Maraqlı

Madonna, Eminem, Şakira... - "Ginnesin rekordlar kitabı"na düşən 14 məşhur

8 Noyabr 2019 08:12
0 Şərh     Baxış: 3 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qayda olaraq, aktyor və musiqiçilər "Ginnesin rekordlar kitabı"na özlərindən asılı olmayan səbəblər nəticəsində (ən böyük qonorar almaqla, ən çox albom satmaqla) düşürlər. Lakin bəzi ulduzlar buna sənətlərinə uyğun olmayan işlərlə də nail ola bilir. Məsələn, ən böyük kokteyl hazırlamaq və ya hamıdan bərk qışqırmaqla...

Milli.Az qafqazinfo-ya istinadən müxtəlif nailiyyətlərinə görə "Ginnesin rekordlar kitabı"na düşən məşhurları təqdim edir:

Dueyn Conson

Tanınmış aktyor məşhur rekordlar kitabına düz 3 dəfə düşüb. Belə ki, birinci dəfə onun adı bu kitaba 2007-ci ildə daxil edilib. Buna səbəb aktyorun ilk baş roluna görə ən yüksək qonorar alması olub. Xatırladaq ki, "Metayas" obrazına görə Conson 5,5 milyon dollar alıb.  

2015-ci ildə Dueyn Conson növbəti dəfə rekorda imza atıb. O, Londonda "San-Andreasın dağılması" filminin premyerasında öz "iPhone"u vasitəsilə 3 dəqiqə ərzində fanatları ilə 105 selfi çəkdirib. Bununla belə, rekorda imza atmaq üçün bütün alınan şəkillərin bulanıq olmaması tələb olunurdu. O, bunun öhdəsindən müvəffəqiyyətlə gəlib.

Bir də 2 ildən sonra aktyor növbəti dəfə rekordçu olub. O, 245 kiloqrama yaxın dip sousu hazırlayıb. Sous Los-Ancelesdə evsizlərə yemək paylayan qeyri-kommersiya təşkilatına bağışlanıb.

Ben Stiller

2016-cı ildə rol aldğı filmin Londonda baş tutan premyerasında aktyor Ben Stiller dünyanın ən uzun selfi çubuğu ilə (8,56 metr) şəkil çəkdirib. "Ginnesin rekordlar kitabı"nın tədbirdə iştirak edən nümayəndəsi Ben Stillerə nailiyyətini təsdiqləyən sertifikat göndərib.

Farrell Uilyams

2013-cü ilin payızında amerikalı müğənni Farrell Uilyams musiqi tarixinin ən uzun klipini çəkdirib. "Happy" mahnısının klipinin davamlılıq müddəti 24 saata bərabər olub. Bu müddət ərzində 4 dəqiqəlik "Happy" treki 360 dəfə təkrarlanır. Onun sədaları altında ən fərqli insanlar, eləcə də məşhurlar rəqs edir. Klipin tam versiyasını izləmək üçün xüsusi 24hoursofhappy.com saytı yaradılmışdı. Hazırda sayt aktiv deyil, amma Yutubda rekorda imza atan videoklipin ilk 4 dəqiqəsini izləmək olar.

Eminem

Daha çox Eminem təxəllüsü altında tanınan Marşall Brüs Meters "Rap God" mahnısını sayəsində 2013-cü ildə "Ginnesin rekordlar kitabı"na düşüb. 6 dəqiqə davam edən trekdə reper 1560 söz oxuyub. Bəndlərin birində isə Eminem 15 saniyə ərzində 97 söz deyib.

Snup Doq

2018-ci ildə amerikalı reper Snup Doq dünyada ən böyük kokteyl porsiyası hazırlayıb. Bununla da musiqiçi adını məşhur rekordlar kitabının səhifələrinə həkk etdirib. "Paradise" kokteylinin hazırlanması üçün 315 litr cin, 156 litr qaysılı brendi və təxminən 106 litr portağal şirəsi tələb olunub. 

