Maraqlı

Mobil telefona patoloji bağlılıq - nomofobiya sosial hadisədirmi?

23 Sentyabr 2021 21:05
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cib telefonu olmadan müasir insanı təsəvvür etmək çətindir. Qəribədir ki, bəzi insanlar mobil telefonsuz olduqca sakit yaşayırlar. Mobil telefona həddən ziyadə bağlı olan insanlar da az deyil. Onlar səhər işə qaçaraq evdə unutdaqları telefon üçün təlaş keçirir, bu hadisə onlar üçün fəlakətə bəarbər olur. Telefon olmadan keçən bir gün boşa keçmiş sayılır və zənglərin, dost dedi-qodularının qaçırıldığı zaman dünyanın sonuymuş kimi dəyərləndirilir.

Cib telefon sahiblərinin 66%-I nomofobiyadan əziyyət çəkir. Nomofobiya ingiliscədən tərcümədə "cib telefonun olmaması qorxusu" anlamını verir. Kiçik "cib dostlarından" gözünü çəkməyən qurbanlara hər yerdə - ictimai nəqliyyatda, küçədə, ticarət mərkəzlərində, kafedə rast gəlmək olur. Zombi kimi ekranda baş verənləri izləyir, sürətlə sms yazır, saatlarla söhbət edirlər.

Nomofobiya çarəsizlik və ətrafdan, dünyadan təcrid olunma qorxusunu özündə birləşdirir. Keçmişdə qalan telefon köşkləri indi mobil telefonla əvəzlənərək insanları özünə tabe etmişdir. Əvvəllər dünya ilə əlaqənin olmaması təbii bir fenomenal hadisə idisə, bu gün təlaş, çaxnaşma, həyəcan təbilidir desək, yanılmarıq. Yəni mobil telefon yoxdursa, yardım çağırmaq üçün vasitə yoxdur, ailə, qohumla əlaqə yoxdur, informasiya yoxdur deməkdir. Hətta bir saat, təqvim belə yoxdur.

Tənhalıq qorxusu

Özünə nəzarət və təmin etmə hissi tədricən unudlmağa doğru gedir. Müasir gənc nəsil özünü təmin etmək üçün mobil telefon, planşet, noutbukla əhatə edir, uzun müddət yalnız qalmalı olur.

Müasir ünsiyyət vasitələri olmadan ən azı bir günə nə qədər tab gətirilə bilər? Aparılan təcrübəyə görə, bu "cəhənnəmdən" insanları 10%-i bacarıqsız çıxır. Niyə belə olur? Bütün ünsiyyət vasitələrini evdə buraxaraq əsl normal həyatda bir gün keçirmək çətin görünür? Belə çıxır ki, zəng, sms, poçt məktubları, social şəbəkə izləmələrinin olmaması lazımsızlıq, boşluq və tənhalıq qorxusu gətirir. Sanki kimsəsiz adaya atılmısan, fəryadını külək aparır və səni eşidən yalnız sən olursan.

Nomofobiyanı insanda hansı əlamətlərə görə seçmək olar?

-insan cib telefonunu tapa bilməyəndə gərgin və əsəbi olarsa,
-telefonunu tapana qədər əllərdə titrəmə, tərləmə, narahatlıq və s. kimi hisslərin insanı tərk etməzsə,
-toplantı, dərs, çıxış zamanı daim telefona baxarsa, saat, hava durumu, e-poçt, antenin tutub-tutmadığına tez-tez izləyərsə,
-telefonun qapalı və ya aviarejimdə tələb olunan yerlərdə telefonu söndürmə və ya rejim dəyişməsinə etiraz edərsə,
-çimərlikdə, tətildə telefonu yanından ayırmazsa,
-hamam otağına və tualetə telefonsuz getməzsə,
-gecə yastığının altına qoyarsa,
-yolu keçərkən zəng, yaxud sms gələndə təhlükəyə baxmayaraq telefonu açarsa,
-telefonun batareyasının tükənəcəyi qorxusundan daim üstündə adapter cihazı gəzdirərsə,
- fasiləsiz telefonunda sms, zənləri yoxlayarsa,
- mobil texnologiya sahəsində olan yenilikləri daim izləyərsə, telefon modelini tez-tez dəyişərsə, müxtəlif aksessuarlara meyllidirsə və s.
hallar, əlamətlər müşahidə olunursa, nomofobiyadan düşünməyə əsas yaranır.

Nomofobiya xəstəlikdirmi?

