Maraqlı

Trampın babasının qatili, 100 milyon ölü, dünyanı lərzəyə gətirən bəla - BİR DƏHŞƏTİN TARİXİ

4 Aprel 2020 16:06
0 Şərh     Baxış: 2 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyatda ən pis şey nədir?" sualı ilə üzləşənlərin çoxu yəqin ki, "müharibə" cavabını verərlər. Ya da "xəstəlik". Amma daha pis variant da var: eyni vaxtda həm müharibə, həm də epidemiya. Özü də bu, təxəyyül məhsulu deyil, gerçək həyatda baş verib. 102 il öncə, Birinci dünya müharibəsinin son ilində...

***

Qripin adı da müharibənin nəticəsi idi. Xəstəlik İspaniyada yaranmamışdı. Sadəcə, o zaman müharibə aparan Avropa dövlətləri və ABŞ-ın tətbiq etdikləri senzura xəstəlik barədə xəbərləri də əhatə edirdi. Bitərəf İspaniyada isə qəzetlər bu barədə, o cümlədən kral XIII Alfonsonun və bəzi nazirlərin yoluxması barədə açıq yazırdılar.

Xəstəliyin mənbəyi barədə isə müxtəlif versiyalar mövcuddur. Amma haradan gəlməsindən asılı olmayaraq, çox güman ki, məhz ABŞ ərazisində mutasiyaya uğrayaraq H1N1 virusuna çevrilib. Ehtimallardan birinə görə, virus quşdan insana, insandan da donuza keçib. Məhz donuzlarda mutasiya nəticəsində təhlükəli şəkil aldıqdan sonra yenidən insana ötürülüb.

1918-ci il martın 11-də ABŞ-ın Fort Rayli məntəqəsində yerləşən hərbi hissənin aşpazlarından biri, sıravi Albert Gitçell (Albert Gitchell) qızdırma, boğaz və baş ağrısı şikayəti ilə tibbi hissəyə müraciət etdi. Onu çarpayıya yenicə uzatmışdılar ki, ikinci xəstə gəldi, sonra başqaları... Gün ərzində müraciət edən xəstələrin sayı 100-ü keçdi. Fort Raylidən başlayan xəstəlik tezliklə bütün ölkəyə yayıldı. Onun öldürdüyü ilk qurbanlardan biri də ABŞ-ın indiki prezidentinin babası Frederik Tramp idi.

ABŞ Birinci dünya müharibəsinə 1917-ci ilin aprelində qoşulmuşdu, amma ötən 1 il ərzində müharibədə iştirakı minimum səviyyədə idi. 1918-ci ilin yazından etibarən isə hər gün orta hesabla 10 min əsgər Avropaya göndərilirdi. Onların arasında, əlbəttə, qripə yoluxanlar da vardı. Nəticədə, amerikalılarla daha sıx təmasda olan müttəfiqləri - ingilislər və fransızlar yoluxdular, sonra isə virus səngərlərin o biri tərəfinə - almanlara tərəf sıçradı.

Cəbhədəki antisanitariya, zəif qidalanma, həmçinin sıx ünsiyyət və hərəkətlilik qripin sürətlə yayılmasına səbəb oldu. Fransız qoşunlarının 3/4 hissəsi, ingilislərin yarısı xəstəliyə yoluxdu. Almanlarda yoluxanların sayı 1 milyona yaxınlaşırdı. Bununla belə, 1918-ci ilin baharında qrip o qədər də ölümcül olmadı və havaların isinməsi ilə sanki geri çəkildi. Yay aylarında hər yerdə karantin tədbirləri xeyli zəiflədildi və hətta ortadan qaldırıldı.

Amma avqustun sonlarından başlayaraq, "ispan qripi"nin ikinci, daha ölümcül dalğası yayıldı. Virus, görünür, mutasiyaya uğramışdı. Sentyabrda ABŞ-da 12 min insan xəstəlikdən vəfat etdi. Oktyabrda Filadelfiya şəhərində təkcə bir gündə 711 nəfər öldü. Kanadanın Monreal şəhərində oktyabrın 21-də ölənlərin sayı 201 nəfər idi.

Avropada ikinci dalğanın ocağı Fransanın Brest şəhəri oldu ki, bu da təsadüfi deyildi. Brest liman şəhəri idi, çox güman ki, xəstəliyi Avropaya gəlməkdə davam edən ABŞ hərbçiləri gətirmişdilər. Buradan da istər mülki, istər hərbçilər arasında yayıldı. Tezliklə xəstəlik pandemiyaya çevrildi. Amma bu, hələ hamısı deyildi.

