Maraqlı

Dubayda maraqlı muzey açılacaq - FOTO

20 Oktyabr 2019 07:11
0 Şərh     Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubayın ən gözəl və mənzərəli yerində - ətrafında "Emirates Towers"in yerləşdiyi Şeyx Zayed magistral yolunun kənarında dünyanın ultramüasir və yüksək texnologiyalar muzeyinin binası ucalır. "Gələcəyin muzeyi" adlanan bu obyekt cari ilin sonunda istifadəyə veriləcək və "Dubai Expo 2020" sərgisinin mərkəzinə çevriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, muzey binasının tikintisində indiyədək dünyada istifadə olunmuş ən mürəkkəb konstruksiyalar tətbiq olunub. Onun özəlliyi ondan ibarətdir ki, burada tarixi artefaktlar yox, bəşər tarixində ən inqilabi və innovativ ixtiralar nümayiş etdiriləcək. "Gələcəyin muzeyi"nin layihəsi Birləşmiş Ərəb Əmirliklərinin "Killa Design" şirkəti tərəfindən 2015-ci ildə hazırlanıb və inauqurasiyası Dubay əmiri Şeyx Məhəmməd Rəşid Əl Məktumun iştirakı ilə keçirilib. Binanın fasadı paslanmaz polad və şüşə konstruksiyalardan ibarətdir. Pəncərələr isə aviasiya sənayesi texnologiyalarından istifadə etməklə hazırlanıb. Memarlar bildiriblər ki, muzeyin dizaynı Fen-şuy fəlsəfəsini - Yerin və səmanın vəhdətini əks etdirir. Fasadın səthi ərəb kalliqrafiyası ilə bəzədilib.

Dubay rəsmiləri bildirirlər ki, "Gələcəyin muzeyi" bu şəhəri innovasiyalar və yüksək texnologiyalar habına çevirəcək. Burada texnologiyanın səhiyyə, iqlim dəyişməsi və ərzaq təhlükəsizliyində rolu barədə eksponatlar nümayiş etdiriləcək. Bundan başqa, muzeydə kosmik nailiyyətlər, informasiya texnologiyaları, "ağıllı şəhərlər", süni intellekt barədə stendlər də olacaq.

"Killa Design" şirkətinin sahibi Şon Killa bildirib ki, onun arxitektorları dünyada ən iddialı layihəni təqdim ediblər. Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq pəncərələrin birləşməsi ilə izolyasiya və hidroizolyasiya vahid bir sistem halında inşa edilib. "Biz yeni texnika və innovasiyalar yaratmağa çalışmışıq, inşaat sektorunda dayanıqlı texnologiyaların tətbiqi ilə gələcəyə cığır açmışıq", -deyə Killa əlavə edib.

Dubay hakimiyyəti isə bildirib ki, muzeyin istifadəyə verilməsi innovasiya texnologiyaları habına çevrilməklə yanaşı, bu şəhərin turizm strategiyasına da böyük töhfə olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.