Maraqlı

Ucuz rus qazınin əsl qiyməti nədir?

19 Oktyabr 2019 19:20
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qərbdə rus qazının real alış qiməti və etika haqqında düşünənlərin sayı çox azdır. Rusiya ilə Almaniyanı birləşdirən "Şimal axını - 2" layihəsi ucuz rus qazına görə əslində kimin bədəl ödədiyini göstərir", - Fransanın "La Tribune" qəzeti yazır.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, məqalə müəllifi, Moskva-Sankt-Peterburq avtomagistralının tikinti yolunda yerləşən Ximkinsk meşəsinin saxlanılması uğrunda apardığı mübarizəyə görə 2012-ci ildə Qoldman mükafatına layiq görülən rusiyalı ekologiya fəalı Yevgeniya Çirikova (Evguenia Tchirikova) qeyd edir ki, Yamal yarımadasında neft və qaz yataqlarının kəşfi gözlənildiyi kimi regionun inkişafına deyil, vəziyyətin daha da pisləşməsinə səbəb olub: "Daha çox qaz hasil etməyə çalışan "Qazprom" Yamal yarımadasının yerli xalqlarına məxsus torpaqları ələ keçirməyə davam edir. Nəticədə yerli əhalinin maralları otarmaq üçün otlaq yerləri qalmır. XVI əsrdən bu yana onlar üçün çox az şey dəyişib: o vaxt imperiya onların əlindən xəzi alıb, Qərbdə satırdı. İndi də imperiya onlardan neft və qazı alıb, Qərbə satır. Yanacaq satışından gələn gəlir Yamalda qalmır, Moskvaya göndərilir".

"Yarımadanın ciddi iqlim problemlərindən biri qazın məşəldə yandırılmasıdır. Bu, vəhşilik və israfçılıqdır. Metod təkmilləşdirilmədiyi üçün qaz sadəcə yandırılır və tullantılar atmosferə atılır. Bu da parnik qazlarının həcmini artırır. Dünya Bankının hesablamalarına görə, Rusiya qaz məşəllərindən tullantı istehsalına görə dünya lideridir. Ötən il bu göstərici üzrə tullantıların 21,3%-i Rusiyanın payına düşüb", - məqalədə deyilir.

"(...) "Karbon Hesabatlılıq Layihəsi" (Carbon Disclosure Project - CDP) müstəqil, qeyri-kommersiya təşkilatının apardığı araşdırmalara əsasən, Yer üzündə istixana qazlarının istehsal həcminə görə "Qazprom" ikinci yerdə gəlir", - fəal qeyd edir.

Çirikova xatırladır ki, "Şimal axını - 2" kəmərinin tikintisi yerli fin-uqor xalqlarının hüquqları pozulub: "Boru kəməri yerli fin-uqor torpaqlarını və bitkilərin, yosunların və nadir quş növlərinin yaşadığı Kurqal müvəqqəti qoruğunu məhv edir".

"(...) "Şimal axını - 2" rusların hüquqlarını pozur. Rus qazı Qərbə satıldıqdan sonra məlum olur ki, daxili tələbatı təmin etmək üçün resurs kifayət etmir. Qazlaşdırma proqramı məhdudlaşdırılıb: ölkə əhalisinin 30%-i qazsız evlərdə yaşayır", - məqalədə deyilir.

"Rusiya rəhbərliyi daxili enerji təchizatı problemini ətraf mühitə ən zərərli metodla həll edir: qaz əvəzinə kömürdən istifadə edilir. Müasir filtrlərlə təchiz edilməyən kömür stansiyalarının istismarı real ekoloji fəlakətlərə səbəb olur. Məsələn, Kranoyarskda insanlar tez-tez incə kömür tozunun səbəb olduğu "qara səma" effektinə şahid olurlar", - Çirikova iddia edir.

"... Yanacaq satışından gələn mədaxil hesabına Putin rejimi arxaik siyasi iddialarına nail ola, siyasi represiyyalar həyata keçirə, qonşu ölkələrin ərazilərini işğal edə, qərb siyasətçilərini satın ala və təbliğat apara bilir. Söyləməyə ehtiyac yoxdur ki, rus qazına tələbat olmasa, Putinin planı işləməyəcək", - məqalə müəllifi yazır.

"Avropalılar belə bir reallığa, "ucuz" rus qazına görə belə bir bədəl ödəməyə razıdırlarmı?"- fəal sonda soruşur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.