Maraqlı

Pozitiv narahatlığın anatomiyası

16 Fevral 2020 22:20
0 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə yaşamaq, dərk etmək, iradəyə malik olmaq kimi böyük nemətlər nəsib edib. Allahdan istəyimiz budur ki, gündəlik həyatımızda bu nemətlərin qədrini bilənlərdən olaq.

Bugünkü bəhsimizdə önəmli bir mənəvi mövzuya - xeyirli aqibət mövzusuna toxunmaq istərdik. Əslində hər birimiz həyatında çox önəmli olan, hər birimizi narahat edən mövzulardan biridir. İnsanın bütün yaş dövrlərində, bütün yaş mərhələlərində onu ən çox düşündürən məsələlərdən biri budur ki, bu dünya həyatını başa vurduqdan sonra Allah hüzurunda, Allah qatında yekun durumu, yekun halı, aqibəti necə olacaq.

İnsanın özü üçün etdiyi dualarda da ən mühüm istənilən məsələ - Allahdan xeyirli aqibəti diləməkdir. Deyə bilərik ki, mömin, imanlı bir insanın həyatında onu ən çox düşündürən mövzulardan biri, bəlkə də birincisi onun aqibətinin xeyirli olmasıdır.

İmanlı insan davamlı olaraq aqibətinin nigaranlığındadır

Həzrət Rəsulallah (s) buyurur: "Mömin davamlı olaraq özünün pis aqibəti, sonluğu haqqında nigarandır və xofu var".

Buyuruşa diqqət etdikdə görürük ki, imanlı şəxsin ciddi xüsusiyyətlərindən biri budur ki, onun ara-sıra deyil, mövsümi deyil, davamlı olaraq özünün pis aqibəti, sonluğu haqqında Allah qatında bir nigaranlığı, xofu var. Ölüm anına qədər, Ölüm Mələyi gələnə qədər mömin şəxsin yəqini yoxdur ki, o, Allahın razılığını qazanacaq, ya yox.

Bu buyuruşda imanlı insanın iki ciddi xüsusiyyəti cəmlənib. Bir tərəfdən möminin Allahın rəhmətinə, mərhəmətinə, bağışlamasına, lütfünə, inayətinə böyük bir ümidi olmalıdır. Digər tərəfdən də mömin şəxsin son ana qədər, Ölüm Mələyi qapısını döyənə qədər öz aqibəti barədə bir narahatlığı olmalıdır.

Mömin o şəxsdir ki, bu iki hissi birgə yaşayır. Bir tərəfdən Allahın rəhmətinə, böyüklüyünə ümidlidir, digər tərəfdən də aqibəti barədə nigaranlığı var. Möminin arxayınçılığı olmamalıdır ki, artıq o, mütləq səadətə qovuşacaq. Hətta əgər bu gün hər şey yaxşıdırsa, o, nigarandır ki, sabah da hər şey yaxşı olacaqmı? Bəlkə sabah qəflət etdi və büdrədi?

Mömin bugünkü halını dəqiq təhlil etdikdə öz nöqsan və qüsurlarını görür, bunlardan Allaha pənah aparır. İmanlı şəxsin halı davamlı olaraq bu cür olmalıdır. Belə bir nigaranlığının daim içərimizdə olması bizi özümüzə qaytarır, qəflətdən ayıldır, formada saxlayır, mənəvi təkamülə aparır.

Xeyirli aqibəti gücləndirən amillər

Sual çıxa bilər ki, nələr xeyirli aqibəti gücləndirir? Nələrə diqqət etsək, nələrin üzərində xüsusi olaraq çalışsaq, nələrin əhəmiyyət və önəmini anlasaq xeyirli aqibətliliyə doğru addımlaya bilərik?

Əxlaq mütəxəssisləri, insanşünas alimlər burada bir neçə mühüm amili sadalayırlar. İlk olaraq gərəkli amil - imandır. Bütün həyatın, yaşayışın, insanın iradəvi varlığının, mövcudiyyətinin bünövrəsi imana bağlıdır. O imandır ki, bizi iradəvi və təkamül mərhələsinə keyfiyyətli şəkildə daxil edir. İman olmayana qədər biz həqiqi mənada hələ lazımi insani missiyamıza, ünvanlı yaşayışımıza başlamamış oluruq.

İman olana qədər, iman mövzusu həyatımıza daxil olana qədər biz əslində bioloji mövcudluğumuzu həyata keçiririk. O, imandır ki, bizi həqiqi insanlıq ünvanlı həyata daxil edir. Deməli, xeyirli aqibət, xeyirli sonluq üçün, insanın qurtuluşu, xilası üçün həyatında ən önəmli mövzulardan ilki, ən əsası və ən möhkəmi - imandır.

