Maraqlı

Əlahəzrətin adyutantının yubileyi

10 İyul 2020 23:52
Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onunla ömürlük müqavilə bağlanıb 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Siz uzun illər incəsənətə sədaqətli olubsunuz, teatrsevərləri və kinematoqrafçıları dərin və maraqlı aktyor və rejissor işinizlə sevindiribsiniz. Çox minnətdarıq ki, "Malıy Teatr"da fədakarlığınız sayəsində maraqlı, bədii xalq düşüncələrinizi bu gün də şövqlə həyata keçirirsiniz". "Malıy Teatr"ın bədii rəhbəri, Rusiyanın Xalq artisti, Əmək Qəhrəman Yuri Solominə 85 illiyi münasibətilə ölkə prezidenti Vladimir Putindən daxil olan təbrik məktubu aktyoru çox sevindirib. "Parlaq istedadınız və fərdi xüsusiyyətiniz sayəsində, siz həm kinoda, həm də teatrda unudulmaz bədii obrazlar yaradıbsınız. Buna görə də çoxsaylı tamaşaçı nüfuzunu qazaıbsınız. İnanıram ki, sizin çoxcəhətli fəaliyyətiniz sayəsində gələcəkdə də xalqlarımız arasında dostluq və bədii əməkdaşlıq möhkəmlənəcək"- fikirləri isə Belarus prezidenti Aleksandr Lukaşenkonun təbrikində yer alıb. 

Tamaşaçılar isə hələ də inanmır ki, həqiqətən, istedadlı rejissor və pedaqoq Yuri Solominin 85 yaşı var. Hərçənd onun teatrını tez-tez "konservativ və muzey" adlandırırlar. Lakin Solomin bunu sədaqət və ənənələrə sadiqlik kimi dəyərləndirir. Kinonu xilas etdiyi illərdə belə ,o, "Malıy Teatr"a xəyanət etməyib. "Malıy Teatr"ın "naftalan" qoxuduğunu deyən yaman dillərə rəğmən, Yuri Solomin tarixə ilk növbədə məşhur aktyor və əfsanəvi rus teatr məktəbinin ənənələrini qoruyan insan kimi daxil olub. "Ailəmizdə isə ən çox onun komediya filmlərini sevirlər" - deyə Yuri Solominin nəvəsi danışır: "Yarasa" filmindəki etibarsız ər. "Sadə möcüzə"dəki traktor sürən qadına vurulmuş oğlan. Bu filmdə o, kiçik qardaşı Vitali ilə çəkilib. O, bu günə qədər də qardaşının ölümünü xatırlayır və həmin an başqa yaxşı şeylərdən danışmağı xahiş edir". 

Yuri Solomin, həmçinin rejissor kimi də çalışır. Teatrsevərlər arasına səs salan çoxlu tamaşaların quruluşunu verib. O, öz kino xəzinəsi ilə Rusiya kinematoqrafiyasına daxil olub. Çəkildiyi yüzdən artıq film, oynadığı və quruluş verdiyi tamaşalar onun adını Rusiyanın mədəniyyət tarixinə əbədi yazdırıb. 
 
Nə az, nə çox - 64 il
 
Yuri Solomin Çita şəhərində musiqiçilər ailəsində anadan olub. Atası Mefodiy Solomin simli alətlərdə, xüsusən də kanonda  gözəl ifa edirdi. Anası Zinaidanın isə yaxşı səsi olub. Valideynlərinin hər ikisi Pionerlər Evində musiqidən dərs deyiblər.  Lakin Yurinin və kiçik qardaşı Vitalinin uşaqlıqdan  həvəsi, daha çox aktyorluğa idi. Buna görə də, əvvəlcə Yuri, sonra isə Vitali orta məktəbi bitirən kimi aktyor olmaq üçün Moskvaya yollandılar. 1957- ci ildə Yuri Solomin Şepkin adına Teatr Məktəbini bitirir və "Malıy Teatr"ın truppasına qəbul edilir. Dörd ildən sonra isə o, doğma məktəbinə müəllim işləmək üçün qayıdır. Kiçik rollarla səhnəyə çıxan aktyor ,illər keçdikcə nəinki baş rolları oynayır, hətta teatrın bədii rəhbərinədək yüksəlir. Hazırda nə az, nə çox, 64 ildir ki, teatrın bədii rəhbəri postundadır. 2019-cu ildə Mədəniyyət Nazirliyi ölkə tarixində ilk dəfə olaraq onunla ömürlük müqavilə bağlayıb. 
 
