məmnun olmuşdu ki, həm özünü, həm də mindiyi atı tərifləyən sözlər söyləmişdi (əl-Kafi, 5-ci cild, səh. 50-51; Vəsail əl-şiə, 19-cu cild, səh. 249-250, hədis 24.520).

Tarixi mənbələr yazır ki, Peyğəmbərimiz Mədinədə at yarışları üçün xüsusi cıdır marşrutu təyin etmişdi. Yarış üçün nəzərdə tutulmuş atlar Səniyyət əl-vəda təpələri ilə Bəni-Züreyq məscidi arasındakı bir millik (təqribən 1,6 km) məsafədə cıdıra çıxarılırdı. Yarış üçün nəzərdə tutulmuş cins atlar isə Həfya məntəqəsindən Səniyyət əl-vəda təpələrinə kimi 6 mil (təqribən 10 km) məsafəni qaçırdı (Səhih əl-Buxari, Cihad, 56; Sünən əl-Tirmizi, Cihad, 22; Sünən Əbu Davud, Cihad, 60 və Sünən ibn Macə, Cihad, 44).

Peyğəmbərimizin savaşlarını təsvir edən ən məşhur mənbələrdən sayılan Vaqidinin "əl-Məğazi" kitabında yazılıb ki, o həzrət atlar və dəvələr arasında yarış keçirmişdi. Bu yarışda Peyğəmbərin dəvəsi Qəsva qalib gəlmişdi. Həmin yarışda Qəsvanı idarə edən süvari isə məşhur müəzzin Bilal Həbəşi idi. Peyğəmbərin Lizaz və Zərib ləqəbli iki atı da atların yarışında qalıb gəlmişdi. Onları da səhabə Əbu Üseyd Saidi sürürdü (Vaqidi. əl-Məğazi, 2-ci cild, səh. 426).

Məşhur tarixçi Bəlazuri qeyd edir ki, Peyğəmbər (s) at cıdırlarına özünün üç atını çıxarırdı. Bu atların ləqəbləri Lizaz, Zərib və Səkb idi. Birinci atı o həzrətə Misir hakimi Müqəvqis, ikincini isə Oman hakimi hədiyyə etmişdi. Yuxarıda adı çəkilən Əbu Üseyd Saidi adlı səhabə bir yarışda Zəribin belində birinci gəlib çatdığı üçün Peyğəmbər ona Yəmən ipəyindən əba vermişdi. Həmin səhabə bir dəfə də Lizazın belində birincilik qazandığına görə Peyğəmbərdən Yəmən ipəyindən köynək almışdı (Bəlazuri. Ənsab əl-əşraf, 1-ci cild, səh. 510).

Çoxsaylı mənbələrdən məlum olur ki, Peyğəmbər dövründəki atsürmə yarışlarında gənclər fəal iştirak edirdilər. Abdullah ibn Ömər və Üseymə ibn Zeydin bu yarışlara qatıldığını təsdiq edən məlumatlar vardır.

Peyğəmbərimizin həyat tarixçəsini yazanlar belə bir hadisəni təsvir etmişlər. Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu ki, sənə atlar arasında cıdır keçirməyi tapşırıram. Əli (ə) də Süraqə ibn Malik adlı səhabəni çağırıb söylədi: "Peyğəmbərin cıdırla bağlı mənə tapşırdığı işi mən də sənə həvalə edirəm. Cıdır yerinə get və yarışa çıxan atları sıra ilə düz. Sonra camaata səslənib soruş ki, yarışa qatılmaq istəyən varmı? Əgər heç kimdən cavab gəlməsə, üç dəfə təkbir söyləyib atları yarışa burax.

Əli ibn Əbutalib (ə) özü gedib cıdırın sonunda (finişdə) oturdu və yerdə xətt çəkdi. İki nəfər bu xəttin uclarında üz-üzə durdular (hansı atın birinci gələcəyini təyin etmək üçün) (Sünən əl-Darəqutni, 5-ci cild, səh. 552-553).

Həzrət Rəsulüllahın at yarışlarında iştirak etdiyini məşhur səhabə Ənəs ibn Malik də təsdiq etmişdir. Ondan soruşdular: "Ey Əbu Həmzə! Siz Peyğəmbərin zamanında at cıdırında yarışırdınızmı?" Ənəs cavab verdi: "Bəli, Allaha and olsun ki. Peyğəmbərin özü Səhbə adlı atın belində yarışmış və hamını ötüb-keçmişdi" (Müsnəd Əhməd ibn Hənbəl, 3-cü cild, səh. 160 və 256; Sünən əl-Darimi, 2-ci cild, səh. 279-280; Sünən əl-Darəqutni, 5-ci cild, səh. 545; Beyhəqi. Əl-Sünən əl-kübra, 10-cu cild, səh. 35 (21), hədis 19.774 və s.).

Peyğəmbərimiz dəvə yarışları da təşkil edirdi. O həzrətin Əzba adlı yaraşıqlı bir dəvəsi vardı. Bu dəvənin adını Qəsva kimi də qeyd etmişlər. Əzba iti sürətli heyvan idi, yarışlarda çox zaman qalib gəlirdi. Bir dəfə Peyğəmbərin (s) oğulluğu Zeydin oğlu Üsamə bu dəvənin belində Təbukdan Mədinəyə kimi məsafəni birinci keçmişdi. Müsəlmanlar qalib gələn dəvənin Peyğəmbərə (s) məxsus olduğunu nəzərə alıb "Allahın Rəsulu birinci gəldi" söyləsələr də, həzrət özü buna etiraz edərək buyurmuşdu: "Xeyr, Üsamə birinci gəldi" (Vəsail əl-şiə, 19-cu cild, səh. 255-256, hədis 24.538).

Bir gün isə bir bədəvi ərəbin dəvəsi Əzbanı arxada buraxdı. Müsəlmanlar bu məğlubiyyətdən narahat olub kədərləndilər. Lakin Allahın Rəsulu (s) buyurdu: "Allah bu dünyada bir zaman yüksələni nəhayət, aşağı endirər (yəni qələbədən sonra ona məğlubiyyət verər)" (Səhih əl-Buxari, Cihad, 59). Bu kəlamla Peyğəmbər (s) yarışmaların nəticəsini səbirlə qarşılamağı, məğlubiyyətə təmkinlə reaksiya verməyi müsəlmanlara öyrətmiş oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.