Maraqlı

"Bu filmi izlədikdən sonra orda olan bütün məkanları görmək istədim" - Onun film seçimi

26 Aprel 2020 20:50
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. 

Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə Azərbaycan Dövlət Televiziyasının aparıcısı Nuranə Babayevanın məsləhət gördüyü filmləri təqdim edirik. 
 
Nuranə Babayevanın ilk seçimi "Ameli" ("Amelie") filmi oldu: "Filmi Fransaya səfər ərəfəsində izlədim, daha sonralar anladım ki, zamanı düzgün seçmişəm. "Ameli"ni izlədikdən sonra filmdə olan bütün məkanları görmək istədim. Arzuladığım Paris həyatı, şəhərin ən hündür nöqtəsi və yaradıcı insanların toplaşdığı Monmartr. Amelinin olduğu kafeyə getdim, sifariş verdiyim bir fincan qəhvəni içəndə, filmdəki hadisələr gözümün önündə canlanmağa başladı. Bir çox suallar yarandı. Həyata fərqli gözlə baxmaq, əslində, nədir? Əsl sevgini necə hiss etmək və hiss etdirmək olar? İnsanların həyatına toxunaraq nələr qazana bilərik? Kiçik şeylərlə sevinmək mümkündürmü? Filmin ən diqqət çəkən hissəsini, incə və həssas bütün psixoloji məqamlarını analiz etdim. İzləyəndə, hisslər qarışır, amma dəyişməyən, üzdə yaranan məsum gülümsəmə və ehtiva etdiyi səmimiyyətdir. Filmin musiqiləri ondan ayrılmamağa sövq edir, sehrə salır. Burada həyatın bütün rənglərini görmək olur. Sloqanı isə belədir : "O, sizin həyatınızı dəyişəcək", həqiqətən də bu dəyişikliyi mənim kimi hiss edəcəksiniz".
 
"Da Vinçi şifrəsi" filmi də onun bəyəndikləri sırasındadır: "Detektiv janrını sevən insanlar, düşünürəm ki, Dan Braunun bu bestsellerini mütləq oxuyublar. Mən də bu janrı çox sevdiyim üçün kitabı oxuduqdan sonra filmini də izləməyə qərar verdim. Luvr muzeyində baş verən cinayət, öldürülən muzey müdirinin cəsədinin üzərinə qanla çəkilən beşbucaqlı, ardınca ötürülən mesajlar, fibonaççi nəzəriyyəsi əks olunur. Ümumiyyətlə, düşündürməyə məcbur edən ekran işində həyəcan, qorxu, adrenalin hissini yaşayacaqsınız. Filmi izlədikdən sonra Luvr muzeyini ziyarət edənlər, bəlkə də, mənimlə razılaşarlar ki, insan orada qəribə aura, qorxu və mənfi enerjini hiss edir. Filmi izləyənlərin muzeyə baxışı fərqli olur. Onlar muzeyə, cinayətin baş verdiyi hadisə yeri kimi baxır, eksponatlara detektiv gözü ilə yanaşır, nə isə axtarır, izləməyənlər üçün isə nadir eksponatlarla dolu muzeylə tanışlıqdır".
 
"Lion"filmi onun 3-cü seçimidir: "Film Hindistanda səfalət içində yaşayan, çox kasıb ailədən olan, 5 yaşında itən, 25 il sonra anasını tapan Sarunun həyatından bəhs edir. Filmin qəhrəmanı 1986-cı ildə doğulan Saru Brierlidir. Rejissor bu ekran işini onun həyatının əks edildiyi "Evə gedən uzun yol" əsəri əsasında ərsəyə gətirib. Evə getmək üçün mindiyi qatar Sarunu minlərlə kilometr uzaqlara aparır və beləcə, bu balaca oğlanın həyatı alt-üst olur. Filmdə qurulan dialoq məni bir neçə ay təsirində saxladı. Avstraliyalı ailə tərəfindən övladlığa götürülən Saru bioloji ailəsini axtarır. Sarunun anasına "kaş ki, sizin öz övladınız olardı, məni seçməzdiniz"  deməsinin qarşılığında "əslində bizim övladımız ola bilərdi, bu dünyada sevgiyə, qayğıya ehtiyacı olan uşaqlar var və atanızla qərar verdik ki, biz həmin uşaqlara ailə olmalıyıq" cavabını almasından sarsılır. Məhz elə bu fikir filmin ən dərin, düşündürən sosial mesajını ötürür".
 
N.Babayevanın sonun seçimi isə "Pianoçu" filmi oldu: "Mənim kimi müharibə görməyən gənc nəslin mütləq izləməli olduğu filmlərdəndir. Bioqrafik və real hadisələr əsasında çəkilən filmlərin təsiri, digərlərinə nisbətən daha güclüdür. Faciə dolu, təsirli, real həyatdan götürülən hadisələrlə müharibənin gətirdiyi bədbəxtlikləri görüb, əslində sülhün, humanizmin nə qədər önəmli olduğunu anlamaq olur. İnsanlığın şahid olduğu ən böyük faciələrdən biri olan İkinci Dünya Müharibəsinin timsalında vandalizmin acı nəticələrini dərindən başa düşürsən və ürək yanğısı ilə hiss edirsən. Ümumiyyətlə, bu janrdan olan filmləri izlədikdə, oradakı qəhrəmanların yaşadığı ağrını, acını, qorxunu bütünlükdə hiss etməmək mümkün deyil. Yaradıcılığın, incəsənətə sevginin müharibələrdən daha güclü olduğunu dərk edirsən. Çox ağır, çox təsirli və çox dərin bir hekayəyə malik bir filmdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.