Maraqlı

Erikson hipnozu və trans

14 Sentyabr 2021 21:05
0 Şərh     Baxış: 355

XX əsrin 50-80-ci illərində məşhur amerikalı psixoterapevt Milton Erikson tərəfindən hazırlanan hipnoz forması klassik hipnozdan fərqləndi. Erikson hipnozunu ənənəvi hipnoz növlərindən fərqləndirən nədir sualına aydınlıq gətirmək üçün onun dramatik həyat hekayəsinə qısa nəzər salmaq gərəkir. 

Milton Erikson 1901-ci ildə Nevadada çoxuşaqlı ailədə doğulmuşdur. Danışmağa 4 yaşında başlamış, rəngləri, ətragdakı səsləri ayırmaqda çətinlik çəkmiş, üstəlik, disleksiyadan əziyyət çəkməsi zahirən onu zehni gerilikli kimi qələmə vermişdir. 17 yaşında keçirdiyi polimielit səbəbi ilə komaya düşmüş, sağalmasına heç bir ümid qalmamışdır. 3 günlük komadan ayılan Milton iflic olduğunu anlamış, əlil arabasına məhkum olmuşdur. Cəmiyyətdə heç bir reabilitasiya vasitəsi olmadığı üçün valideynləri onun sağalacağına ümid bəsləmirdilər. Milton özüylə zehni oyunlar oynarkən hələ də aktiv və iti düşüncəsini işə salmışdı. Ailəsinin şifahi və qeyri- şifahi ünsiyyəti arasında fərqi görməyi öyrənmişdi. Əqli və iradəsi hesabına özünü müalicə edərək ayağa qalxmış və bu təcrübə üzərindən psixoterapiyada yeni metodun əsasını qoymuşdur. Gələcəkdə onun tədqiqatları neyrolinqvistik proqramlaşdırmanın inkişafında böyük rol oynayacaqdı.

Ali təhsilini Madisonda yerləşən Viskonski Universitetində almış, psixiatr, psixoterapevt kimi bitirmiş, müxtəlif klinikalarda çalışmış, 1948-ci ildə keçirdiyi daha bir iflic səbəbi ilə pasientlərini ömrünün sonunadək (1980)  Finiksdəki evində qəbul etmişdir.

Erikson hipnozunun xüsusiliyi nədədir? 

Klassik hipnozdan fərqli olaraq Erikson hipnozu zamanı şəxslə psixoterapevt arasında aktiv, qarşılıqlı əlaqə qurulur. Ənənəvi hipnozda pasient hipnozçunun təklifi ilə passiv olur. Şəxsi nəzarət səviyyəsi aşağı düşür, məlumatı tənqidi qəbul edə bilmir. Erikson hipnozu ilə hər iki tərəf aktivdir. Mütəxəssis və pasient bir-birilə əməkdaşlıq edir, eyni anda pasient trans vəziyyətinə düşür. Bu isə onun dərin daxili resurslarına girişə kömək edir. Üstəlik, Erikson hipnozu təbiidir. Pasienti transa salmaq üçün daxili müqaviməti sındırmağa ehtiyac qalmır. Bunun sayəsində 80-90 % insanlar trans vəziyyətinə salmağa müvəffəq olunur. Ənənəvi hipnozda bu rəqəm 20-40 % təşkil edir. 

Trans vəziyyəti nədir? 

Trans-bioloji baxımdan zəruri olan təbii-psixoloji vəziyyətdir, səthi "özünə dalmaqdır". Trans vəziyyətində  beyin dincəlir. İnsanın "yeni gözlə" bir şeyi görməsinə mane olan çoxsaylı maneələr ayrılmış olur. Əlavə olaraq, bu vəziyyətdə fikirlər tez yaranır, birdən-birə problemin həll yolunu ələyib tapır, özü haqda, münasibətlər haqda və s. yeni düşüncələri ortaya qoyur. Təəssüf ki, gündəlik həyatda trans vəziyyəti çox dəyişkən və idarə olunmazdır. 

Erikson hipnozu zamanı dəyişmiş bir şüur necə işləyir? 