Əlahəzrətin adyutantı

1969-cu ildə Mərkəzi Televiziyada "Əlahəzrətin adyutantı" bədii filmində ekranlara çıxan aktyor xeyli məşhurlaşdı. Yevgeni Taşkov ona "Adyutant"da oynamağı təklif edəndə həmin an etiraz etdi. Əgər rejissorun inadkarlığı olmasaydı, biz hələ də Solomini - kapitan Koltsovu tanımazdıq. Kinosevərlər bu günə kimi də onu "kapitan Koltsov" adlandırırlar. Amma Bədii Şura qətiyyən onun bu rolda çəkilməsini istəməyib. Sadə çitalı oğlanın zahiri aristokrat  görünüşü  kəşfiyyatçı-çekist roluna yaramırmış. Lakin rejissor Yevgeni Taşkov şərt kəsib: ya kimi istəyirsə onu çəkəcək, ya da film çəkilməyəcək. Bununla da məmurları geri çəkilməyə vadar edib. 

Yuri Solominin kinoda ilk rolu 1960-cı ildə "Yuxusuz gecə" filmində mühəndis Pavel Yeqoroviç obrazı olub. Həmin ana qədər aktyor bir neçə gözə çarpmayan epizodda çəkilmişdi. Bundan sonra aktyor "Ana ürəyi" (Dmitri Ulyanov), "Təqib" (Nikolay Makaroviç), "Adi möcüzə" (Emil), "SİTA bəyan etməyə müvəkkil olunmuşdur" (Vitali Slavin) və s. filmlərə çəkilir.  "Əlahəzrətin adyutantı"ndan sonra isə o, birdən-birə ölkənin ən populyar artistlərindən birinə çevrilir. Artıq onun kinobioqrafiyasının hər detalı pərəstişkarları üçün maraqlı görünürdü. Ancaq bu şöhrət aktyoru dəyişdirmədi, o, yenə də teatrda əsl aktyor istedadını nümayiş etdirirdi.  

Yuru Solomin özünü aktyorluqla yanaşı, rejissorluqda da sınayıb. "Malıy Teatr"ın səhnəsində N.Qoqolun "Müfəttiş", A.Çexovun "Qağayı", "Üç bacı" və s. əsərlərini uğurla tamaşaya qoyub. Yuri Solomin 1990-91-ci illərdə sovet dövrində Rusiyanın sonuncu mədəniyyət naziri olub. Amma tezliklə nazir vəzifəsinin, məmurluq işinin onluq olmadığını başa düşərək vəzifəsindən ayrılıb.

Kasıb yaşamağımıza baxmayaraq... 

Aktyor addımbaşı deyir ki, ürəyini kiməsə açmağı və bölüşməyi sevmir. Lakin 2018-ci ilin aprelində Yuri Solomini tok-şousuna dəvət etmiş Boris Korvenikova aktyoru "danışdırmaq" müyəssər olub. Aktyor uşaqlığından, hərbi hospitaldakı yaralılar və həkimlər qarşısında səhnəyə ilk çıxışından və birinci qonorarından - aldığı bir parça qənd parçasından söhbət açıb: "Anam  aktyorluq karyeramın əleyhinə olub. O, mənim cərrah olmağımı arzulayırdı. Atam isə mənim seçimimi dəstəkləyirdi". O, verilişdə atası ilə birgə Çitanı fəth etməyə yollanmasını, bir kilo suxarının onun həyatını necə xilas etməsini xatırlayıb. Orada Yuri gələcək həyat yoldaşı Olqa ilə rastlaşıb və onlar ömürlərinin axırına kimi bir-birinə sadiq olublar. Olqa Solomina da aktrisa idi. Onlar teatrda tamaşa izləyərkən tanış olublar. "Tamaşanı izləyərkən yanımdakı yer boş idi. Olqa gəlib həmin yerdə əyləşdi. Ona baxanda hiss etdim ki o, mənim həyat yoldaşım olacaq. Bu tanışlıqdan bir il sonra biz toysuz evləndik. Biz çox kasıb yaşayırdıq. 1965-ci ildə Darya adında qızımız doğuldu. İmkansızlıqdan ona çarpayı almağa pul tapmırdıq. Amma kasıb yaşamağımıza baxmayaraq, xoşbəxt idik. Çünki başa düşürdük ki, xoşbəxtlik pulda deyil. İndi Aleksandra adında nəvəmiz də var"- deyə aktyor xatırlayır. 

