Maraqlı

Yatdı, səhər isə yuxudan məşhur oyandı - FOTO

9 Dekabr 2019 03:30
4 Şərh     Baxış: 2 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alisa Frendlixin nəslini sürgün olunmaqdan nə xilas edib?

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiyanın xalq artisti Alisa Frendlixin 85 yaşı tamam oldu. O, Tofstonoqov adına teatrda fəaliyyətini davam etdirir, filmlərə çəkilir. Aktrisa bu teatra həyatının 36 ilini həsr edib. Bu səhnədə baş rollarda, epizodik obrazlarda oynayıb. Məsələn, bu ilin aprel ayında "Həyəcan" tamaşasında baş rolda oynayıb. Rejissor İvan Vrıbayev bu rolu məhz Alisa Frendlix üçün yazıb. Süjetə görə, yazıçı olan baş qəhrəman dünyada ünsiyyəti sevməyən insanlardandır və həyatında ilk dəfə olaraq jurnalistə müsahibə verir. Frendlix də öz qəhrəmanına oxşayır, mətbuatla nadir hallarda ünsiyyətdə olur. "Teatrdan, kinodan yorulmayıbsınız ki?" soruşanlara "Mən işləyəcəyəm. Çünki hələ enerjim var. Hələlik qəlbim, vücudum zəifləməyib. Məhz buna görə işləyəcəyəm. Nə qədər ki, bacarıram, o qədər də çalışacağam" cavabını verir. Aktrisanın məşhur bir fikri var: "Mənim yeganə səhvim həyatımın dördə bir hissəsində "Hələ hər şey irəlidədir" fikirləşməyimdir". Ancaq bu fikir onun bütün yaradıcılığına hopub.

Filmlər bizi xalqa sevdirdi
 
- Sizin çəkildiyiniz filmlər uzun illərdir ki, Yeni il axşamlarının bəzəyinə çevrilib. "Qəribə təsadüf", "İşdə məhəbbət macərası"... Özünüzü klassik hesab edirsiniz?

- Klassik deməzdim, amma dəqiq bilirəm ki, bu filmlərə milyonlarla tamaşaçı baxıb və indi də baxır. Filmlər bizi xalqa sevdirdi. Buna görə kinematoqrafiyaya minnətdaram. Yadımdadır, ilk dəfə özümü ekranda görəndə "Necə dəhşətlidir" deyə düşünmüşdüm. Sonradan bildim ki, bu, operatorların işidir. Əgər indi küçəyə çıxıb adamlardan həmin filmləri görüb-görmədiklərini soruşsaq, üzlərindəki təbəssümlə "əlbəttə ki, baxmışıq" deyəcəklər. Mən kinematoqrafiyanın qapılarını açdığıma görə Eldar Ryazanova minnətdaram. O, məni bütün sovet respublikalarında və ölkə sərhədlərindən kənarda tanıtdı.

- Yəqin ki, "İşdə məhəbbət macərası"nı nəzərdə tutursunuz.

- Hə, tamaşaçıların populyar sevgisini 1977-ci ildə - "İşdə məhəbbət macərası" filmindən sonra hiss elədim. Filmin rejissoru Eldar Ryazanov Lyudmila Kulagina roluna dərhal məni təsdiqlədi. Bu rolu gecələr öyrənir, məşq edirdim. Ancaq bu əsər buna dəyərdi: film ekranlara çıxandan sonra belə deyim, yatdım, səhər isə yuxudan məşhur oyandım. Bu filmdə ifa etdiyim iki mahnı - "Təbiətin pis havası yoxdur" və "Qəlbimin sakitliyi yox" mahnıları da dillər əzbərinə çevrildi. Mən özüm bu filmin qəhrəmanı üçün uyğun olan kostyum tapdım. O dövrün işgüzar qadınlarının geyiminin eynisini yaratdım. Çox uğurlu alındı. O filmdə insanları daha çox riqqətə gətirən sərt təbiətli qadın rəhbərin sevgisi, həssas qəlbidir. Ancaq əlavə edim ki, o filmlər təkcə, Yeni il axşamlarının deyil, bütün bayram axşamlarının bəzəyidir. Onlara "təqvimdə qırmızı gün" də deyirlər. 

- Aktrisalıq uşaqlıq meyliniz olub? Müharibə vaxtı bu haradan yadınıza düşmüşdü?

