Maraqlı

Şərqi Avropaya satılmış köhnə avtomobillər insanlar və ətraf mühit üçün təhlükə mənbəyidir

28 Oktyabr 2020 08:26
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərqi Avropada, ABŞ-da və Yaponiyada qüvvədə olan ekoloji standartlara cavab verməyən milyonlarla köhnə avtomobil, avtofurqon və mikroavtobus Afrika, Şərqi Avropa və digər bölgələrdəki yoxsul ölkələrə satılır və orada havanın çirklənməsinə, qlobal istiləşmənin sürətlənməsinə, yollarda qəzaların sayının artmasına və əhalinin sağlamlığının pisləşməsinə səbəb olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər BMT-nin Ətraf Mühit Proqramının (UNEP) yeni məruzəsində əks olunub. "Köhnəlmiş avtomobillər və ətraf mühit: köhnəlmiş minik nəqliyyatının icmalı-miqyası və nizamlanması" adlanan yeni məruzənin müəllifləri qeyd edirlər ki, 2015-2018-ci illərdə dünyada ixrac edilmiş köhnə minik avtomobillərinin sayı 14 milyona çatıb. Köhnə maşınların təqribən 40 faizi Afrika ölkələrinə, 24 faizi Şərqi Avropa ölkələrinə, 15 faizi Asiya-Sakit okean regionuna, 12 faizi Yaxın Şərqə və 9 faizi Latın Amerikasına satılıb.

Ekspertlər istifadədə olmuş nəqliyyatın minimal keyfiyyət standartlarını qəbul etməyə çağırırlar. Məruzənin müəllifləri qeyd edirlər ki, yoxsul ölkələrdə havanın çirklənməsinin və iqlim dəyişmələrinin əsas mənbəyi köhnəlmiş avtomobillər parkının sürətlə genişlənməsidir. Enerji sektoru ilə bağlı istixana qazlarının qlobal tullantılarının təqribən 25 faizi nəqliyyat sektorunun payına düşür.

UNEP-in icraçı direktoru İnger Andersen deyib: "Uzun illərdir ki, köhnəlmiş avtomobillərin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə ixracı sürətlə artır, nəticədə ətraf mühit çirklənir". Onun fikrincə, zəngin ölkələr beynəlxalq nizamlamada mövcud olan boşluqlardan istifadə edərək köhnəlmiş, ətraf mühiti çirkəndirən və təhlükəli nəqliyyat vasitələrini yoxsul ölkələrə "tullayırlar".

Andersen vurğulayıb: "İnkişaf etmiş ölkələr ətraf mühit üçün təhlükəsizlik baxımından yoxlanılmamış və öz bazarlarında istismar üçün yararlı hesab edilməyən nəqliyyat vasitələrinin ixracını dayandırmalı, idxalatçı ölkələr isə daha ciddi keyfiyyət standartları tətbiq etməlidirlər".

UNEP-in yeni məruzəsinin müəllifləri köhnəlmiş nəqliyyat vasitələrinin, o cümlədən yükqaldırma qabiliyyəti yüksək olan köhnə avtomobillərin ətraf mühitə təsirini daha müfəssəl öyrənmək üçün əlavə araşdırmalar aparılmasını təklif edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.