Maraqlı

Yerli mövzularda çəkilən filmlər - FOTO

23 Dekabr 2019 07:11
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1940-cı illərdə baş verən "zəlzələ" "Hollywood"u yaxşıca silkələsə də, həmin dövrdə Şimali Amerika kinosu beynəlxalq aləmdə öz yerini möhkəmlədə bildi. Birləşmiş Ştatlarda ancaq öz filmləri nümayiş olunurdusa, başqa ölkələrin kinoteatrlarında bir-birini əvəzləyən premyeraların ümumi sayı bu ölkədə çəkilən filmlərin sayından çox olurdu.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hollivud bütün dünyada özünün şəbəkəsini qurmuşdu və ən önəmlisi də o idi ki, kino mədəniyyətini inkişaf etdirə bilmişdi, öz kinosu ilə bütün dünyanı zəbt etmişdi. Ağlar və yerli xalqlar (qırmızı dərililər) arasında filmlər ekranlaşdırılırdı. "Ayaqlarında çəkmə ilə ölənlər" ekran əsəri yerli mövzunu əhatə etsə də, beynəlxalq aləmdə maraq doğurmuşdu. Bu, Şimali Amerika kino sənayesinin bir qələbəsi idi. Başqa ölkələr yerli mövzularını sərhəddən kənara çıxarmağa çalışsalar da, oralarda bu filmlər heç bir maraq kəsb etmirdi. Ancaq Hollivud dediyimiz bu yerli mövzularla öz tarixi və orada çəkilən ulduzlarla dünyaya çıxırdı.

Yerli kinematoqrafiyadan danışarkən Hindistan da yada düşür. Sıx əhalisi olan bu ölkə yerli folklor nümunələri, cəmiyyətdəki savadsızlığı və dillərinin müxtəlifliyi ilə seçilirdi. Bombey, Kəlküttə və Benqala kimi yerlərdə kök salan kino XX əsrin əvvəllərindən böyük sıçrayışa səbəb oldu. Hindistanın kino sənayesi dünyanın ən qabaqcıl kino meydançalarından birinə çevrildi. Ən məşhur filmlərdən Uday Şankarın "Baxış", S.S.Vasanın "Çandralekha", Raç Kapurun rejissoru olduğu və özünün də çəkildiyi "Avara"nı misal göstərmək olar.

Hindistan 1940-cı illərin sonunda öz müstəqilliyini əldə etdikdən sonra kino sənayesində dəyişikliklər baş verdi. Hindistanlı kino mütəxəssisləri avropalı həmkarları ilə əlaqəyə girərək Hollivudun təyin etdiyi janrları kəşf etməyə başladılar. Bimal Royun "İki hektar torpaq" və "Kəlküttə, qəddar şəhər" əsərləri Hindistandan kənarda da diqqəti cəlb edə bildi. Bu iki film italyan neorealizm üslubunda çəkilmişdi. Ancaq yerli mövzulardan kənara çıxan, qlobal məsələlərə toxunan ilk hindistanlı rejissor Satyaxit Ray oldu. O, bəstəkar, yazıçı, jurnalist və rəssam, bir sözlə, Hindistanın yetişdirdiyi ən yaxşı kino mütəxəssisi idi. S.Ray beynəlxalq miqyasda "Apu trilogiyası: "Pather Panchali", "Məğlubedilməz" və "Apunun dünyası" filmlərinə görə uğura imza atdı. O, dünyanın ən mötəbər kinostudiyalarından cəlbedici təkliflər alsa da, öz yaradıcılığını Hindistana həsr etməyi qərarlaşdırdı. Belə bir istedadlı, orijinal rejissorun timsalında hind filmləri dünya bazarına çıxa bildi.

Bu ərəfədə Meksika kino sənayesində də oxşar mənzərə müşahidə olunurdu. Kino əsasən daxili bazarı təmin etmək üçün çəkilirdi. 1930-cu illərdə öz yolunu müəyyən edən "Clasa", "Azteca" və "Churubusco" studiyaları xaricdə çətin başa düşülən komediya və çarrolar (Meksika əhalisinin ümumi adı) haqqında melodramlar çəkirdi. Raul Andanın "Qara çarro", Fernando de Fuentesin "Orada, böyük rançoda", Xilberto Martinesin "Yatmış gözəl" və ya Çano Uretanın "Günəşin şəfəqləri" filmləri Xorxe Neqrete adlı müğənninin xatirəsinə həsr olunmuşdu. Ancaq çəkilişlərin keyfiyyətinin aşağı olmasına baxmayaraq Kantinflas ləqəbli Mario Moreno kimi maraqlı aktyorlar meydana çıxmışdı. Dolores del Rio və Pedro Armendarisin oynadığı "Mariya Kandelariya" filmi dünyada böyük maraq oyatdı. Meksika sürgün olunmuş ispaniyalı rejissor Luis Bunyueli qəbul etdikdən sonra o, "Qran kazino", "Unudulmuşlar", "Robinzon Kruzun macəraları" və digər filmlərini ərsəyə gətirdi.

