Maraqlı

Rəcəb ayı alimlərin, mərcələrin və din böyüklərinin dilindən

28 Fevral 2020 21:15
0 Şərh     Baxış: 2 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəcəb ayı çox böyük əzəmətə malik olan aylardandır ki, Allahın sonsuz rəhməti bahar buludları kimi insanların üzərində olar və bu ayda edilən əməllərin xüsusi savab və mükafatları vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayda yerinə yetirilən ümrə, oruc, gecə oyaq qalmaq, ziyarət, dua - bütün bunlar insanı səadətin zirvəsinə qaldırar.

O kəslər ki, bu ayın ehtiramını saxlayıb, haqqına əməl edirlər - Qiyamət günü "Rəcəbiyyun" adı ilə çağırılacaqlar. Bu ayın əzəmətini böyük din alimlərinin dilindən eşitsək, daha çox şeylər öyrənmiş olarıq.

Ayətullahul-üzma Mirzə Cavad Mələki Təbrizi.

Böyük əxlaq və ürfan müəllimi olan Mələki Təbrizi ağa "Əl-Müraqibat" kitabında yazır: "Rəcəb ayı - haram aylardan biridir və dua vaxtıdır. Hətta cahiliyyət zamanında belə, bu mövzu məşhur idi. O zamanın insanları bu ayın intizarını çəkirdilər ki, onda dua etsinlər. Həmçinin bu ay, Əmirəl-mömininin (ə) ayıdır".

Ayətullahul-üzma Qazi Təbatəbayi.

Alim adətən bu ay gələn zaman öz şagirdlərinə belə tövsiyələr verərdi: "Gecə və gündüz ərzində vacib və nafilə namazlarınız ki, 51 rükət edir - onları vaxtında yerinə yetirin. Əgər bacarmasanız, onun 44 rükətini yerinə yetirin. Əgər dünya işləri sizi məşğul etsə, zöhr namazının nafiləsini mütləq qılın. Zöhr namazını da fəzilətli vaxtında yerinə yetirin.

Ancaq gecə nafiləsi barəsində gərək biləsiniz ki, möminlərin və saliklərin nəzərində vacibatlardandır. O kəs ki, kamal mərtəbəsinə çatmaq istəyər, ancaq gecə ibadətinə diqqət etməz - bu, çox təəccüblü mövzudur. Biz elə insanı eşitməmişik ki, gecə namazını qılmadan kamal səviyyəsinə çata bilsin.

Quran tilavət edin. Quran insanı Allaha yaxın edər, ona görə də bacardığınız qədər gecələrdə Quran tilavət edin. Çünki Quran oxumaq möminin içəcəyidir.

"Yunisiyyə" duasını səcdələrinizdə yerinə yetirin və çalışın 500-1000 dəfə deyəsiniz.

Məşhədi ziyarət edin. Həmçinin bacarsanız, başqa Məsumların (ə) hərəmlərini də ziyarət edin. Çünki mömin məsciddə olan zaman dənizdə olan balıq kimi olur.

Vacib namazlarınızdan sonra Həzrət Zəhranın (s.ə) təsbihini etməyi tərk etməyin. Bu təsbih - kəbirə zikrlərdəndir.

Allah yolunun yolçusu üçün mühüm vəzifələrdən biri - İmamın (ə.f) fərəci üçün dua etməkdir. Hər gün, hər zaman İmamın (ə.f) fərəci üçün dua edin.

Başqa vəzifələrdən biri də "Cameə Kəbirə" duasını oxumaqdır.

Çalışın Quranı bir cüzdən az oxumayasınız.

Bacardığınız qədər din qardaşlarınızı görməyə gedin. Çünki onlar - həqiqətən bütün həyat yolunda insan üçün həqiqi qardaşdırlar.

Qəbir əhlini ziyarət edin".

Rəhmətlik İmam Xomeyni (r).

