Maraqlı

Qiyamət günü ən çox həsrət çəkən zümrələr

16 Yanvar 2021 21:10
Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan öz gələcəyi üçün münasib tədbir tökmədiyi, həyatının müxtəlif mərhələlərində nizam-intizamsızlığa, xəta və yanlışlıqlara yol verdiyi kimi bir sıra amillər ucbatından hədsiz həsrət içində yanmağa başlayır; bəzən bəzi həsrətlərə son qoyulsa da, bəziləri insan varlığında həmişəlik olaraq böyük qüssə tək yer tutur, onu rahat buraxmır, onun ruhu və fikrindən əsla çıxmır.
 
Milli.Az maide.az-a istinadən bildirir ki, bəzən həsrət çəkirik ki, axı nə üçün artıq aramızda olmayan və əbədiyyətə qovuşan ata-anamıza layiqincə ehtiram etmədik? Axı nə üçün əlimizə düşən dəyərli fürsət və nemətlərin qədrini bilmədik? Axı nə üçün maddi və mənəvi imkanlardan düzgün faydalanmadıq? Axı nə üçün gənclik gücümüzdən layiqincə bəhrələnmədik? Axı nə üçün nəfsani və şetytani istəklərə əsir olduq? Axı nə üçün qocalığımızdan qabaq gəncliyimizin, xəstəliyimizdən qabaq sağlamlığımızın, kasıblığımızdan qabaq sərvətimizin, məşğulluğumuzdan qabaq fərağət və asudəliyimizin qədrini bilmədik? Axı nə üçün Allaha yaxşı bəndə olmadıq? Axı nə üçün vaxtında ayılmadıq? Nə üçün və nə üçünlərin sayı artdıqca, insanda həsrət və peşmançılıq hissi daha da alovlanmağa başlayır, bu kimi sorğu və həsrətlər içində böyük məğlubiyyətlə üzləşir.
 
"Yəvmul-həsrət" - "Həsrət günü" Qiyamətin adlarından biridir. Yəni insan Qiyamət günü "Nə üçün fılan işi yerinə yetirdim? Nə üçün fılan işi yerinə yetirmədim? Kaş ki, bu işi yerinə yetirərdim! Kaş ki, o işi yerinə yetirməzdim!" - deyə təəssüflənəcək, həsrət çəkəcək. Bir sözlə, həmin gün hey özünü qınayacaq, danlayacaq, əməllərini çək-şevir edəcək və həsrətlə barmağını çeynəyəcək...
 
Qurani-Kərimə müraciət etdikdə, bəzi insanların Qiyamətdə həsrət içində yanacaqlarından söz açıldığının şahidi oluruq. O cümlədən:
1. Dünyada yaxşı insanlarla dostluq etməyənlər:
 
یَا وَیْلَتَى لَیْتَنِی لَمْ أَتَّخِذْ فُلَانًا خَلِیلًا
 
"Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim!" ("Furqan", 28.)
 
2. Peyğəmbərə (s) tabe olmayan zalımlar:
 
وَ یَوْمَ یَعَضُّ الظَّالِمُ عَلَى یَدَیْهِ یَقُولُ یَا لَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِیلًا
 
"O gün zalım əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım!" ("Furqan", 27.)
 
3. Zalımlar:
 
وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِّنْ هَذَا بَلْ كُنَّا ظَالِمِينَ
 
"Haqq vəd (Qiyamət) yaxınlaşdıqda, kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: "Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım idik!" - deyərlər." ("Ənbiya", 97.)
 
4. Kafirlər:
 
إِنَّ الَّذینَ كَفَرُوا یُنْفِقُونَ أَمْوالَهُمْ لِیَصُدُّوا عَنْ سَبیلِ اللَّهِ فَسَیُنْفِقُونَها ثُمَّ تَكُونُ عَلَیْهِمْ حَسْرَةً ثُمَّ یُغْلَبُونَ وَ الَّذینَ كَفَرُوا إِلى‏ جَهَنَّمَ یُحْشَرُون
 
"Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün xərc edərlər. Onlar mallarını xərc edəcək, lakin sonra həsrət çəkəcək, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəmə tərəf sürüklənəcəklər." ("Ənfal", 36.)
 
