Maraqlı

Kia K5 Cənubi Koreyada debüt edib - FOTO

14 Dekabr 2019 23:01
0 Şərh     Baxış: 1 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər bazarlarda Kia Optima kimi tanınan, vətənində isə K5 adı ilə satılan sedanın yeni nəsli üzərindəki sirr pərdəsi tamamilə götürülüb. Artıq, koreya dilerləri yeni sedana sifarişləri qəbul etməyə başlayıblar. Yeni Kia K5 modelinin satışlarına gələn ilin yanvar ayında başlanmalıdır. Bəs yeni Kia Optima nə ilə seçilir?

İlk növbədə dizaynı ilə. Yeni modelin təbliğatına şirkətin baş stilisti Kərim Həbib cəlb edilsə də, o, şirkətdə üç aydır ki çalışır və Optima modelinin yaradılmasında heç bir xidməti olmayıb. Bununla belə, onun hazırda başçılıq etdiyi dizaynerlər komandası əla işləyib. Faktiki olaraq, qarşımızda duran fastbək kuzovlu avtomobildir - yəni liftbekə bənzəyən sedan.

Milli.Az autograph.az-a istinadən bildirir ki, gündüz hərəkət işıqlarının effektiv formaları və baqaj qapağı boyu uzanan arxa fənərlər bloku  ilə yanaşı, Kia Optima ön hissənin başqa formalı tərtibatına və daha iti siluetə sahib olub. Diqqət yetirsəniz eskizlərdə gördüyümüz arxa "qəlsəmələr" də qorunub-saxlanıbdır. Bununla belə, avtomobilin siluetindəki xrom elementlər sedan kuzovunu liftbeklərə məxsus olan dinamiklik ilə təmin edir. Xrom haşiyəni nəinki yan pəncərələr, həmçinin arxa şüşə də əldə edib. Yeri gəlmişkən, daha bir yenilik çərçivəsiz qapılardır. Bundan başqa, sedan 16-19 düym arasında olan müxtəlif rəng tərtibatına malik olan təkər diskləri ilə təchiz edilir.

Kia Optima modelinin yeni nəsli sələfinə görə daha böyük olub. Seanın uzunluğu 50 mm, eni isə 25 mm artıb. Avtomobilin hündürlüyü isə əksinə 2 mm azalıb. Təkər bazasının uzunluğu da 45 mm artıb. Beləliklə, Kia K5/Optima modelinin qabarit uzunluğu 4905 mm, eni - 1860 mm, hündürlüyü - 1483 mm, təkər bazasının uzunluğu isə 2850 mm təşkil edir.

Yeni Optima modelinin salonu rəqəmsal eraya daxil olub: burada iki böyük ekranı, iqlim sisteminin sensorlu blokunu və "avtomatın" ənənəvi selektorunu əvəz etmiş şaybanı görmək olar. Bahalı versiyalar 12,3-düymlük virtual cihazlar paneli ilə təchiz ediləcəkdirlər. Sadə versiyalar isə analoq cihazlar panelinə və 4,2-düymlük ekrana sahib olacaqdırlar. 10,25-düymlük taçskrinə malik olan multimedia sistemi səslə idarələnmə sisteminə malikdir. Eyni zamanda, bu funksiya  iqlim sisteminə və mümkün olan qızrıma funksiyalarına da şamil olunur.

Opsiyalar siyahısına Krell audiosistemi, quraşdırılmış videoregistrator, həmçinin avtomobilin smartfondan açılması və mühərrikin işə salınması funksiyası daxil edilib. Bu sistemdən NFC texnologiyalı Android platformasında olan qurğuların sahibləri istifadə edə bilərlər."Rəqəmsal açarın" fəaliyyət radiusu bir neçə santimetr təşkil etdiyinə görə onun surətini çıxarmaq o qədər də asan deyil.

Kia K5 doqquz təhlükəsizlik yastığına və yaxşılaşdırılmış səs izolyasiyasına malikdir. Bundan başqa, avtomatik əyləcləmə sistemi və zolaqda saxlama funksiyası da nəzərdə tutulubdur. Eyni zamanda, sedanı məsafədən parkinqə qoymaq da mümkündür - bunun üçün smartfondakı akseleratordan istifadə etmək gərək olacaqdır. Lakin, avtomobili əvvəlcədən düzgün istiqamətləndirmək tələb olunur - sistem sükanı idarə etmir.

K5 modelinin mühərrik çeşidinə dörd güc aqreqatı daxildir. SmartStream ailəsindən olan 2,0-litrlik atmosfer mühərriki 160 at qüvvəsi təklif edir. Eyni mühərrikin qazla işləyən modifikasiyası 146 at qüvvəsinə malikdir. Hər iki mühərrik 6-pilləli "avtomat" ilə təchiz edilir.

Birbaşa çiləmə və turbokompressorla təchiz edilmiş 1.6 T-GDi mühərrik 180 at qüvvəsi hasil edir. Yeni turbomotor səkkiz pilləli avtomatik qutu ilə tandemdə çalışır. Hibrid Kia K5 modeli 2,0-litrlik benzin mühərriki və elektromotordan ibarət olan hibrid güc qurğusu ilə təchiz edilir. Altıpilləli hibrid ötürmələr qutusu ilə tandemdə çalışan güc aqreqatı 195 at qüvvəsi hasil edir. Hibrid sedan damın sahəsini tutan günəş batareyası ilə də təchiz edilir. Qarışıq rejimdə hibrid qurğu 100 kilometrə beş litr yanacaq sərf edir.

Cənubi Koreyada Kia K5 modelinin qazla çalışan modifikasiyası 17800 dollardan başlayan qiymətlərlə satılacaqdır.Benzin versiya - 20000, hibrid isə 23400 dollardan başlayan qiymətlərlə təklif ediləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.