Maraqlı

Almaniyada avtomobil sənayesi misli görünməmiş tənəzzül dövrü yaşayır

2 Oktyabr 2019 21:06
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

On il bum dövrü yaşamış Almaniya avtomobil sənayesində nəzərəçarpacaq tənəzzül dövrü başlanır. Bu sahəyə aidiyyəti olan hər kəsi ehtiyatlandıran odur ki, tənəzzül prosesi çox uzunmüddətli ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə almaniyalı avtomobilqayıranların sənaye ittifaqının saytında bu təşkilatın analitik xidməti tərəfindən yerləşdirilmiş hesabatı təhlil edərək məhz bu nəticəyə gəlmək olar. Almaniya avtomobil sənayesi üçün rahat qazanc dövrü geridə qalıb. Qarşıda çətin dövr gözləyir. Məsələn, dünyaşöhrətli "BMW", "Daimler", "Volkswagen" şirkətləri, onların törəmə müəssisələri olan "Audi" və "Porsche", habelə Almaniyanın xarici mülkiyyətdə olan "Ford" və "Opel" zavodları heç də yaxşı dövrdə yaşamadıqlarını etiraf ediblər.

Qlobal avtomobil sənayesində artımın ləngiməsi xüsusilə nəzərə çarpır. Məsələn, yuxarıda qeyd etdiyimiz hesabatda göstərilir ki, cari ilin birinci yarısında dünyada avtomobil istehsalı təqribən 6 faiz azalıb. Ən böyük avtomobil bazarı olan Çində isə istehsalın azalması təqribən 13 faizə bərabər olub.

dpa agentliyinin bu yaxınlarda yaydığı məlumata görə, "Daimler" konserni avtomobil sənayesi sahəsini şoka salan bir xəbər yayıb: "Bu ilin ikinci rübündə konsern nəinki mənfəət əldə etməyib, hətta 1,6 milyard avro ziyana düşüb. Konsern xəbərdarlıq edib ki, 2019-cu ilin yekunları keçənilki göstəricilərlə müqayisədə xeyli aşağı olacaq. Bu, artıq həyəcan siqnalı deməkdir.

Almaniya mətbuatında bu mövzuda yazılanların monitorinqinə əsasən belə qənaətə gəlmək olar ki, vəziyyətdən çıxış variantlarından biri avtokonsernlərin qovuşması və birinin digərini "udması" yolu ilə möhkəmlənməkdir. Məsələn, "Volkswagen" və "Ford" bu yolu seçiblər. Bu ilin ortalarında "Fiat Chrysler" İtaliya-Amerika konserni eyni hərəkət etməyə cəhd göstərərək Fransanın "Renault" şirkətinə bərabər şərtlər əsasında birləşməyi təklif etmişdi, lakin o vaxt bu sövdə baş tutmadı. Səbəbi də bildirilmədi. Başqa bir variant şirkətlərin müstəqilliyini saxlamaq şərti ilə strateji ittifaqlar yaratmaqdır. Lakin bu, tərəflərin necə razılaşmasından asılı məsələdir.

Hər halda trend aşkardır - Almaniya avtomobil sənayesində nəzərəçarpacaq tənəzzül dövrü yaranıb. Bu dövrün nə qədər davam edəcəyi məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.