Maraqlı

Allahın sevimlisi olmaq üçün nə etməli?

5 Yanvar 2020 21:40
3 Şərh     Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlahi yol yolçularının və xüsusi ilə də gənclərin həmişəki suallarından biri budur ki, ilahi məhəbbətin artması və Allahın sevimlisi olmaq üçün nə etməliyik?

Qeyd etməliyik ki, bu haqda ayə və rəvayətlər boldur. Lakin adi məhəbbətlərdə şəxsi təcrübənin təsdiq etdiyi ümumi bir prinsipə əsasən, belə demək olar: İnsan müəyyən bir şəxsin yaxşılıqları barədə hər nə qədər çox düşünərsə, onu bir o qədər çox sevər.

Milli.Az maide.az-a istinadən bildirir ki, hədisi-qüdsidə bildirilir ki, Allah-Taala həzrət Davuda (ə) buyurur: "Məni xalqın sevimlisi et." Həzrət Davud ərz edir: "Necə edim?" Allah-Taala buyurur: "Mənim nemətlərimi onlara xatırlat."

İnsan fitri olaraq ona yaxşılıq edənləri sevir. Buna görə də insan Allahın nemətləri və bu nemətlərin mənbəyi olan sifətləri haqqında hər nə qədər düşünsə, onun Allaha olan məhəbbəti bir o qədər artar. Məsələn, xalq Hatəm Taini səxavətli olduğu üçün sevirdi. Əgər bu insanlar onun səxavətindən faydalansaydılar, onu daha çox sevəcəkdilər.

Əgər insan ilahi nemətlər içində qərq olduğunu, Allahın ona nə qədər kömək etdiyini, eyiblərini örtdüyünü, çox bəlaları ondan uzaqlaşdırdığını, ona çox xeyirlər əta etdiyini və günahdan çəkinmək üçün hansı şəraitlər yaratdığını anlayarsa, təbii olaraq Onun məhəbbəti daha çox olar.

Beləliklə, uyğun sualın cavabı budur ki, insan Allaha məhəbbətinin güclənməsi üçün iki iş görməlidir:

1. Allahın nemətlərini, kamilliklərini və yaxşılıqlarını tanımalıdır. Şübhəsiz ki, bütün bunlar heç bir meyarla ölçüləsi deyil:

وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها

"Əgər Allahın nemətlərini saymaq istəsəniz, sayıb qurtara bilməyəcəksiniz." ("İbrahim" surəsi, ayə 34.)

Həyatda Allahın nişanələrini axtarmalıyıq ki, tədricən qəlbimizdə məhəbbət nuru işıqlansın.

2. Qeyd etdiyimiz nemətlər, kamilliklər və yaxşılıqlar haqqında dərindən düşünməlidir. Çünki həyat qayğıları insanı qəflətə düçar edir. Əgər insan sevdiyi şəxsdən uzaqlaşarsa, tədricən ona olan məhəbbəti azalacaqdır. Həyat qayğıları və qəflətlər ilahi nemətlər, kamilliklər və yaxşılıqların unudulmasına səbəb olur. Bununla da, tədricən, məhəbbətimiz üzülür. Əgər daim ilahi nemətlərə, kamilliklərə və yaxşılıqlara diqqət etsək, qəlbimizdə məhəbbət şöləsi alovlanacaqdır.

Ümid edirik, Allah-Taala sonsuz ilahi lütf dəryasından hər birimizə bir içim dadmaq tofiqi versin ki, qəlblərimizi ilahi məhəbbət və mərifət nuru ilə bəzəyə bilək. ("Münacatın əzəməti", Ayətullah Misbah Yəzdi, səh.130-131.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.