L.Bunyuel öz yaradıcılığında sərhəd tanımasa da, onun digər ispan həmkarları Franko rejiminin ispan kinosuna qoyduğu çərçivələrdən kənara çıxa bilmirdilər. Belə bir darıxdırıcı mənzərədən bir müddət sonra işıq ucu görünməyə başlandı. Dövlət Kinematoqrafiya Məktəbi açılanda İspaniyada vəziyyət dəyişdi. Bu məktəb mövcud olan müti kino sənayesinə yeni bir nəfəs verdi, Luis Qarsiya Berlanqa və Xuan Antonio Bardem kimi mütəxəssislərin yetişməsinə səbəb oldu. Onlar ispan cəmiyyətinin kəskin baxışlarını üzə çıxardığına görə fərqləndilər və "Xoş gəldiniz cənab Marşal", "Göz önündə olan bəy", "Cümə axşamları", "Möcüzə" filmlərini çəkdilər. Ancaq Berlanqa və Bardemin cəhdləri ispan kino ənənələrinə o qədər də təsir etmədi. O vaxtlar İspaniyada Xuan Ordunya tərəfindən "Cinefa" studiyasında çəkilmiş "Dəlisov sevgi" melodramı xüsusi alqışa layiqdir. Diqqəti cəlb edən digər filmlər "Marselino, çörək və şərab", "Sonuncu bənd" əsərləridir.

İspaniyadan fərqli olaraq bir çox Avropa ölkələri qüdrətli Hollivud sənayesinə qarşı özlərinin kino bazarını genişləndirmək uğrunda mübarizə aparırdılar. Böyük Britaniyada kino istehsalı ilə məşğul olan möhtəşəm şirkətlər fəaliyyət göstərirdi. "Rank" studiyalar qrupu Uilyam Şekspirin əsəri əsasında çəkilmiş, Lourens Olivierin rejissorluğu və iştirakı ilə "V Enrike" filminə, həmçinin "Sezar" və Kleopatra" və "Böyük ümidlər" filmlərinin çəkilişlərinə start verdi. "Ealing" studiyası "Pimliko üçün pasport", "Ölümün səkkiz məhkumluğu", "Ölüm beşliyi" kimi komediyalar çəkdi. "Hummer" şirkəti "Doktor Quartermass təcrübəsi" ekran əsərini bitirəndən sonra "Frankeşteynin lənəti", "Drakula" və "Mumiya" filmlərinə yeni nəfəs vermək üçün "Universal" studiyasının müəlliflik hüquqlarını almaq qərarına gəldi.

Böyük Britaniya kimi, Fransa və İtaliya kinematoqrafiyası da bacarıqlı müəlliflərin hesabına beynəlxalq aləmdə uğur qazana bildi. Fransa kimi ölkədə "Qadağan olunmuş oyunlar" filmi ilə Rene Klement, "Madame de..." filmində Maks Ofuls, "Gözəl və vəhşi"ni ecazkar şəkildə yenidən işlədiyinə görə isə Jo Koktu seçildilər. İtaliyada neorealizm arxada qalandan sonra Roberto Rossellininin "General Rovere", Luçino Viskontinin "Rokko və qardaşları" və Mario Moniçellinin "Rufufu" filmləri çəkildi. Federiko Fellini "La Strada", "Kabiria gecələri" və "Dolçe vita"ya görə italyan kinosunun ən bacarıqlı rejissoru adını aldı.

Skandinaviya ölkələrinin kinosu da 1940-1950-ci illərdə dünyaya çıxış qazandı. İşinə görə iki kinoşünas - danimarkalı Karl Teodor və isveçli İnqmar Berqman bütpərəstliyi təbliğ etdikləri üçün beynəlxalq tənqidə məruz qaldılar. Onlardan birincisi təmkinli rejissor təəssüratı yaratdı. İ.Berqmanın filmləri də asan başa düşülən olmasa belə, tamaşaçı rəğbətini qazana bildi. Onun əsərləri daha çox psixoloji dramlar idi. O, "Monika ilə bir yay axşamı", "Yeddinci möhür", "Cır çiyələk" filmlərinə görə Skandinaviya kinosunu yüksək səviyyəyə qaldırdı.

Skandinaviya kinosu maraqlı formada inkişaf etsə də, Yaponiya kinosu da bu sənayedə yüksələ bildi və hətta qərb tamaşaçılarını öz auditoriyasına cəlb etdi. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın kino sənayesi Birləşmiş Ştatların nəzarətinə keçdi. "Hollywood" modelini özünə nümunə seçən yapon kino sənayesi əsasən beş studiyada formalaşdı. Onlar müharibənin son illərində əsasən yerli mövzuya toxunurdular. Ancaq Akira Kurosavanın gəlişi mənzərəni dəyişdi. A.Kurosava dahi rejissor idi. Onun filmləri özündə ənənəvi Yaponiya və qərb elementlərini cəmləşdirirdi. Onun möhtəşəm "Rashomon" filmi 1951-ci ildə Venesiyada "Qızıl şir"ə layiq görüldükdən sonra bir çox rejissorlar üçün istinad mənbəyinə çevrildi. Onlardan biri Martin Ritt özünün "Dörd etiraf" filmində Raşomonu təqlid etməyə çalışmışdı. A.Kurosava sonrakı tammetrajlı ekran əsərlərində səviyyəni endirmədi: "Yeddi samuray", "Qanın çaları", "Az vəsait"i buna misal göstərmək olar.

Kurosavadan başqa daha bir poetik təbiətli rejissor Kenzi Mizoquçi dövrün böyük şəxsiyyətlərindən sayılır. Onun "O-Harunun həyatı", "Yüngül qadın", "Avqust gecəsində solğun ayın hekayələri", "Rəhbər Sanşo" filmləri auditoriyanın diqqətini cəlb edib. Eyni sözləri "Tokio əhvalatları" ekran əsərinin müəllifi Yasudziro Odzu haqqında da söyləmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.