Cütlüyə brilyant toylarını - 60 illiklərini də qeyd etmək nəsib olub. Keçən il Olqa dünyasını dəyişib. Aktyor sevimli həyat yoldaşından sonra özünü tənha hiss etdiyini gizlətmir: "Keçmiş xatirələrlə yaşamaq, bəzən adama əzab verir. Əgər sevimli bir insanı itirmisənsə və anlayanda ki, daha onu heç vaxt gerin qaytara bilməyəcəksən, bu, çox kədərlidir. Onunla keçirdiyin hər an xatirimdədir. Düşünəndə kədərlənirsən, yoxluğu səni sıxır. Hərçənd, anlayırsan ki, həyatda heç nə əbədi deyil. Biz hər zaman ən yaxın adamımızı itirməyimizlə barışmalıyıq. Mən kinoda və teatr səhnəsində bu cür hadisələrə daha tez alışıram, nəinki həyatda..." Aktyor nəvələri ilə başını qatır, sevimli teatrının səhnəsi onu yaşadır: "İnsan işini çox sevəndə, bu, onun həyatının bir parçasına çevrilir. Su qədər, hava qədər vacib və əhəmiyyətli olur. Hətta, onsuz nəfəs belə ala bilmirsən. Mənim teatrım da elədir. Məni həmişə yaşadan, mənə ruh verən sənətim olub"- deyə Yuri Solomin bildirir.
 
...bu da bayram

Görkəmli insanlarla tanışlıq ona həmişə müyəssər olub. Məsələn, o, ingilis kraliçası Yelizaveta ilə onun Moskva səfəri  zamanı tanış olub. Xatirə olaraq Yuri Solomin ona "Malı Teatr"ın mücrüsünü bağışlayıb: "Qadın bu mücrünü görərkən onu əlinə alıb gülməyə başladı. Sonradan onunla gəlmiş yaşlı şəxs "Siz hardan bildiniz ki, o, mücrü kolleksiyası toplayır? Siz məqamına düşdünüz" - deyib. 

Yuri Solomin karyerası boyunca bircə ay da səhnəsiz qalmayıb. Bu gün onun düşüncələri keçmişə yox, gələcəyə yönlənib. Tezliklə aktyorlar məşqlərə gələcəklər. Və Solomin öz rejissor kreslosunda otura bilməyəcək, hökmən səhnəyə qalxıb necə hərəkət etməyi onlara başa salacaq. Onun parlaq gözlərində ahıllığın işartısı hiss olunmur. "Malıy Teatr" onun yubileyinə onlayn festival həsr edəcək. Yuri Solomin deyir: "Bundan artıq bir həcmdə veriliş nümayiş etdirmək mümkün deyil. Çünki bizim teatrın işçiləri və televiziya üçün çəkilişlər etmək - fərqli şeylərdir. Bizim üçün tamaşalar işçi materialları əsasında çəkilir. Əlbəttə, bizim kifayət qədər tamaşalarımız var ki, "Qızıl Fond"da qalır. Onları göstərmək olar. Onlar yüksək keyfiyyətdə çəkiliblər. Ancaq onların bəziləri elə lentlərə yazılıb ki, müasir şəraitdə geniş tamaşaçı kütləsinə müasir üsullarla nümayiş etdirmək olmaz". Yuri Solomin teatrın normal həyata qayıdacağı günü səbirsizliklə gözlədiyini gizlətmir: "Düzü, mən başa düşmürəm, iki metr aralı məsafədə necə oynamaq olar? Öpüşmək? Bəs qucaqlaşmaq? Maskada oynamaq necə mümkündür? Hələlik təkcə onu deyə bilərəm ki, iyunun 5-dən teatr məzuniyyətdədir. Əgər hər şey qaydasında olacaqsa, avqustda məşqləri bərpa edəcəyik, sentyabrda isə 265-ci mövsümü yeni uğurlarla açacağıq". Ənənələrə sadiq aktyor "Malı Teatr"ın boş dəhlizini gəzərək tamaşaçıların yenidən bu teatra axacağının xəyalını edir: "İstərdim ki, gələcək nəsil, mənim nəslimə inanaydı. Mütləq teatra və klassikaya qayıtmaq lazımdır". 

Yubileyini necə keçirəcəyini soruşanlara "Hamı dağılışıb, çoxu özünütəcriddədir. Qızım və nəvəm iki uşağı ilə gələcək, Oturub çay içəcəyik, bu da bayram..." - deyə cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.