Rəhmətlik İmam (r), Rəcəb ayının fəzilətləri barəsində buyurur: "Bu dualar ki, həmin aylarda qərar verilmişdir - o aya məxsusdur. O dualar aylarda da olur, günlərdə də. Xüsusilə də Rəcəb, Şəban və Ramazan ayında onlar insan ruhunu gücləndirər. İnsan üçün yolları açar. Bu dualar -  bəşəri zülmətdən çıxardan bir nurdur.

Bu üç ay insana çox sayda bərəkət nəsib edər.

Rəcəb ayında Əmirəl-möminin (ə) dünyaya gəlmişdir, Şəban ayında Seyyidüş-şühəda (ə). Ramazan ayında Qurani-Kərim, Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olmuşdur.

Bu üç ayın şərafəti dillərə və ağıllara sığmır".

Ali dini Rəhbər.

Ali dini Rəhbər Rəcəb ayı barəsində buyurur: "Rəcəb ayı - yaxşı bir fürsətdir, dua ayıdır, təvəssül ayıdır, diqqət ayıdır, istiğfar ayıdır.

Heç kəs xəyal etməsin ki, mən istiğfardan uzağam. Həzrət Peyğəmbər (s) özü gün ərzində ən azı 70 dəfə istiğfar edərdi. İstiğfar hamı üçündür. Xüsusilə də bu mübarək aylarda bizləri günahlarımızdan pak edir.

Ona görə də fürsəti qənimət bilin və inşəallah ki, bu ay bizim üçün mübarək olar. Bəzi işlər İlahi tövfiq sayəsində yerinə yetər.

Rəcəb - ən çox namaz ayıdır. Şəban ayı daha çox dua və oruc ayıdır.

Bu üç ayda mənəvi azuqə yığın. Sizin üçün qalıcı olacaqdır".

Ayətullahul-üzma Abdullah Cavadi Amuli.

Alim buyurur: "Bərəkətli olan Rəcəb ayı qarşıdan gəlməkdədir. Bacardığınız qədər bu ayda oruc tutun. Xüsusilə də o kəslər ki, cavanlıq qüdrətinə malikdirlər.

Bu əyyamda etikaf da unudulmasın".

Ayətullahul-üzma Vəhid Xorasani.

Bu mərcəyi-təqlid buyurur: "Rəcəb ayının ilk yeddi gününün orucu, cəhənnəmin yeddi qapısının bağlanmasına səbəb olar. Rəcəb ayında ... İmam Hadi (ə) üçün əza keçirin. Bu İmama (ə) təvəssül etmək - bir çox fəlakətlərdən nicat tapmağa səbəb olur".

Ayətullahul-üzma Zəncani.

Alim bu ay haqqında buyurur: "Hədislərdən oxuduğumuz kimi, Rəcəb ayında xeyir əməlin savabı çoxdur. Ona görə də yaxşı olar ki, insan bu ayda elə ibadətləri seçsin ki, ən üstün ibadətlərdən olsun. Bu ibadətlərdən biri də yoxsulların əlindən tutub, onlara yardım etməkdir".

Ustad Mütəhhəri.

Alim buyurur: "Biz uşaq olan zaman Rəcəb ayının gəlməsini gözləyərdik. Bu ayın gəlməsinə bir neçə gün qalmış hər yerdə bu şərif aydan danışardılar. Rəcəb ayının hilalını müşahidə etmək üçün məscidə yığılardıq".

Ayətullah Mirbaqiri.

Alim buyurur: "Rəcəb ayının ilk günlərini İmam Hüseynlə (ə) başlayın. O, Allah qarşısında insanlığın və ixlasın dəlilsiz nümunəsidir. Bu günlərdə İmam Hüseynin (ə) karvanına qoşulun. Günlərinizi onu yada salmaqla başlayın. O, bütün bəşər üçün nümunədir.

Bu günlərin ən yaxşı əməllərindən biri - İmamın (ə) ziyarətini oxumaqdır. Əgər Rəcəb, Şəban və Ramazan ayını dərk etmək istəyirsinizsə, bu aya İmam Hüseynlə (ə) başlayın və onun vasitəsilə bəndəliyin həqiqətini dərk edin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.