Hər hansı bir insanın psixikasında bütün həyatı boyu biliklərinin, təcrübələrinin, emosional durumunun və xatirələrinin saxlandığı əsl bir xəzinə evi vardır. Ancaq bu xəzinəyə giriş gündəlik narahatlığın, daimi nəzarət istəyinin və bir çox stereotiplərin nəhəng bir "dağ"ı ilə bağlıdır. Bu "dağ"ın arxasına baxmaq və pasientin psixikasının təbii qaynaqlarını onun xeyrinə istifadə etmək üçün həmin "dağ"ı aşmağa məhz hipnoz yardım edir. Xüsusi üsullardan istifadə edərək psixoterapevt pasienti transa salır, daha inadkar və israrlı edir, sonra müəyyən problemə tamamilə fərqli baxımdan göz atmağı təklif edir.

Erikson hipnozu zamanı insanın şəxsiyyəti sıxışdırılmır, trans vəziyyətində onun şəxsiyyətinə uyğun olmayan fikir və inanclar tətbiq edilmir. Bu, daxili qarşıdurma ehtimalını aradan qaldırır. Pasient sadəcə bir çox yeni imkanlar kəşf etmək və öz həyatını yaxşılaşdırmaq üçün optimal həll yolu tapmaq şansı qazanır. 

Beləliklə, Erikson hipnozu zamanı adam ayıq qalır, görür, eşidir, hiss edir. Ancaq diqqət mərkəzində adi həyatda olduğu kimi ətraf aləmə deyil, daxili aləminə yönəlir: xatirələrə, fantaziyalara, görüntülərə...
Bu növ psixoterapiyada dəqiq bir sxem yoxdur. Hər bir pasient üçün terapevt yeni texnika dizaynı qurur, Erikson təcrübəsindən bəhrələnərək işində yeni açarlar hazırlamış olur. Məsələn, həkim lətifə, nağıl, yaxud məsəl söyləyir, ancaq bunu xüsusi bir şəkildə, başqa sözlə, mesajların "gizləndiyi" metodlardan istifadə edir. Nağıl dinləyən pasient personajları təsəvvür edir və öz qanunları əsasında yaşayır, öz daxili aləmində qalaraq süjetin inkişaf səhnələrini görür. Təcrübəli həkim bu qanunları anlamağa çalışır, daxili dünyanın "xəritəsini" genişləndirməyi pasientə təklif edir. Vəziyyəti dəyişmək üçün variantlar söyləyir, bu şəkildə həkim şüurun davranış və hərəkətlərə tətbiq etdiyi və pasient üçün problemlər yaratdığı məhdudiyyətləri aşmağa yardımçı olur.

Erikson hipnozu hansı hallarda tətbiq oluna bilər? 

Erikson hipnozu müxtəlif problemlərə kömək edir, həm psixoloji, həm də psixosomatik. Fobiyalar, asılılıqlar, ailə və cinsi problemlər, posttravmatik sindromlar, qidalanma pozuntuları zamanı xüsusilə effekt verir. Hipnoz hər yaşda tətbiq oluna bilər, gərəkli hallarda qrup və ailə şəklində də mümkündür. Adətən, 6-10 seans icra olunur, hər seans 1 saat davam edir. 

Hansı halda Erikson hipnozu əks-göstərişdir? 

Mütləq əks-göstəriş insanın psixoz vəziyyətidir. Metod hipnozu öz məqsəd və qərarlarını dəyişmək və həyat məsuliyyətindən qaçmağa çalışan insanların müalicəsi üçün tövsiyə edilmir. 

Erikson hipnozu barədə hardan bilgi almaq olar? 

Milton Erikson 150-dən çox məqalə və kitabların müəllifidir. Ən məşhur kitabları:
"Səsim səninlə qalacaq", "Psixoterapiyada strategiya", " Hipnoterapiyada şəxsiyyət şüurunun inkişafı", "Hipnotik reallıqlar" və "Fevral ayından olan adam" əsərləridir. 

Haqqında çəkilən "Miltonun sirri" ("Milton's Secret"-2016) ,"Səhranın sehrbazı" (" Wizard of the Desert " 2014) adlı filmlər də məşhurdur. 

Bu gün bir Erikson hipnoterapiyasına getməyə qərar verdiyiniz təqdirdə nə gözləyə bilərsiniz? 

Bunu müəyyən etmək çətindir. Erikson hər bir pasientə fərdi yanaşdığı kimi davamçıları da onun qədər yanaşmalara malikdir. Belə bir zarafat vardır: "Bir lampanı dəyişmək üçün neçə Erikson hipnozu gərəkir?" Cavab: "On yeddi. Biri lampanı dəyişmək üçün və on altısı Miltonun bunu necə edəcəyini mübahisə etmək üçün".

Tomiris Əlili
Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.