Maraqlı

Nizami, Füzuli və Nəsimi hansı şərabdan yazırdılar?

31 Mart 2020 22:01
4 Şərh     Baxış: 1 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrfan aləmi və təsəvvüf terminləri ilə tanış olmayan bəzi şəxslər ariflərin qələmindən çıxmış klassik ədəbiyyat nümunələrindəki "şərab" və "mey" sözlərini zahiri mənada qəbul  edirlər. Onların fikrincə, həmin şeirlərin müəllifləri həqiqətən, içki məclislərində sərxoşluq və əyyaşlıq etmiş, həttə bunu gizlətmədən öz əsərlərində də təbliğ  etmişlər.

Əslində ruhaniyyat və irfan aləminin sultanları olan, əsərlərini minacat və nəətlərlə başlamağı özlərinə fəxr bilən, dəfələrlə müqəddəs ziyarətgahlara gedib Allaha sədaqətlərini əməlləri ilə sübuta yetirən minlərlə Şərq şairi (millətindən asılı olmayaraq) bu "ittiham"ların hədəfinə çevrilmişdir. Müsəlman fikir aləminin iftixarı sayılan Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Xəyyam, Həkim Sənai, Hafiz Şirazi, Şəms Təbrizi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Mühəmməd Füzuli, Seyyid Əzim Şirvani kimi nəhəngləri şərabxorluqda təqsirləndirmək ən azı insafsızlıqdır. Əgər bü mütəfəkkirlərin yaradıcılığına nəzər salsaq, görərik ki, onlar həmişə məcazi meydən və şərabdan danışmış, həqiqi şərabı isə haram bilmişlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu məqalədə müsəlman dünyasının böyük irfan sahibləri olan məşhur şairlərdən bir neçəsinin məstedici içkiyə olan münasibəti barədə onların öz əsərlərindən sübutlar verilir. Orta əsrlərdə Yaxın Şərqin klassik ədəbiyyat dili fars dili olmuş, təqribən XIV əsrə kimi Azərbaycan şairlərinin də böyük əksəriyyəti bu dildə yazmışlar. Ona görə də, Xaqani və Nizami kimi dahi Azərbaycan şairlərinin beytlərinin farsca orijinalını deyil, Azərbaycanca tərcüməsini təqdim edirik.

İrfan ədəbiyyatının öncüllərindən olan, şeirdə "qələndəriyyə" adlanan üslubun ilk nümayəndələrindən sayılan Həkim Sənai Qəznəvi öz əsərlərində ilk baxışdan əyyaşlara mənsub olan ifadələri simvolik dillə işlətmiş ilk şairlərdən sayılır. O, "Hədiqətül-həqiqə" məsnəvisində sərxoşluq gətirən əsil şərab haqqında belə yazırdı:

Şəraba  meyl etməyin nə faydası var?

Əvvəli şər, axırı su yoluna getməkdir...

Onun sirrindən ürəkdə sevinc yaranmaz,

O, insana  mənəm-mənəmlikdən başqa heç nə verməz.

Başqa bir yerdə Sənai belə yazır:

Gecə yatmaq, gündüz isə şərab dalınca  düşmək,

Bunlardan savayı dini və malı korlayan şey varmı?!

Məşhur Azərbaycan şairi Xaqani Şirvani isə şəriətin haram buyurduğu şərabı  "şeytanın sidiyi" adlandırırdı:

Badəni ağıl üzərində hakim etmə!

Divi mələk üzərində rəhbər etmə!

Mənim xatirim Keyxosrovun camıdır,

Kainatın sirrini aşkar edir.

Bu camdan halal səlsəbil (cənnət suyu) iç,

Haram cəhənnəm zəhərindən uzaq ol!

Şeytanın sidiyini şüşəyə tökmə,

Onu ağıl həkiminin yanına aparma!

Dünya şöhrətli Nizami Gəncəvi sanki gələcəkdə ruhuna qarşı irəli sürüləcək ittihamları görürmüş kimi elan edirdi:

Mənim saqim Allahın vədəsidir,

Qədəhim - özümdən getmək, meyim - özümü itirməkdir.

Yoxsa Allaha and olsun, nə qədər ki, ömür sürmüşəm,

Şəraba ağzımı bulaşdırmamışam.

Əgər ağzım meyə dəyibsə,

Allahın halal buyurduğu mənə haram olsun!

Bu gün təəssüf ki, çoxlarının dinsiz kimi tanıdığı, Azərbaycanın mütəfəkkir oğlu Seyyid İmadəddin Nəsimi öz qəzəllərində yeri gəldikcə, eşqin meyindən məst olduğunu car çəkir, başqalarını da haram şərabı atıb, bu meydən nuş etməyə çağırırdı:

Eşq əlindən gəl şərabi-Səlsəbilü Kövsər iç,

Keç bu meydən kim, çəkərsən ertə rəncindən xumar.

Nəsimi insanları vəhdət meyindən içməyə, yəni ilahi  mərifət və bilgilər kəsb etməyə həvəsləndirir:

Şirin ləbidir dilbərin vəhdət meyin peymanəsi,

Ey zahid, ol peymanədən məst ol ki, xoş peymanədir!

Nəsimi açıq-aydın göstərir ki, başqaları üzüm suyunu içirlərsə, o, eşq meyini içir:

Maül-inəbdəndir əgər hər sərxoşun sərxoşluğu,

Mən içmişəm eşqin meyin, sərməstü xummar olmuşam.

(Maül-inəb, yəni üzüm suyu).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.