Düzgün ünvana iman

Həzrət İmam Sadiq (ə) "Bəqərə" surəsinin 256-cı ayəsində buyurulan "urvatul-vusqa" ibarəsinin nə olması ilə bağlı izah verərkən, bunun şəriksiz Allahın birliyinə olan iman olduğunu bildirir. Həmin ayədə buyurulur ki, insanlar "urvatul-vusqa"dan yapışarsa, qurtuluşa çatmış olar, xilas olar, qaranlıqlardan nura tərəf gedib çıxa bilərlər. İmam Cəfər Sadiq (ə) buyurur ki, həmin yapışılması zəruri olan "urvatul-vusqa"nın ən bariz, ən keyfiyyətli misalı - insanın kamil, keyfiyyətli imanı, tövhidpərəst olmasıdır.

Hər şeyin başlanğıcı tövhid olmalıdır. İnsanın kamil tövhidə, Allahın şəriksiz varlığına inamı olmalıdır. Bütün yaşayışımızda bulaşıqlardan, şirklərdən azad olaraq tək Yaradana, tək Xaliqə bağlansaq, tək Allaha pərəstiş və ibadət etsək - bu iman ruhiyyəsi bizi təkamülə aparan ən ciddi vasitəyə çevrilər.

Bütün sonrakı məsələlər bu tövhid ruhiyyəsinə malik olmaqdan sonra gəlir. Deməli, xeyirli aqibət üçün ən ciddi, əsas, ilk, möhkəm amillərdən biri - imandır. Bu anlamda həyatımızı Allaha imanla, Onun göndərdiyi peyğəmbərlərə (ə), onların gətirdiklərini yaşadan İlahi övliyalara, ən nəhayəti - Məsum İmamlara (ə) iman bəsləməklə doldursaq, xeyirli aqibətə çata bilərik.

Gözəl aqibət təqvalılar üçündür

İmanlı insanın xeyirli aqibətə tərəf yönəlməsini surətləndirən və ona böyük fürsətlər yaradan ikinci amil - təqvadır. Qurani-Kərimdə bir çox yerlərdə, o cümlədən də "Əraf" surəsinin 128-ci ayəsində bu məsələyə işarə olunur: "Xoş aqibət təqvalılar üçündür".

Təqva insanı gözəl, xoş aqibətə aparan ən ciddi amillərdən biridir. Təqva nədir? Təqva - insanın daxilində elə bir mənəvi halın davamlı olaraq olmasıdır ki, o hal həmin şəxsdə bir tərəfdən Allahın rəhmətinə ümidi, digər tərəfdən İlahi xofu diri saxlayır və bu vəziyyəti onu Allaha bəndəliyə, itaətə addım atmağa sövq edir, digər tərəfdən də Allahın haram buyurduqlarından da çəkinməyə gətirib çıxardır.

İnsanda davamlı olaraq bu mənəvi hal, bu ali ruhiyyə mövcuddursa və bu hal insanda artıq mövsümi, ötəri deyil, oturuşmuş hala gəlirsə, bu, təqvalı durumdur. İnsan bu vəziyyəti qazanarsa, bu durum onu xoş aqibətə doğru aparar.

Təqvanın nəticəsində insanın xoş aqibət qazanması da təsadüfi deyil. Çünki, təqvalı insanın ağılı yerindədir, həvayi-nəfsini nəzarətə alıb, həvayi-nəfsi onun ağılına təsir edə bilmir. Təqvalı insan həvayi-nəfslə deyil, ağılla davranmağı bacarır.

Ağıl yerində olanda, insan həqiqi mənada öz aqibətini düşünür. Əgər aqibəti düşünsək, onun xeyirli olması üçün can atarıq. Ona görə də deyə bilərik ki, imanla yanaşı, insanın xeyirli aqibətinə ən çox təsir edə bilən amillərdən biri - təqvadır.

Allahdan istəyimiz budur ki, bizim həyatımızda təqva ruhiyyəsinin, təqva rənginin artmasını nəsib etsin!

Tövbə ilə aqibətimizi yaxşılaşdıra bilərik

Xeyirli aqibətə aparan üçüncü mühüm amil - tövbədir. İnsanın imanı, təqvası çox önəmlidir, amma həyat bu cürdür ki, insan büdrəyə də bilir, yanlış edə bilir, xətaları olur, qəflət edərək səhvlər edə bilir. Onun bu vəziyyətdən çıxması üçün səmimi peşmançılıq halına gəlməsi, səmimi olaraq geriyə dönüş etmək istəməsi - tövbədir. Tövbədə bütün bunlar cəmləşmiş olur. Tövbə insan həyatı üçün, insanının xeyirli aqibəti üçün ən ciddi amillərdəndir. İnsan büdrəyə bilər, o haldan qalxması isə tövbəyə bağlıdır.

