Maraqlı

Çəkidə aldadanları Allah necə cəzalandırdı?

20 Avqust 2019 21:55
0 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Və həqiqətən "Əykə"nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi". ("Hicr" 78).

"Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi. Onların hamısı Bizim peyğəmbərlərimizi təkzib etdilər. Beləliklə (onlar barəsində) Mənim cəzam gerçəkləşdi". ("Sad" 13-14).

Əykənin mənası nədir?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Əykə" - "ağac" mənasındadır. Qurani-Kərim Əykə əhalisini Şuəyb peyğəmbərin ümməti adlandırmışdır. ""Əykə" camaatı da Allahın bütün peyğəmbərlərini təkzib etdi. O zaman Şüeyb onlara dedi: "(küfr və şirkinizdən) çəkinmirsinizmi?!". "Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm". ("Şuəra" 176-178).

Onları ona görə Əykə adlandırmışdılar ki, çoxlu meyvə ağacının olduğu diyarda yaşayırdılar və ya ağaca pərəstiş edirdilər. (Tebyan)

Bu qövmün ən böyük günahı o idi ki, insanları çəkidə aldadırdılar. Şuəyb onları düzgün çəkiyə dəvət edir və bu işin fəsad və günah olduğunu onlara xəbərdarlıq edirdi. "(Alış-veriş zamanı) tərəzi qabını dolu verin (ölçüdə düz olun). Ziyan vuranlardan olmayın". "Düzgün tərəzi ilə çəkin". "İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin". ("Şuəra" 181-183).

Lakin Əykə əhalisi onu cadugər adlandırıb, dəvətini qəbul etmədilər. Onu məsxərə və istehza etdilər. Nəhayət, Şuəyb onları Allaha tapşırdı. Onlara əzab nazil oldu və Quran bu günü böyük gün kimi təsvir etmişdir. "Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi". ("Şuəra" 189).

Hədislərimiz buyurur ki, Əykə camaatı Şuəybi (ə) inkar edəndən sonra Allah onlara yeddi gün gecə və gündüz istilik nazil etdi. Küləyi sakitləşdirdi. Nəfəs almaq onlar üçün çətinləşdi. Evlərinə qaçdılar və özlərini su ilə sərinlətməyə çalışdılar. Ancaq fayda vermədi. Yeddi gündən sonra Allah onlara tərəf bulud göndərdi və Əykə əhalisi onun kölgəsinə toplaşdılar. Anidən ondan atəşli yağış yağmağa başladı və onların hamısını məhv etdi.

Şuəyb o peyğəmbərlərdən idi ki, iki qövmü hidayət etmək üçün vəzifələnmişdi. İlk olaraq öz qövmü Mədaini hidayət etməyə çalışır, ancaq onlar peyğəmbəri (ə) inkar edir və dəvətini qəbul etmirlər. Allah bu qövmü məhv edir. Ondan sonra Şuəyb Əykə əhalisini hidayət etməyə vəzifələndirilir ki, onlar da əvvəlki qövm kimi kafir olur və əzabla məhv olurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.