Nomofobiya uzun müddətdir ki, dünya mütəxəssisləri tərəfindən alkoqolizm, narkomaniya, qumarbazlıq və şoppinqomaniya ilə tutulur. Hətta bir çox asılılıq mərkəzlərində reabilitasiya proqramlarına da daxil edilir. Az qrup alimlər nomofobiyanı sosial bir hadisə hesab edərək sadəcə vərdiş adlandırırlar. Əlbəttə ki, telefon asılılığı qaraciyər, böyrək yetməzliyi verməsə də, onun "zəhərli" təsiri insanın şüuruna və real dünyasından yan keçmir. Hər hansı bir cib telefonundan gələn şüalanma təsirləri başqa mövzudur. Mobil cihazlardan sui-istifadə şişlərin yaranmasına, yaddaşın, immunitetin, görmə qabiliyyətinin enmısinə, endokrin və ürək-damar sistemi işinə əngəl olmasına və s. gətirib çıxarır. Fırtına və ildırım çaxan zaman mobil telefondan istifadə təhlükəli sayılır. Telefon elektrik enerji axını üçün mükəmməl kanaldır. Avtomobil idarə edərkən telefonla danışmaq da həyat üçün qorxulu vəziyyətlərdəndir.

Nomofobiyanın zərərsiz bir vərdiş olmasına inananların sayı azalmaqdadır. Belə vəziyyət davamlı olarsa, dərman üsulları ilə müalicə edilməli olan çox ciddi bir ruhi xəstəliyə çevrilə bilər.

Nomofobiyadan azad olmanın yolları

Özünüzə bir sual verin. 20 dəqiqə telefonsuz yaşaya bilərsinizmi? Çox güman ki, qorxunc sual olmadı.
Ən azdan başlayaq. Telefonu mənzil,yaxud evin içində gəzdirməyi dayandırın. Telefon olmadan marketdən qayıdanda evdə içərisində yüzlərlə buraxılmış zəng, sms görməsəniz, təəccüblənməyin.
Saat taxın, klassik zəngli saat qurun.

Yastığın altında telefonla yatmayın. Yuxudan öncə beyninizi telefonsuz istirahətə verin, gecə boyu zərərli şüalanmadan qorunun.

Telefonu yalnız təcili vəziyyətdə, iş gərəyində istifadə edin. Qısa və tez danışın. Əgər həmsöhbətinizlə 1-2 saat danışmaq məcburiyyəti varsa, mümkün qədər sabit telefondan yararlanın.

İstirahət zamanı telefonunuzu söndürün, yaxud səssiz rejimdə qoyun. Ailəvi naharda, kinoteatrda, sirkdə və başqa bu kimi məkanlarda söndürün. İmkan verin, bütün dünya gözləsin!

Tətildə yalnız müstəsna hallarda açıq qoyun. Daha çox "əhatə dairəsi" olmayan yerləri gəzin, məsələn, dağa, göl kənarına, meşəyə və s.

Telefonla internetdən yalnız məqsədli şəkildə istifadə edin, film izləmək, oyun oynmaq və s. üçün deyil.

Valideynlər üçün: Uşaqlarda telefon asılılığından qurtulmağa necə yardımçı ola bilərsiniz?

Uşağınızın həyatında daha çox canlı ünsiyyətin olduğuna əmin olun. Bu məqsədlə birlikdə gəzmək, məktəb tədbirlərində iştirak etmək, sərgi, yarmarka, teatr, kinoya getmək və uşağınızın dostlarını çay süfrəsinə dəvət etmək kimi vasitələrdən istifadə edin.

Uşağınızın gündə 2 saatdan artıq telefonda vaxt keçirməsinə yol verməyin.

Uşağın ailə tədbirləri və yemək yeyən zaman əlində telefonla oturmasına icazə verməyin.

Uşağınızın cədvəlini elə tərtib edin ki, internetdə mümkün qədər az vaxt keçirsin. İdman, rəsm, musiqi, dil kurslarına cəlb edin. Övladınız bir şeylə nə qədər çox məşğul olarsa, əlndə telefonla vaxt itirmək istəyi o qədər az olacaq.

Uşağınızın hobbisinə siz də maraq göstərin.

Sizə sms deyil, zəng vurmasının xahiş edin.

Onunla səmərəli vaxt keçirməyin yollarını axtarın.

Uşağa yatmazdan öncə smart telefon verməyin, çünki bu, yuxusuzluğa, diqqət dağınıqlığına və s. səbəb olur.
Qeyd etmək lazımdır ki, bu tərbiyə işləri faydalılıq meyarıdır. Və sizdən valideyn olaraq diqqət və dəstəyi alarsa, uşaq tənhalıqla mübarizə üçün telefondan istifadəyə ehtiyac duymacaq.

Nomofobiyadan uzaq olmaq üçün real işlərlə məşğul olunmalıdır. Gəzinti, pikniklər, dağlara çımaq, hovuzda üzmək, velosiped sürmək və s. Cib telefonundan istifadə etməyə kim mane olur ki? Əmin olun, maraqlı internet saytlarını gəzməyə vaxtımız qalacaq.

Həyat indiki zamandır. Onun hər anını dolğun, mənalı yaşamaq gərəkir. Unutmayaq, həyatın qaçırılmış anları bizə bir daha qayıtmayacaq!

Hira Abbey
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.