Xeyirli aqibətə aparan digər bir amil isə - əməldə ixlasdır. Kiçik əməli böyükə çevirə bilən xüsusiyyət - ixlasdır. İxlasdır ki, bizim ən kiçik əməllərimizin də aqibətimizin xeyirli olmasına təsir etməsinə vasitə olur.

Mövzunun ardıcıllığına diqqət etsək, birinci gələn amil iman oldu. İman - mövzunun bir növ köklü, fundamental platformasıdır. İman varsa, iman diridirsə - niyyət diridir.

İmanla yanaşı, təqva faktoru çox önəmlidir. Burada insanın davamlı sığortalanması üçün tövbə faktorunun da olması çox böyük əhəmiyyət kəsb edir. Yəni, insan diqqətli olmalıdır ki, büdrəyərkən özünəqayıdışı, peşmançılığı, geriyə dönməsi hazır vəziyyətdə olsun. Burada insanın tövbəli ruhiyyəyə malik olması çox önəmlidir.

Nəhayət, xüsusən diqqətli olmalıdır ki, əməllərində ixlas olsun. Gərək insanın əməllərində qarışıq olmasın, niyyəti xalis olsun.

Bir çox amillərin içərisində bu dörd faktor çox önəmlidir. Əgər insan bunları diri saxlayarsa, o halda bu amillər onu xoş aqibətliliyə tərəf aparar.

Pis aqibətə səbəb olan amillərdən uzaq olmaq

Bəs insanın xeyirli aqibətinə mane olan amillər hansılardır? İnsanın xeyirli aqibətinə mane olan iki amilə toxunacağıq. Ən dağıdıcı amillərdən biri - dünyaya vurğunluqdur. Əgər insan dünyaya vurğun olarsa, bütün müsibətləri buradan başlayar.

Həzrət Rəsulallah (s) buyurur: "Dünyaya vurğunluq - bütün xətaların əsası, bütün günahların açarı və bütün yaxşılıqları zay edən və aradan aparandır".

Əgər insanda dünyaya pərəstişlik, dünyaya vurğunluq olarsa, o, artıq tam olaraq xətalar etmək hazırlığındadır. Hər xəta öz ardınca daha böyük günahlar gətirə bilər və hər xəta insanın pis aqibətliliyi üçün yeni zəmin yaradır. Dünya vurğunluğu sanki bütün günahların açarıdır. Çünki, dünya vurğunluğu olduqda, həvayi-nəfs işə düşür və nəticədə bütün günahlara yol açılmış olur. Eyni zamanda dünya vurğunluğu bütün yaxşılıqları da zay edib, aradan aparır. Bizlər anlamalıyıq ki, dünya vurğunluğu ilə yanaşı, xeyirli aqibət mümkün deyil.

Biz buranın müvəqqəti olmasının fərqində olmalı və öz həddində bu dünyadan axirətimiz üçün əkin yeri olaraq istifadə etməliyik. Əgər buraya bağlansaq, özümüzü əbədi bir əzaba doğru aparmış olarıq.

Günah insanın aqibətini zay edər

Xeyirli aqibətə mane olan ikinci ciddi amil isə - günahdır. İnsanın günah etməsi mümkün bir vəziyyətdir. Amma əgər tövbə etməzsə, peşman olmazsa, daha da pisi günahda israr edərsə, geriyə dönməzsə - bu halda dəhşətli bir vəziyyət başlanmış olar.

Hər günah - qəlbin qaralığına aparan növbəti mərhələdir. Həzrət İmam Sadiq (ə) buyurur: "O vaxt ki, bir şəxs günah edir - onun qəlbi qaralır. Əgər peşman olsa, tövbə etsə - qaralıq aradan gedir".

Anlaşılan budur ki, günah etdikcə insanın qəlbi mərhələvi şəkildə qaralır. Əgər qəlb qaralırsa, insan öz aqibətini məhv etmiş olur. Çünki, qara qəlbdə xoş aqibət ola bilməz.

Allahdan istəyimiz budur ki, bizlərə lütf etsin, inayət etsin ki, aqibətimizin pisliyinə aparan amillərdən uzaq olaq və xoş aqibətə səbəb olan amillərə yiyələnək.

Allahım, hər nə ki, bizi xoş aqibətə aparır - bizi onlara yaxın et!

Allahım, hər nə ki, bizim pis aqibətimizə səbəb olur - onları bizdən uzaq et!

Allahım, bizləri özbaşına buraxma! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.