Castin Biber

Kanadalı müğənni Castin Biberin adı "Ginnesin rekordlar kitabı"na düz 14 dəfə düşüb. Maraqlıdır ki, "Spotify-də həftənin ən məşhur treki", "Yutub-da ən çox baxılan kanal" kimi mükafatlarla yanaşı, Castin Biberə bu günlərədək özünəməxsus antirekord da məxsus idi. Belə ki, onun "Baby" mahnısına çəkdirdiyi klipi 11 milyon istifadəçi tərəfindən bəyənilməyib. Düzdür, rekord bu yaxınlarda rəsmi Yutub kanalı tərəfindən yenilənib. Onların yerləşdirdiyi video 16 milyon istifadəçi tərəfindən bəyənilməyib. 

Vin Dizel

2013-cü ilin noyabrında vəfat edən həmkarı və yaxın dostu Pol Uokerin vəfatı ilə bağlı status yazan "Forsaj" filminin ulduzu Vin Dizel rekorda imza atıb. Onun təsirli mətni 8 milyondan çox bəyənmə toplayaraq, Feysbukda ən məşhur paylaşım olub.

Ceki Çan

Döyüş-komediya filmlərinin məşhur qəhrəmanı Ceki Çan 2012-ci ildən rəsmi şəkildə ən çox fənd yerinə yetirən aktyor sayılır.

Robert Dauni

Tanınmış aktyor "Ginnesin rekordlar kitabı"na 2013-cü ildə çinli fanatları sayəsində düşüb. Doğum günündə ilk dəfə Çinə ayaq basan aktyora 5339 sevəni tərəfindən imzalanmış açıqça göndərilib. Onların arasında Çin ulduzları Xuan Syaomin və Van Süetsi də olub.

Madonna

Madonna məşhur toplunun səhifələrinə dəfələrlə düşüb. Bütün rekordlar arasında ən diqqətçəkənləri bunlardır:

"Evita" müziklində (1996-cı il) müğənninin ifa etdiyi baş qəhrəman kadrda 85 fərqli libas dəyişərək rekorda imza atıb. Libaslarla yanaşı, aktrisanın 42 dəfə saç düzümü, 56 dəfə sırğaları, 39 dəfə papağı dəyişib.

2014-cü ildə "Fool's Paradise Drag" partisində müğənninin 440 fanatı Madonna kimi geyinib.

Ozzi Osborn

2010-cu il iyunun 12-də Kaliforniyada beysbol matçlarının birində britaniyalı rok ifaçısı Ozzi Osborn azarkeşləri "Scream" sözünü bacardıqları qədər ucadan və çox qışqırmağa çağırıb. Fanatlar onun bu xahişini uğurla yerinə yetirərək dünya rekorduna imza atıblar.

Şakira

Məşhur kolumbiyalı müğənni Şakira dəfələrlə "Ginnesin rekordlar kitabı"na düşən ulduzlardandır. İfaçı buna ən çox satılan ispandilli albom və bütün dövrlərin ən çox satılan ispandilli sınqla sahib olması ilə nail olub. Bundan əlavə, onun Feysbuk səhifəsi dünyada ilk dəfə 100 milyon bəyənmə toplayıb.  

Hyu Lori

"Doktor Haus" serialının ulduzu ən çox qonorar alan televiziya aktyoru kimi "Ginnesin rekordlar kitabı"na düşüb. O çəkildiyi bir seriyaya görə təxminən 700 min dollar pul alırmış.

Abhişek Baççan

2009-cu ildə hindistanlı aktyor və prodüser Abhişek Baççan "Dehli-6" filminin tanıtımı məqsədilə 12 saat ərzində 7 şəhərdə olub. O, hər şəhərdə qırmızı xalçaya çıxmağı, tamaşaçılar qarşısında çıxış etməyi, fanatları ilə ünsiyyət qurmağı və avtoqraf paylamağı da çatdırıb. Qeyd edək ki, bu 12 saat ərzində Baççan 1,8 min kilometr yol qət edib (avtomobil və şəxsi təyarəsində).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.