1918-ci ilin noyabrın 11-də Almaniyanın təslim aktı imzalaması ilə Birinci dünya müharibəsi başa çatdı. Avropaya toplanan milyonlarla hərbçi öz ölkələrinə dönməyə başladı. Onların sırasında isə Britaniya və Fransa müstəmləkələrindən səfərbər olunanlar da vardı. Bununla da xəstəlik demək olar ki, bütün dünyaya yayıldı.

Xəstəliyin əsas simptomu sifətin göy rəngi və qanlı öskürək idi. Hər şey olduqca sürətlə cərəyan edirdi, buna görə də bəzən "Üçgünlük qızdırma" adlandırırdılar. Amma ola bilərdi ki, yoluxmanın artıq ertəsi günü insanı öldürsün. "İspan qripi"nin digər qriplərdən heyrətləndirici fərqi ondan ibarət idi ki, daha çox gənc adamları öldürürdü. Mütəxəssislər bunu onunla izah edirlər ki, güclü immun sistemi xəstəliyə o qədər güclü reaksiya verirdi ki, "sitokin hücumu" deyilən hal baş verirdi, bu da orqanizmə, xüsusən ağciyərlərə öldürücü təsir göstərirdi. Ölənlərin orta yaşının 28 olduğu söylənilir.

Bundan əlavə, dünyanın bir çox yerlərində - Alyaskadan tutmuş Sakit okean adalarına qədər - xüsusilə yerli xalqlar arasında çoxlu ölüm törətdi. Bu insanların orqanizmi virusa qarşı gücsüz idi. Yeni Zelandiyada aborigen maori xalqı arasında ölənlərin sayı gəlmələrə nisbətən 7 dəfə çox idi. Samoada əhalinin 23%-i, Zambiyada 21%-i pandemiyanın qurbanı oldu.

ABŞ-da 675 min insan vəfat etdi, ölkədə orta yaş həddi 12 il azaldı. Avropada say baxımından İtaliya (650 min), Almaniya (600 min) və Fransa (420 min), faiz baxımından isə Serbiya (əhalinin 4,2 %-i) daha çox zərər gördü. Dünyada birinci yerdə isə Hindistan idi. Burada 18 milyondan çox insanın öldüyü güman edilir.

Ümumiyyətlə, 1918-1920-ci illərdə 500 milyon insanın ispan qripinə yoluxduğu söylənilir ki, bu rəqəm o zamankı dünya əhalisinin 30 %-ni təşkil edir. Ölənlərin sayı barədə fikirlər isə müxtəlifdir, çünki dünyanın bir çox yerlərindən məlumatlar əldə etmək mümkün olmadı. Onların sayının 100 milyona çata biləcəyi ehtimal olunur. Hər halda, "ispan qripi"nin Yustinian taunu və XIV əsrin ortalarında baş vermiş, "qara ölüm" adını almış taun pandemiyası ilə birlikdə tarixin ən ölümcül pandemiyalarından biri olması şübhəsizdir.

"İspan qripi"nin Azərbaycanda yayılması barədə məlumatlara rast gəlinmir. Belə bir faktı nəzərə almaq olar ki, heç bir tanınmış azərbaycanlının bu xəstəlikdən ölməsi məlum deyildir. Görünür, pandemiyanın ölkəmizə təsiri az olub.

"İspan qripi"nin qurbanları arasında bir sıra məşhur şəxslər də vardı. Onlardan biri 1902-1906-cı illərdə Braziliyanın prezidenti olmuş Fransisku Alvis idi. O, 1918-ci ildə yenidən prezidentliyə namizəd oldu və qalib gəldi. Amma vəzifəsinin icrasına başlamağa macal tapmadan "ispan qripi"ndən öldü. Rusiya Mərkəzi İcraiyyə komitəsinin sədri Yakov Sverdlov, İsveç şahzadəsi Erik Qustav və başqaları da pandemiyanın qurbanı oldular. Deyilənlərə görə, Mustafa Kamal Atatürk də özünün Samsun səfərindən öncə "ispan qripi"nə yoluxubmuş, amma sağalıb. "İspan qripi"nə tutulan ilk şəxs kimi tarixə düşən Albert Gitçell isə yalnız 50 il sonra, 1968-ci ildə 78 yaşında vəfat etdi.

Pandemiya bütün dünyanı dolaşandan sonra özü geri çəkildi. Əslində, o dövrün səhiyyəsi xəstəlik qarşısında aciz idi. Elə əczaçılıq da bu qədər xəstələrin müalicəsinə hazır deyildi. Sadəcə, virus yenidən mutasiyaya uğrayaraq, daha təhlükəsiz hal aldı... Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.