- Anam Kseniya Fyodorovna gəncliyini Pskovda yaşayıb və sonradan Leninqrada köçüb. O, Gənclər Teatrında kurslara yazılıb. Anam burada alman mənşəli aktyor Bruno Freindlix ilə görüşür, sonradan evlənirlər. Uşaqlığım blokada illərinə düşüb. Müharibə başlamazdan əvvəl atam Daşkənddəki qastrol teatrını tərk etdi. Atamla anam ayrılmaq qərarına gəldilər. Mən anam və nənəmlə qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi bizə qrafiklə verirdi. Mənim 7, qardaşımın 5 yaşı vardı. Bacımın isə heç bir yaşı da yox idi. Biz kiçik çörək tikələrini və digər yeməkləri almağı həsrətlə gözləyirdik. Nənəm öz nizamını heç pozmurdu. Biz sonradan - böyüyəndə bunu nənəmizin şücaəti adlandırırdıq. Biz şaxtada çölə çıxır, qarı vedrəyə doldurub sobanın üzərinə qoyurduq. Nənəm həmin su ilə təmizlik işləri görür, bizi də çimizdirirdi. O zaman üçün mümkünsüz görünsə belə, nənəm bütün sanitar normalara riayət edirdi. Biz kommunal mənzildə yaşayırdıq. O zaman adamlar bacardıqları qədər bir-birilərinə kömək edirdilər. Nənəm milliyyətcə alman idi. Onun ailəsi hələ Yekaterina zamanından Rusiyada məskunlaşmışdı. Orada Peterburq yaxınlığında şüşə-mərmər zavodu açmış və alman mütəxəssislər dəvət etmişdilər. Ulu babam Şimali Almaniyadan gələrək orada çalışırdı. Milliyyətcə alman olsalar da, anamın təkidi ilə sənədlərdə rus kimi qeyd olunduq. Ona görə də, nəslimiz gələcəkdə alman kimi sürgün olunmaq təhlükəsindən qurtuldu. 1943-cü ildə, blokada ləğv olunandan sonra məktəbə getməyə başladım. Yadımdadır ki, biz balacalar böyüklərə kömək etmək istəyirdik. Evlərə gedir, xəstə, köməksiz insanları tapır, odun doğramağa kömək edir və ehtiyacı olanlar üçün aparırdıq. Hospitallarda yaralılar üçün konsertlər təşkil edirdik. Məktəbin birinci ilində bombardmandan qorunmaq üçün sığınacaqlarda məşğul olurduq. O zaman Leninqradı insanların birliyi və inam xilas etdi. Özündə inamı qoruyan insanlar qələbəyə də inanırdılar. Biz Leninqradın düşmənə təslim olunması haqqında qətiyyən düşünmürdük. Bax, bu inam Leninqradı xilas etdi. Bu gün bəziləri "Artıq qurbanlardan qaçmaq üçün Leninqradı təslim etmək lazım idimi" sualını verirlər. Məncə, bunu düşünmək ağılsızlıqdır. Bizim belə bir sual verməyə haqqımız varmı? Əgər Leninqrad təslim olsaydı, almanlar o zaman heç kimə rəhm etməzdilər. Gələcək üçün o qurbanları vermək lazım idi. Fikirləşirəm ki, məni blokadada anama, nənəm və başqa yaxınlarıma olan sevginin enerjisi xilas etdi. Sevgi və xeyirxahlığın enerjisi əvəzolunmazdır. 3 yaşım olanda xalamla ərinin konservatoriyanı bitirmələrinin təqdimatını izlədim. Bu hadisə mənə çox təsir etdi və 3 gün dalbadal mahnılar oxudum. O vaxtdan da anamın paltarlarını geyinərək teatrda oynamağa başladım.
 
- İndi kinoda nə baş verir, izləyirsinizmi?

- Mən kinoteatrlarda yaxşı filmin nümayiş olunduğunu eşidəndə, buna görə vaxt itirməyimə peşman olmuram. Dərhal "Avrora" kinoteatrına gedib filmi izləyirəm. Bəzən televiziyada yaxşı insanların əks-sədası, dualarını əks etdirən filmlər olanda izləyirəm. Əlbəttə, serialları izləməyə vaxtım olmur. Bunun üçün gərək hər gecə televizorun qarşısında oturasan. İşlərimin çoxluğuna görə buna zamanım yoxdur. 