5. Allahın göstərişlərinə qarşı səhlənkarlıq edənlər:
 
أَن تَقُولَ نَفْسٌ يَا حَسْرَتَى علَى مَا فَرَّطتُ فِي جَنبِ اللَّهِ وَإِن كُنتُ لَمِنَ السَّاخِرِينَ
 
"(Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edənlərdən idim!" - deməsin." ("Zumər", 56.)
 
Qeyd etməliyik ki, Allah-Taala "Məryəm" surəsinin 39-cu ayəsində "Həsrət günü" ilə bağlı bütün insanlara xəbərdarlıq edərək belə buyurur:
 
وَ أَنْذِرْهُمْ یَوْمَ الْحَسْرَةِ إِذْ قُضِیَ الْأَمْرُ وَ هُمْ فی‏ غَفْلَةٍ وَ هُمْ لا یُؤْمِنُون
 
"(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı həsrət günü ilə qorxut!"
 
Qiyamətdə bir zümrə keçmişi ilə bağlı həsrət və peşmançılıq içində ikən, bir zümrə də həsrət və peşmançılığı diqqəti cəlb edəcək, dil əzbərinə çevriləcək, həsrət və peşmançılıq hissi onların bütün varlığını bürüyəcək. Aşağıda adıçəkilən üç zümrənin həsrət və peşmançılığı başqalarının həsrət və peşmançılığı ilə əsla müqayisə edilməyəcək:
 
1. Öz axirətini başqasının dünyasına görə satanlar:
 
Peyğəmbəri-Əkrəm (s) buyurur:
 
إنَّ أشَدَّ النّاسِ نَدامَةً يَومَ القِيامَةِ، رجُلٌ باعَ آخِرَتَهُ بدُنيا غَيرِهِ
 
"Qiyamət günü insanlar içərisində hamıdan çox həsrət çəkən (və peşman olan) öz axirətini başqasının dünyasına görə satan kəsdir." ("Kənzül-ümmal", c.3, səh.510.)
 
2. Haqq-ədalətdən danışıb, özü isə ona riayət etməyən zalımlar:
 
İmam Sadiq (ə) buyurur:
 
اِنَّ مِن اَعظَمِ النّاسِ حَسرَهً یَومَ القِیامَهِ، مَن وَصفَ عَدلاً ثُمَّ خالَفَهُ اِلَى غَیرِه
 
"Qiyamət günü insanlar içərisində ən çox həsrət çəkən ədalətdən danışan, amma özü başqasına ədaləti rəva görməyən (və haqsızlıq edən) kəsdir." ("Vəsailuş-şiə", c.15, səh.295.)
 
3. Haram yolla sərvət qazananlar:
 
İmam Əli (ə) buyurmuşdur:
 
إنَّ اعظَمَ الحَسَرَاتِ یَومَ القیامَةِ حَسرَةُ رَجُل کَسَبَ مالاً فی غَیرِ طاعَةِ اللهِ فوَرِثَهُ رَجُلٌ فانفَقَهُ فی طاعَةِ اللهِ سُبحانَهُ فَدَخَلَ بِهِ الجَنّة وَ دَخَلَ الاوَّلُ بِهِ النّارَ
 
"Qiyamət günü insanlar içərisində ən çox həsrət çəkən o kəsdir ki, var-dövlətini Allaha itaətsizlik (haram) yolla qazansın, digəri isə həmin var-dövləti irs aparıb sübhan Allahın itaətində sərf edərək Cənnətə getsin, birincisi (var-dövləti qazanan) isə Cəhənnəmə getsin." ("Nəhcül-bəlağə", hikmət 421.)
 
Ümid edirik ki, doğru-düzgün tədbirlər çərçivəsində həyatımızda heç vaxt həsrət və peşmançılıq hissi keçirməyəcəyik. Allahdan istəyimiz budur ki, bizi Qiyamət günü həsrət çəkənlər zümrəsində qərar verməsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.