Maraqlı

Cadillac Escalade modelinin yeni nəslini təqdim edib - FOTO

15 Fevral 2020 21:30
0 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cadillac şirkəti Los Anceles şəhərində keçirilmiş xüsusi tədbirdə Escalade modelinin yeni nəslini nümayiş etdirib. Escalade modeli General Motors konserninin eyni platformada inşa edilmiş ofrouderlər ailəsinin sonuncu yenilənmiş nümayəndəsidir. Xatırladaq ki, bu ailəyə Chevrolet Tahoe və Suburban, həmçinin GMC Yukon modelləri daxildir.

Yeni platforma barədə kifayət qədər məlumat verildiyini nəzərə alan amerikan istehsalçısı, diqqəti yeni Cadillac Escalade modelində tətbiq edilmiş texnologiyalara yönəldib. Yeni texnologiyalar gediş rahatlığının yüksəldilməsinə və multimedia sisteminin imkanlarının genişləndirilməsinə xidmət edirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki,  hər kəs maraqla vəd edilmiş 38-düymlük qövsvari ekranın nümayişini gözləyirdi. Cadillac nümayəndələri bu ekranı avtomobil sənayesində olan ən iri monitor adlandırsalar da, əslində sürücünün qarşısında duran rəqəmsal məkan üç ayrı ekrandan ibarətdir: sol tərəfdə yerləşən 7,2-düymlük ekran səfər haqqında aktual məlumatları əks etdirir, mərkəzdəki 14,2-düymlük displey virtual cihazlar paneli rolunu oynayır, sağ tərəfdəki 16,9-düymlük ekran isə multimedia və naviqasiya sistemlərinin tənzimlənməsinə cavabdehdir. Klimat-kontrolun idarəedilməsi ayrıca zərif panel vasitəsi ilə aparılır.

Hər üç ekran ikiqat piksel sıxlığı olan OLED texnologiyasından istifadə edir və Cadillac nümayəndələrinin sözlərinə görə, hazırda mövcud olan ekranlar arasında ən dəqiqidir. Yeri gəlmişkən, iki 12,6-düymlük displey arxa sərnişinlərin ixtiyarına verilib. Sürücü ekranları standart təchizata daxil olsa da, arxa ekranlar opsiyadır. Bundan başqa, naviqasiya sistemi tamamlanmış reallıq elementlərinə sahib olub.

Daha bir yenilik AKG firması ilə birlikdə hazırlanmış akustik sistemdir. Səs sisteminin tərkibinə ümiumilikdə 28 səsi gücləndirən kanalı təmin edən 36 dinamik və 3 sıəsgücləndirici daxildir. Sistem səsin gücü ön və arxa oturacaqlar üçün fərqli şəkildə tənzimləyə bilər və müxtəlif cərgələrdə əyləşmiş sərnişinlərin ünsiyyətini asanlaşdırmaq üçün quraşdırılmış mikrofonlara malikdir. Eyni zamanda, səs sistemi sürücü yardımçıları ilə də işləyə bilər. Məsələn, naviqasiya sistemi avtomobilin sol döngəyə yaxınlaşmasını aşkar etdikdə, sürücü səsli xəbərdarlığı məhz sol tərəfdə eşidəcəkdir. Məlum məsələdir ki, bu sistem opsiyadır - ofrouder standart olaraq cəmi 19 dinamiklə təchiz edilir.

Eyni zamanda, Cadillac Escalade bəyan edilmiş yeni nəsil SuperCruise avtopilotuna da sahib olub. Lidar, radar və GPS-vericilər ilə çalışan kompleks magistralda düzxəttli hərəkəti dəstəkləyir və sərbəst şəkildə zolağı dəyişə də bilir - bunun üçün sürücünün dönmə siqnalını verməsi kifayətdir. Bundan başqa, yol şəraitinin insanın diqqətini tələb etdiyi halında, sistem sürücünü xəbərdar edə bilər.

Nəsil dəyişikliyi ilə bərabər Escalade modeli bir qədər də iri olub. Şirkətdən üçüncü cərgənin sərnişinlərin ayaq zonasındakı məkanın 40% (880 mm qədər), bu cərgənin arxasındakı baqaj bölümünün isə 68% (722 litr qədər) artdığını bildiriblər. Oxları arasındakı məsafə 3407 mm olan uzunbazalı Escalade ESV modelində bu rəqəmlər 930 mm və 1214 litr təşkil edir.

Standart olaraq ofrouder 22-düymlük təkər diskləri və müstəqil arxa asqı ilə təchiz edilir. Escalade modeli ənənəvi olaraq Magnetic Ride Control adaptiv amortizatorları ilə təklif edilir, lakin nəsil dəyişməsindən sonra model klirensi avtomatik və ya tələblə dəyişən pnevmatik asqıya da sahib olub. Bundan başqa, əlavə ödənişlə arxa differensialın elektron qapanmasını da sifariş etmək olar.

Yeni Cadillac Escalade modeli standart olaraq 420 at qüvvəsi və 623 Nm hasil edən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. İstehsalçı bu mühərriki tamamilə yeni olduğunu iddia edir. Bundan başqa, ilk dəfə olaraq Cadillac Escalade 280 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən altısilindrli Duramax dizel mühərriki ilə təklif edilir. Güc aqreqatları 10-pilləli "avtomat" və opsional tam ötürmə sistemi ilə tandemdə çalışırlar.

Cadillac markasının bayraqdar ofrouderinin Şimali Amerikadakı satışlarına bu ilin yayında başlanacaqdır. Çox güman ki, digər bazarlarda avtomobil 2021-ci ildə satılmağa başlayacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.