Maraqlı

Səudiyyə Ərəbistanında 120 min il əvvələ aid insan və heyvan ayaq izləri tapılıb

18 Sentyabr 2020 21:20
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının Tabuk bölgəsində 120 min il əvvələ aid insan və vəhşi heyvan ayaq izləri tapılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Krallığın Mədəniyyət Nazirliyi bununla əlaqədar İrs Komissiyası ilə birlikdə beynəlxalq və yerli arxeoloqların, həmçinin ekspertlərin iştirakı ilə xüsusi qrup yaradıb. Səudiyyə Ərəbistanının İrs Komissiyasının prezidenti Cəsir Əl Hərbiş bildirib ki, yeni tapıntı Ərəb yarımadasında ən qədim insanların məskunlaşdığını sübut edir. Onun sözlərinə görə, Nəfud səhrasında 120 min il əvvəl ibtidai insanların yaşadığı elmi sübutlarla təsbit edilib.

Yaradılan qrup müəyyən edib ki, sözügedən ərazidə 7 insan, 107 dəvə, 43 fil və digər heyvanların ayaq izləri, habelə 233 sümük qalıqları mövcuddur. Arxeoloji tapıntılar Krallığın həyata keçirdiyi "Yaşıl Ərəb Yarımadası" layihəsi çərçivəsində aparılan işlər zamanı aşkar edilib. Almaniyanın Plank İnstitutu, Oksford Universiteti, Avstraliyanın Quinlend Universiteti, Səudiyyə Kral Universiteti və "Aramco" neft şirkəti arxeoloji ekspedisiyanın fəaliyyətinə dəstək göstəriblər. Layihə çərçivəsində, eyni zamanda, səhrada vulkan püskürmələri nəticəsində meydana gəlmiş kraterlər, Ərəb yarımadasındakı səhraların yaşıllaşdırılması perspektivləri də öyrənilir. Aparılan tədqiqatlar zamanı çoxlu sayda nəsli kəsilmiş heyvanların qalıqları da tapılıb və laboratoriyalara göndərilib.

Alimlər müəyyən ediblər ki, Səfəqah bölgəsində 200 min il əvvəl assuriyalıların əcdadları yaşayıblar. Onlar bu əraziyə Afrikadan köçüblər. Yeni tapıntı isə Afrika istisna olmaqla, dünyada ən qədim insan izləridir. Eyni ərazidə bir neçə il əvvəl 85 min il əvvələ aid insan izləri də tapılıb. O da məlum olub ki, burada 100 min il əvvəl böyük göl olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.