- Sizin nəslinizin aktyorları sovet kinosunun həsrətini çəkir. Deyirlər ki, müasir kinematoqrafiya keyfiyyəti və mənəviyyatı itirib. Onların fikri ilə razısınız?

- Təəssüf ki, müasir film və serialların hamısı kriminaldan bəhs edir. Bəlkə də bu ona görə baş verir ki, indi kriminal çoxsaylı teleproqramların mövzusudur və bundan ssenari yazmaq çox da çətin deyil. Qəzet və jurnalların da kriminal səhifələri var, bundan da süjet xəttini yaratmaq olur. Müxtəlif cinayətlərdən bəhs edən bu filmləri o qədər həvəslə çəkirlər ki, əsl həqiqətlərin - dostluğun, sevginin, xeyirxahlığın, dürüstlüyün, pisliyin necəliyini unudurlar. Sadə həqiqətlər insanların diqqətindən kənarda qalır. Sovet filmlərinə gəlincə, onun ən gözəl nümunələri zamanla yığılıb. O vaxt nə qədər filmin çəkildiyini düşünmək belə ağlasığmazdır. O filmlərin çoxu klassika olmuşdu. Biz indi o filmlərə baxır və qarşısında baş əyirik. 

- Yaxınlarda sizin doğum evində nəvənizlə çəkdirdiyiniz şəkilləriniz yayıldı...

- Hə, nəvəm dünyaya gəldi. Buna görə çox xoşbəxtəm. Ona çoxlu oyuncaqlar almışam. Bizim uşaqlar təəssüf ki, oyuncaqları o qədər sevmirlər. İndi onların başqa meylləri yaranır. Yadımdadır ki, mənim ilk kuklam köhnə corablardan toxunmuşdu. Mən onun gözünün və dodaqlarının rəsmini çəkmişdim. Bu, mənim üçün böyük xoşbəxtlik idi. Mən bu kuklanı o qədər sevirdim ki... Qızımın divanda oturmuş vəziyyətdə şəkilləri var. Hətta ətrafındakı kuklalara görə üzü görünmür. Həyat elə gətirdi ki, o, kifayət qədər gec dünyaya gəldi və mənim bütün dostlarım və qohumlarım onu yalnız oyuncaqlarla sevindirdilər. Bilmirəm, uşaq belə vəziyyətdə həmin oyuncaqları nə qədər dəyərləndirə bilir. Ancaq bunun ona sevinc bəxş etdiyini görmək lazımdır. Mən o sevinci indi nəvəmin üzündə axtarıram.

- Siz ən çox nədən şikayətlənirsiniz - olanlardan, yoxsa olmayanlardan?

- Bunun üçün uzun həyat yoluna nəzər salmaq, nələrisə xatırlamaq lazımdır. O şeylərə təəssüflənirsən ki, olmayıb, həyata keçməyib, ya zaman çatmayıb, ya mümkün olmayıb. Əgər mən nəsə xoşagəlməyən bir iş etsəydim, ona təəssüflənərdim. Ancaq elə bilirəm ki, gördüyüm işlərdən də, həyatımdan da razıyam. Bilirsinizmi, indi dünya çox dəyişib. Daim xeyirlə şərin mübarizəsi baş verir. Hətta mənə elə gəlir ki, daha çox qüvvələr şərin tərəfindədir. Sabahkı günlərə, övladlarının və özünü gələcəyinə inamsızlıq var. Adamlar sabah xırda şeylərin olmasından qorxmurlar, sadəcə normal yaşaya bilməyəcəyi hisslərdən qorxurlar. 

- Sizcə, qadını xarakterizə edən əsas xüsusiyyət hansıdır?

- Analıq... Bu tale, Tanrı və təbiət tərəfindən verilir. 

- İncəsənət, yoxsa həyat daha vacibdir?

- Mənim üçün? İncəsənət. Çünki həyat incəsənətsiz darıxdırıcı olardı. Həyat uçub gedir... qalan incəsənətdir. Hərdən oturub fikirləşəndə zamanın necə keçdiyini bilmirəm. İllər çox sürətlə keçdi. Mən çoxdandır ki, Peterburqda Rubinşteyn küçəsində, eyni evdə yaşayıram. Düz 40 ildir. Böyük bir nəsil gedib. Onların övladları artıq yaşlanıblar. Mən bütün bunlara görə heyrətlənirəm. 

- Sizin seçiminiz: sevgi yoxsa əylənmək?

- Sevərək əylənmək...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.