Maraqlı

Allahdan qafil olan insan, özünü unudar

16 Oktyabr 2021 20:10
0 Şərh     Baxış: 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahı unutmağın gətirdiyi bəlaların bəzisi bunlardır:

1. Özünü unutmaq.

"Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!". ("Həşr" 19).

Özünü unutmaq - ruhun ən təhlükəli bəlalarındandır. Hər kim bu ruhi xəstəliyə düçar olarsa, insanlığının həqiqətini yaddan çıxardar və unudar ki, var olması üçün hər an ali bir Varlığa ehtiyacı vardır və özü - varlıq aləminin ən kiçik zərrəsidir. Özünü unudan insan həmişə özünü müstəqil və başqalarından ehiyacsız hiss edər. Ona görə də təkəbbür tələsinə düşər. Belə düşünər ki, gərək başqaları ona xidmət etsinlər və onu böyük hesab etsinlər. Bu bədbəxtliyinin kökü - Allahı unutmasındadır. Nəticədə insanlığın həqiqətindən bəhrəsiz qalar. Həmin həqiqət - Quranın buyurduğu kimi, qəlbdir.

2. Həyatı məşəqqətli olar.

"Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır". ("Taha" 124).

O kəs ki, Allahı unudar, yaradılışın hədəfini də unudar. Hər şeyi dünyada görər və ona görə də heç bir zaman dünyadan doymaz. Buna görə də əgər həyatda qüdrət sahibi olsa belə dünya sevgisi və dünyatələbi davamlı olaraq varlığını bürüyər və heç bir zaman sirab olmaz. Bu cür insanların problemi ondadır ki, ruhları susuzdur və ruhun susuzluğunu dünya ilə doyuzdurmaq olmaz. Bu susuzluq ancaq Allahı yada salaraq aradan gedə bilər.

3. Axirətdə kor olar.

"Və Qiyamət günü onu Məhşərə kor gətirərik". ("Taha" 124).

O kəslər ki, Allahın qüdrət və hikmətini görməməzliyə vurur, maddiyyata qərq olur. Həqiqətdə bəsirət və görmədən məhrum olur. Bu dünyada seçdikləri isə axirətdə onları kor edər. Buna görə də Allahın lütfünü müşahidə edə bilməzlər. O gün ki, Allahın kərəminə ehtiyacları olar, onu hiss edə bilməzlər və görə bilməzlər.

Həmin bəndə Allaha deyər: "O deyər: "Ey Rəbbim, mən (dünyada) gördüyüm halda nə üçün məni Məhşərə kor gətirdin?". (Allah) buyurar: "Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!"". ("Taha" 125-126).

4. Şeytan ona hakim olar.

"Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq". ("Zuxruf" 36).

O kəs ki, Allahı unudar, şeytanın hakimiyyəti altına girər. İnsan hər nə qədər Allahı yada salmaqdan uzaqlaşarsa, dünya ləzzətlərinə daha yaxın olar. Dünyanın hədəflərini əsl hədəfi bilər və bunun üçün çalışar. O, daima şeytanın vəsvəsəsi altında yaşayar. Özünün napak hədəflərinə çatmaq üçün heç bir çirkin işdən boyun qaçırmaz. Hər bir şeytani fikri xoş qarşılayar. İmam Sadiq (ə) bu haqda buyurur: "Şeytan vəsvəsə ilə bəndəyə hakim olar".

Allah Təala bizləri şeytanın vəsvəsələrindən amanda saxlasın və qəflətdən xilas etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.